Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.
Onun sözlərinə görə, imzalanan sənədlər, o cümlədən əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən digər rəsmi razılaşmalar iki qonşu ölkənin bütün istiqamətlər üzrə bir-birinə yaxın olmaq istəyini göstərdi. Azərbaycan Prezidentinin də söylədiyi kimi, “məramımız, məqsədimiz birdir - dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır”.
O bildirib ki, dövlət başçıları, həmçinin üçtərəfli əməkdaşlıq layihələrini, xüsusilə bütün iştirakçıların fayda görəcəyi “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”ni geniş müzakirə ediblər.
“Bakıda aparılan müzakirələrdən sonra bu istiqamətdə də müəyyən intensivlik gözləmək olar. Prezident İlham Əliyev də bəyan etdi ki, Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda imkanların və infrastrukturun genişləndirilməsi prosesi gedir. Belə ki, dəniz limanı, dəmir yolu və avtomobil nəqliyyatı üzrə də böyük sərmayə qoyuluşlu layihələrə start verilib. Bakıda keçirilən biznes-forum isə Azərbaycan və İran arasında iqtisadi əlaqələrin inkişafına zəmin yaradır. Dövlət başçılarının bəyanatından aydın oldu ki, hazırkı göstəricilər qənaətbəxş deyil, burada artan dinamikaya ehtiyac var. İrandan gələn 120 nəfərdən ibarət iş adamının, Bakıda aparılan məsləhətləşmələrin yaxın gələcəkdə real nəticələr verəcəyinə ümidlər çoxdur. Dövlətimizin başçısı, hətta iranlı iş adamlarını Ermənistan işğalından azad olunmuş ərazilərimizə fəallıq göstərməyə dəvət etdi. İran Prezidenti, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bəyan etdi. Bu səfərdə diqqətçəkən məqamlardan biri də Məsud Pezeşkianın Azərbaycan dilində şeir səsləndirməsi olub”, - deyə N.Məmmədova vurğulayıb.
Deputatın sözlərinə görə, bu gün 10-dan çox ölkə ilə sərhədi olan İranın ən etibarlı quru sərhədi Azərbaycanladır: “44 günlük Vətən müharibəsindən sonra cənab Prezidentin Xudafərinə səfər etməsi və bu körpünü “Dostluq körpüsü” adlandırması Azərbaycanın qonşu İrana əsl dost münasibətinin real göstəricisi idi. Rəsmi Bakının münasibəti hər zaman xoşməramlı olub. Ümumilikdə qonşu dövlətlərlə normal münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetidir. Bu gün Türkiyə, Rusiya, Gürcüstanla yüksəksəviyyəli əlaqələr mövcuddur. Həmçinin İranla əlaqələrin möhkəmləndirilməsi və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxması üçün heç bir maneənin olmadığını deyə bilərik”. (AZƏRTAC)