Təbiət ətrafınızda görə biləcəyiniz bütün ekoloji sistemi əhatə edən və bütün canlı və cansız varlıqları əhatə edən elementdir. Təbiət dedikdə ağlımıza ilk gələn görüntülər adətən meşə, dağ silsiləsi və ya ucsuz-bucaqsız çimərlikləri olan dənizlər olur. Təbiət, qismən də olsa, ətraf mühit deməkdir. Bu, dünyamızın son vaxtlar yaşadığı ekoloji problemləri yada salır. Texnologiyanın sürətli inkişafı ilə təbiətin məhv edilməsi arasında xətti nisbət var. Texnologiya inkişaf etdikcə, sosiallaşan insanlar daha çox istehlak etməyə təşviq olunur, bu da təbiətin özünü yeniləyə biləcəyi sürətdən daha tez təbiəti məhv etməyimizə səbəb olur. Məhz bu səbəbdən ekologiyanı çirkləndirməyən enerji mənbələrindən istifadəyə keçid etmək zərurəti yaranır.
Azərbaycan istər beynəlxalq konvensiyalara, istərsə də daxili düzənə uyğun olaraq ətraf mühitin və ekologiyanın qorunması üçün mümkün olan hər bir addımı atır. Çox təəssüf ki, Azərbaycan SSRİ tərkibində olduğu zaman ekologiyamıza ciddi zərər dəyib. Xüsusən Abşeron yarımadasında ətraf mühit nəzərə alınmadan neft istehsalı torpaqların çirklənməsi ilə nəticələnib. Əlavə olaraq isə dənizdə də neft istehsalı Xəzərin ekologiyasının pozulmasına gətirib çıxarıb. Həmçinin SSRİ dövrü neft-kimya fabrik-zavodlarının Sumqayıta daşınması havanın əhəmiyyətli dərəcədə zəhərlənməsinə səbəb olub. 1990-cı ildə Azərbaycan atmosferə ildə 73 milyon ton istilik effekti yaradan qaz tullantıları atırdı. SSRİ iqtisadiyyatı dağılandan sonra tullantıların həcmi 36 milyon tona düşdü. Bundan sonra iqtisadiyyatın dəfələrlə artmasına baxmayaraq, hazırda tullantıların miqdarı 1990-cı baza ilinin təxminən 65.7%-ni təşkil edir. Müstəqilliyimizi qazandıqdan sonra Azərbaycan ətraf mühitin və ekologiyanın mühafizə olunmasında uğurlu addımlar atıb. Balaxanıda tullantıların təmizlənməsi üçün tikilən zavod, Böyükşor gölünün ətrafına yaşıllıq salınması və s. dövlətimizin ətraf mühitin qorunması üçün gördüyü işlərdir. Bundan başqa, Azərbaycan nadir ölkələrdən biridir ki, meşələrin azalması tendensiyasını dayandıra bilmiş və müəyyən artımı təmin etmişdir. Meşə ilə örtülü ərazilərin miqyasının artırılması istiqamətində aparılmış intensiv meşəsalma və meşəbərpa tədbirləri nəticəsində meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçmiş və ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinədək artmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Bu çərçivədə ölkəmizin hər tərəfində maarifləndirici tədbirlər, ağacəkmə aksiyaları, konfranslar, forumlar və digər bir çox silsilə tədbirlər həyata keçirilmiş və keçirilməyə də davam edir. Azərbaycan Dövlət İqtisad Universisteti tərəfindən də 2024-cü il “Yaşıl UNEC” ili elan edilmiş, 6 məqsəd üzrə 30-a yaxın müxtəlif tədbir və layihəni əhatə edən Tədbirlər Planı təsdiq edilmişdir. Həmçinin, Azərbaycanın neft-qaz şirkəti olan SOCAR-ın Dubaydakı COP28 tədbirində metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürməsi ölkəmizin iqlim problemlərinə həssaslığının təzahürüdür. Bu kimi tədbirlərin həyata keçirilməsində əsas missiya insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin qorunması, təbii sərvətlərdən səmərəli istifadə olunması ilə dayanıqlı inkişafın təmin edilməsi, ətraf mühitə minimal zərərli təsir, onun ilkin vəziyyətinin bərpası və qorunmasından ibarətdir.
Bütün bu faktlara əsaslanaraq, əminliklə demək olar ki, Azərbaycan ekoloji problemləri daima diqqət mərkəzində saxlayır, yeniliklər etməyə daima hazırdır və inkişafı göz qarşısındadır. Bütün bunlar COP29-un Azərbaycanda keçirilməsi üçün Azərbaycanı ən uyğun məkanlardan birinə çevirir. Konfransın Azərbaycanda keçirilməsinin əsas üstünlükləri kimi, işğaldan azad edilmiş ərazilərin vəziyyətinin yaxşılaşdırılması, səmərəli və effektiv infrastrukturun qurulması üçün bilik və bacarıqların öyrənilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və s.misal göstərmək olar. Eyni zamanda COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir.
Adışirin SALMANZADƏ,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və mühasibat”
fakültəsinin “Maliyyə” ixtisası üzrə təhsilin IV ili, 662 saylı qrup tələbəsi