“Azərbaycan dövləti bu məsələnin həlli ilə bağlı çox ciddi işlər aparırdı. Bizim həm erməni tərəfindən, həm maraqlı beynəlxalq təşkilatlarla müzakirələrimiz zamanı ermənilər məcbur oldular etiraf eləməyə ki, bu 4 kənd Azərbaycanın ərazisində yerləşir. Bunu Nikol Paşinyan bir neçə dəfə bəyan elədi”.
Bunu Politoloq Eldar Namazov İTV-yə açıqlamasında deyib.
Bu hadisənin çox böyük tarixi əhəmiyyəti var. Çünki 1991-ci ildə sovet ittifaqının dağılmasından sonra ilk dəfə Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə razılığa gəlindi. Artıq sərhədin 12,7 kilometr uzunluğunda olan hissəsi şərti deyil, real sərhəd xəttidir və qarşılıqlı şəkildə tanınır.
Delimitasiya üzrə komissiyaların əldə etdiyi razılaşma həm də rəsmi Bakının sülh danışıqlarını və delimitasiya ilə bağlı prosesin vasitəçilərsiz, üçüncü tərəf olmadan aparılması təklifinin effetkliyini sübut etdi. Beləliklə, Azərbaycan hərb meydanında olduğu kimi, qələbəsini diplomatik sahədə də davam etdirdi.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında min kilometrdən artıq sərhəd xətti mövcuddur. Ötən il ərzində bu ərazinin 13 kilometrə qədər olan hissəsi delimitasiya olunub.
Tahirə AĞAMİRZƏ