17.06.2025, 18:42
AZ EN
24.10.2024, 17:48 311

Qubadlının işğaldan azad edilməsi müharibənin taleyində mühüm rol oynayıb

YAZILAR
  • Oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsinin 4 ili tamam olur. Bu tarix, həm də “Qubadlı Şəhəri Günü” kimi qeyd ediləcək. Zəfər tariximizin təntənəli şəkildə qeyd olunması qürurvericidir.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım söyləyib.

Vətən müharibəsində Qubadlının işğaldan azad edilməsinin savaşın taleyində mühüm rol oynadığını deyən deputat əlavə edib: “Azərbaycan Prezidenti İlham Əliyev də Qubadlının işğaldan azad olunmasının birinci ildönümündə Qubadlı ictimaiyyəti ilə görüşündə bu məqamı xüsusi vurğulamışdı. Çünki Qubadlıdan sonra Azərbaycan Ordusu Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdi. Beləliklə, Laçın dəhlizi nəzarətə götürüldü. Bu isə artıq müharibənin taleyinin həll edilməsi demək idi. Düzdür, hələ Şuşa uğrunda şiddətli döyüşlər irəlidə idi, digər yaşayış məntəqələrimizin azad olunması ilə bağlı əməliyyat planlar hazırlanırdı. Ancaq dövlətimizin başçısının da qeyd etdiyi kimi, artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz. Biz Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət Bayrağını ucaltdıq. Şuşanın işğaldan azad edilməsindən sonra düşmən məğlubiyyətin qaçılmaz, müqavimətin mənasız olduğunu, ordusunun qalıqlarının da məhv ediləcəyini dərk etdi. Buna görə də noyabrın 9-da artıq Ermənistan tərəfi də öz məğlubiyyətini qəbul etdi, bu məğlubiyyətlə barışdı və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı”.

Şəhidlərimizin bizim Qəlbimizdə əbədi yaşayacağını, Azərbaycan xalqının, indiki nəslin və gələcək nəsillərin həmişə şəhidlərimizlə fəxr edəcəyini vurğulayan deputat deyib: “Artıq Qubadlı şəhərində və bir sıra kəndlərdə bərpa işlərinin təməli atılıb. İşğal dövründə Qubadlı şəhəri də demək olar ki, yerlə-yeksan edilib. Amma qürurvericidir ki, möhtəşəm quruculuq işlərinə start verilib. Dövlətimizin başçısı İlham Əliyev Baş plan hazırlanarkən Qubadlının təbiətinin, tarixi keçmişinin nəzərə alınması barədə tapşırıq verib. Ümumiyyətlə, bu məqama işğaldan azad olunmuş bütün ərazilərdə bərpa və yenidənqurma işlərində xüsusi önəm verilir. Digər tərəfdən, indi Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir ki, bu yoldan insanlar rahat istifadə edəcəklər.

Eyni zamanda, Qubadlı rayonu ərazisindən iki böyük çay - Bazarçay və Həkəri çayı keçir. Bu, böyük sərvətdir, çünki indiki şəraitdə su resursları dünyada yaşayış üçün əsas resurs kimi artıq tanınır. Bütün bunları nəzərə alaraq, gələcəkdə iqtisadi inkişafa nail olunması və düzgün planlaşdırma aparılması da dövlətimizin başçısının xüsusi diqqətindədir. Bütün bunlar bir daha göstərir ki, işğaldan azad edilmiş digər ərazilər kimi Qubadlı da cənnətə çevriləcək”.

Fatma Yıldırım qeyd edib ki, tarixi Qələbəmizdən bu günədək Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara səfərləri bu sevinci xalqla paylaşmaq istəyini aydın şəkildə nümayiş etdirir: “Tezliklə bütün planlar həyata keçəcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Qarabağda və Şərqi Zəngəzurda yeni həyat başlayacaq. Qarabağla, Şərqi Zəngəzurla Azərbaycan dünyaya özünün yeni inkişaf modelini təqdim edəcək. Qürurverici haldır ki, bu gün uğurlu layihələrin icrası sürətlə və operativ şəkildə həyata keçirilir. Müharibədə qazandığımız Zəfərimiz bizi daha da gücləndirir və qüdrətləndirir. Ölkəmiz bütün sahələrdə sürətlə irəliləyir və bu, dünya təcrübəsində çox nadir rast gəlinən inkişaf tempidir. İşğaldan azad olunmuş rayonlarımızda beynəlxalq standartlara cavab verən hava limanlarının, su elektrik stansiyalarının istifadəyə verilməsi, avtomobil yollarının, tunellərin və digər infrastruktur layihələrinin həyata keçirilməsi ölkəmizin iqtisadi qüdrətinin təntənəsindən xəbər verir. Bir sözlə, bu gün Qubadlı rayonunun da gələcək inkişafı ilə bağlı praktiki işlər aparılır. Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin may ayında Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində minlərlə Qubadlı sakini doğma torpaqlarına qayıtmaq sevincini yaşayacaq”. (AZƏRTAC)

Oxşar xəbərlər