23.10.2024, 00:35
AZ EN
17.07.2024, 08:54 258

Birləşmiş Ştatlar sülhü imitasiya edir

YAZILAR
  • Qərb bir tərəfdən Cənubi Qafqazda sülhə çağırır, digər tərəfdən isə Ermənistanı silahlandırır, bu ölkədə hərbi təlimlər keçirir, revanşist hissləri alovlandırır. Parisin son günlər İrəvana artan hərbi yardımlarını, Vaşinqtonun keçirdiyi təlimləri Qərbin “sülh” istəyinin əksinə müharibə ritorikası kimi qəbul etmək olar. Məsələn, artıq ikincisi keçirilən “İqır Partnır 2024” adlı Ermənistan ABŞ təlimlərinin məqsədi də  regionda yenidən gərginlik yaratmaq, revanşistlərin əhval-ruhiyyəsini artırmaqdır. Ermənistanın müdafiə nazirliyinin yaydığı məlumata görə, təlimin açılış mərasimində Ermənistanın müdafiə naziri Suren Papikyan və Birləşmiş Ştatlar səfiri Kristina Uin və başqaları iştirak ediblər.

“Sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasına yönəlmiş bu əməkdaşlığı yüksək qiymətləndirirəm”, - deyə Suren Papikyan bildirib. Təlimlərdə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı ordusunun və Kanzas milli qvardiyasının hərbiçiləri iştirak ediblər.

VI çağırış Milli Məclisin deputatı Elşad Mirbəşir deyib ki, Vaşinqtonun İrəvanla birgə təliminin məqsədi onun Cənubi Qafqazda yerləşmək, burdan Rusiya və İrana əzələ nümayiş etdirmək cəhdidir.

E.Mirbəşir qeyd edib ki, ümumiyyətlə, Amerika Birləşmiş Ştatları heç vaxt münaqişəsiz Cənubi Qafqaz ideyasını qəbul etməyib: “Çünki münaqişə hər zaman Amerika Birləşmiş Ştatlarına imkan veribdir ki, Cənubi Qafqaz regionunda öz mövcudluğunu təmin etsin və region üçün təhlükəli maraqlarını həyata keçirsin. Bu, bir faktdır. Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı ilə birlikdə Ermənistandan özlərinin geosiyasi mübarizələri üçün istifadə etmək istəyirlər. Sözsüz ki, Ermənistan da artıq özünün alət rolunu təyin edib və bunun müqabilində də  Ermənistana əlavə təhlükəsizlik təminatları vermək niyyətindədirlər. Bu istiqamətdə də artıq praktik addımlar atılmaqdadır”.

Məsələnin maraqlı tərəfi odur ki, bütün bu proseslər Azərbaycanın səyi nəticəsində regionda nəhayət ki,  sabitliyin yarandığı, ABŞ-nın isə guya bu prosesə dəstək verdiyi bir dövrə təsadüf edir. Lakin bizə məlumdur ki,  hələ 1992-ci ildə Ermənistan Azərbaycan torpaqlarını ardıcıl işğal etdiyi  bir vaxtda Birləşmiş Ştatlar tərəfindən “Azadlığa dəstək” aktına, 907-ci əlavə qəbul edilib. Əslinə qalsa, bu əlavə Ermənistana münasibətdə qəbul olunmalıyıdı. Azərbaycana qarşı bu addımın atılması artıq aydın sübut edirdi ki, keçmiş münaqişə vəziyyətində ABŞ işğalçını, yəni Ermənistanı dəstəkləyir. ATƏT-in Minsk qrupunun həmsədrlik institutunda təmsil olunan zaman da Vaşinqton sadəcə münaqişənin tənzimlənməsi imitasiyası ilə məşğul olurdu.

E.Mirbəşir daha sonra bildirib ki, Azərbaycan artıq özünün güc mövqeyini formalaşdırıb: “Torpaqlarını Ermənistanın işğalından azad edib və Cənubi Qafqaz regionunun münaqişə potensialını minimuma endirib. Sözsüz ki, Azərbaycanın bu addımı Amerika Birləşmiş Ştatları tərəfindən qəbul olunmur. Lakin ABŞ məcburdur ki,  reallığa uyğun mövqe sərgiləsin. O baxımdan, bu gün də Amerika Birləşmiş Ştatları sırf dekoratif xarakterli mövqelərdən çıxış etməkdədir. Məsələn, bir tərəfdən görürük ki, Amerika Birləşmiş Ştatları Azərbaycanla Ermənistan arasındakı dialoqu dəstəkləyir, digər tərəfdə ABŞ-ın beynəlxalq əməkdaşlıq üzrə agentliyinin rəhbəri Samanta Paula Ermənistanda səfəri zamanı yenə də Armen Qriqoriyanla birgə Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirir”.

Birləşmiş Ştatların bütün addımları isə Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa hesablanıb. Paşinyan hakimiyyəti Qərbə, ABŞ-a inteqrasiya etmək yolunu tutub. Gündəmə gələn Rusiyaya məxsus 102-ci  hərbi bazanın çıxarılması Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından imtina etməsi barəfə fikirlər səslənməsi, əlbəttə ki,  Rusiyanı qıcıqlandırmya bilməz. Təsadüfi deyil ki, artıq  Rusiya da məsələyə reaksiya verib və cavab addımlarının sərt olacağını açıqlayıb.

Millət vəkili Birləşmiş Ştatlar Ermənistan hərbi təlimlərini İrəvanın Qərbmeylli  siyasi fəaliyyətinin davamı  hesab edir.

“Amerika Birləşmiş Ştatları ilə Ermənistan arasında, xüsuislil də təhlükəsizlik sahəsində əməkdaşlıq intensiv xarakter almaqdadır. Məsələn, iyul ayının 11-də ABŞ-la Ermənistan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında razılaşma imzalandı. Ondan öncə isə aprel ayının 5-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi, Avropa İttifaqı rəhbərliyinin və Ermənistanın baş nazirinin iştirakı ilə  Brüsseldə bir görüş keçirildi. Görüşün məqsədi əsasən ondan ibarət idi ki, Ermənistana əlavə təhlükəsilik  təminatları verilsin. Onda sual olunur: Ermənistana kimə qarşı və ya kimin qarşısında əlavə təhlükəsizlik təminatları  verilməkdədir? Sözsüz ki, Ermənistan bir alət rolunda çıxış etməsi müqabilində Azərbaycana qarşı Amerika Birləşmiş Ştatlarından dəstək istəyir. ABŞ isə görünür ki, bu dəstəyi ona verməkdədir”,- deyə Elşad Mirbəşir vurğulayıb.

Beləliklə də, Qərb Cənubi Qafqazda özünün mövcudluğunu Ermənistan üzərində təmin etməyə çalışır. Bu isə nəticədə NATO-nun regiona nüfuz etməsi deməkdir. Şimali Atlantika Alyansının Cənubi Qafqazda yerləşməsi regionun təhlükəsizliyi üçün  çox ciddi təhdidlər yaradır və region ölkələri bunun ətrafında ciddi dşünməlidirlər. Çünki Birləşmiş Ştatlarının artıq başqa coğrafiyalarda oxşar strategiyasının hansı təhlükəli nəticələrə gətirib çıxardığı hər kəsə məlumdur. Bu, Nikol Paşinyan başqa olmaqla, Ermənistan hakimiyyətini düşündüməlidir. Çünki ikibaşlı siyasət yeritməklə kor-koranə əmr və tapşırıqlara əməl etməklə xalqını və bütövlükdə regionu  gərginliyə sürükləyir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər