Mövzu ilə bağlı “Vetensesi.az”ın sualını cavablayan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov bildirib ki, ayın 6-da keçiriləcək qeyri-rəsmi zirvə görüşündə düşünürəm ki, müzakirə olunan məsələlər ilk növbədə mövcud vəziyyətdə Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsi, türk dövlətləri arasında əlaqələrin dərinləşdirilməsi olacaq.
O, bildirib ki, burda əsas beş istiqamət var: “Birinci istiqamət siyasi istiqamətdir, ikinci istiqamət iqtisadi istiqamətdir, üçüncü istiqamət mədəni istiqamətdir, dördüncüsü təhlükəsizlik istiqamətidir, beşincisi isə regional və qlobal məsələlərin istiqamətində müzakirələrdir. Yəni bir neçə istiqamətlər nəzərdə tutulub. Bunlar müzakirə oluna bilər”.
Politoloq daha sonra əlavə edib ki, əlbəttə, burda ticarət dövriyyəsi xüsusi önəm daşıyır. Türk Dövlətləri arasında təkcə siyasi baxımdan deyil, həm də iqtisadi baxımdan əlaqələrin dərinləşdirilməsi bu gün Türk Dövlətləri qarşısında duran əsas məsələdir. Nəzərə almaq lazımdır ki, bu gün dünyanın müxtəlif yerlərində müharibələr gedir. Bu müharibələr fonunda güclərin Türk Dövlətləri Təşkilatına təsirləri barədə danışan S.Hümbətov qeyd edib ki, beynəlxalq güclərin bu regionla çoxlu maraqları var: “Nəzərə almaq lazımdır ki, Çinin “Bir kəmər-bir yol” layihəsi bu ərazidən keçir. Bunlar xüsusi əhəmiyyət daşıyır. Dünən Azərbaycanla Çin arasında strateji əməkdaşlıqla bağlı bir bəyannamə də imzalandı. Yəni bunların hamısı, düşünürəm ki, ayın 6-da keçiriləcək qeyri-rəsmi zirvə sammitində müzakirə olunası məsələlərdir və bu istiqamətlər üzrə fikir mübadiləsi aparıla bilər, yekun bir nəticə əldə edilə bilər”,- deyə politoloq vurğulayıb.
Tahirə AĞAMİRZƏ