19.04.2025, 19:22
AZ EN
14.01.2022, 10:00 255

“Erməni dili haqqında nağıl”: uydurmalar və tarixi reallıqlar

YAZILAR

Elmin bütün sahələrində saxtakarlıq ustası olan ermənilər öz dillərinin yaranması və inkişafı barədə də bir sıra uydurmaları dünya ictimaiy­yətinə həqiqət kimi sırımağa çalışıb və havadarlarının dəstəyi sayəsində bəzi ölkələrdə buna nail olublar. Ukraynalı alim, milliyətcə erməni Filip Ekozyants, soydaşlarının tarix, ədəbiyyat və s. sahələrlə bağlı uydurmaları kimi, erməni dilinə dair uydurmalarının da əsl mahiyyətini açıb göstərib.

Bu günlərdə «Erməni dili haqqında nağıl. Erməni dili müəllimi Jak Şaqan Cerpetin versiyası» sərlövhəli sosial şəbəkə çıxışında F.Ekozyants deyib ki, Jak Şaqan Cerpet erməni dilinə dair bir sıra kitabların həmmüəlliflərindən biri, həm də 1806-cı ildə çap olunmuş «Erməni dilinin qramatikası» kitabının müəllifidir. O, Parisdə və Romada erməni dilini tədris edib, Müqəddəs Lazer Adası Erməni Akademiyasının və Fransa Kral Elmlər Akademiyasının, Fransa Kral Coğrafiya Cəmiyyətinin üzvü olub. Onun 1806-cı ildə qədim Asiyaya dair yazdığı kitab da ermənilərə yaxşı tanışdır. F.Ekozyanç Jak Şaqanın kitabları barədə fikirlərini maraqlı faktlarla təhlil edərək bir sıra həqiqətləri üzə çıxarıb. Qeyd olunur ki, Avropa linqvistləri XVII-XVIII əsrlərdəki erməni danışıq dilinin türk və ya tatar dillərinə bənzədiyini bildirirlər. Ancaq erməni cəmiyyəti bunun fərqinə varmır və öz uydurmalarını yaymağa çalışır. Hətta bildirirlər ki, Avropa dilçiləri belə bir qənaətə gələ bilməzlər. XVII əsrin sonu – XVIII əsrin əvvəllərində Roma katolik kilsəsində erməni danışıq dilinin yeniləşmiş versiyasının təhlili sayəsində məlum olub ki, çoxlu erməni sözləri türk dili ilə eyni kökdəndir. Onu türk dilindən fərqləndirən özəlliklər də vardır ki, bu da başqa dillərin təsiri nəticəsində yaranıb və bir növ ayrıca ləhcə formasına keçib. F.Ekozyants bildirir ki, erməni elmi ictimaiyyəti qəbul etmək istəməsə də, onların danışıq dili türk dilinin nəticəsində formalaşıb. O deyib ki, gec-tez mənim müasirlərim də olmasa, gələcək nəsillər bu tarixi, elmi həqiqətləri və ulu babalarının hansı dildə danışdıqlarını qəbul edəcəklər. 

F.Ekozyants bu əsərə nə üçün maraq göstərdiyinin səbəbini də açıqlayır və deyir ki, Jak Şaqan Cerpet bu əsəri yazmaqla öz müasirlərini və gələcək nəsilləri guya əsl həqiqətlə məlumatlandırmaq istəyib. Belə olmasa idi, Fransa Kral Coğrafiya Cəmiyyətinin üzvü olan tarixçi alim Jak Şaqan bu məsələlərə münasibət bildirməzdi, tarixin digər sahələri ilə daha çox məşğul olardı. Onun Qədim Asiya tarixinə həsr olunmuş bu kitabının 15-ci bölümündə verilmiş «Erməni dilinin mənşəyi» başlıqlı yazıda göstərilir ki, guya ermənilər öz dillərini Nuhun zamanında da istifadə etmişlər. Heradot, Strabon kimi səlnaməçilərin əsərlərindəki həqiqətlər də ermənilər və bir sıra himayədarları tərəfindən təkzib olunur, nəticədə isə «Facebook» və digər sosial şəbəkələrdə erməni dili ilə bağlı gerçəkliyi əks etdirməyən uydurmalar geniş yer alır. Heradot və Strabon qeyd etmişlər ki, ermənilər Suriyanın kaloniyası altında işləyib, ərəb, yəhudi və s. dillərdən istifadə ediblər. Nəticədə ayrıca dilə bənzər ləhcə əmələ gəlib ki, bu ləhcədə həmin dillərdən başqa çoxlu yunan sözləri də özünə yer alıb. Sözügedən kitabdakı uydurmalarda o da göstərilir ki, Armenos adlı sərkərdə eramızdan çox- çox əvvəllər hərbi yürüş nəticəsində xeyli ərazi tutmuş və həmin ərazini öz adına uyğun olaraq Armeniya adlandırmışdır. Bu da ermənilərin uydurmasıdır. Çünki tarixi mənbələrə görə, Armenos yunandır və onun işğal etdiyi ərazilərin ermənilərə heç bir aidiyyəti yoxdur. Haylar sonralar orada yalnız qul kimi işlədiliblər və ona görə də dillərində indi də xeyli yunan sözləri var. Qədim Asiya tarixi barədə bir sıra həqiqətləri sadalayan Filip Ekozyants müxtəlif dövrlərin tarixi əsərlərindən iqtibaslar edərək erməni xalqının və dilinin yaranmasının indiki elmi uydurmalarla tərs mütənasib oluduğunu göstərir. Ermənilər deyirlər ki, erməni xalqı və dili formalaşdığı vaxtlar nə yunan xalqı, nə də Yunanıstan var idi. Ermənilərin və Jak Şaqanın yunanlara qəzəbinin kökündə də tarixi həqiqətlər var. Belə ki, qədim yunan tarixçilərinin əsərlərində qeyd olunan faktlar sübut edir ki, ermənilərin nə müstəqil dövləti, nə də öz dilləri olub. Misir yepiskopu erməni Sais yunan tarixçiləri haqqında təhqiramiz ifadələr işlədərək deyib ki, yunanlar uşaqdırlar, onlar heç vaxt böyüməyəcəklər.

Ermənilərin özlərini hamıdan qədim və intelektual göstərdiyini bildirən tarixçi alim onların Tanrını da özəlləşdirdiyini vurğulayıb. Bu isə heç bir məntiqə sığmır. Jak Şaqan Cerpetin erməni xalqı haqqında nağıllarında o da göstərilir ki, ermənilərin çoxu Nuhun oğlanlarının törəmələridir və Nuh fırtınadan sonra ömrünün sonunadək Ermənistanda yaşayıb. Ölkə müstəqil olub, haylar isə guya Nuhun oğlu Alorosun dilində, yəni hayca danışıblar. Sonra bu dil nəsildən-nəsilə keçib və bu günə qədər gəlib çatıb.

F. Ekoyanç qeyd edir ki, tarixi salnamələrdə bütün dillərin fırtınadan 150, bəzən isə 250 il sonra yarandığı göstərilsə də, ermənilər və onları dəstəkləyən alimlər bununla hesablaşmır və Nuhun fırtınadan sonra ermənilərin içərisində yaşadığını, dillərin bir-birinə qarışaraq inkişaf etdiyini bildirirlər. Bu da, uydurmadır. Halbuki, Nuhun dövründə hansı dilin hakim olduğu hələ də dünya alimləri tərəfindən müəyyənləşdirilərək təsdiqlənməyib.

Amma Nuhun danışdığı dilin erməni dili olduğunu qeyd edən Jak Şaqan Nuhun yaşadığı yerin də Ermənistan olduğunu deməklə özünün tarixçi yox, əslində uydurmaçı olduğunu təsdiqləyir.

Filip Ekozyants sözügedən çıxışında daha sonra yəhudilər, onların formalaşması və müxtəlif səbəblərdən yerdəyişmələri barədə J.Ş.Cerpetin yazdıqlarına da münasibət göstərir. Həmin kitabda qeyd olunur ki, yəhudi dili digər dillərin təsirinə məruz qalsa da, erməni dili özəlliyini saxlayıb. Ekozyants isə vurğulayır ki, bu da səhv yanaşmadır. Çünki həmişə başqalarının kaloniyası olan istənilən etnosun dili mövcud hakimiyyətin rəsmi dili qarşısında çox vaxt assimilyasiyaya məruz qalır. Jak Şaqanın bunu bilməməsinə, uydurmalara yol verməsinə sağlam düşüncəli hər bir kəs yalnız təəssüflənə bilər.

F.Ekozyants çıxışının sonunda erməni soydaşlarına müraciət edərək onların uydurmalarla deyil, əsil tarixi reallıqla yaşamalarının gərəkliyini bildirir və deyir ki, ermənilər barədə miflər ilk dəfə məhz Müqəddəs Lazer adası erməni kilsəsində yaradılıb.

Nəsib QARAMANLI,

Sevda SÜLEYMANOVA

Oxşar xəbərlər

SON XƏBƏRLƏR