21.11.2024, 13:41
AZ EN
03.10.2024, 09:45 245

1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycanın gələcək müqəddəratını müəyyənləşdirdi

YAZILAR
  • “Otuz bir əvvəl – 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri xalqımızın yaddaşında silinməz iz buraxıb. Xalq bu seçkilərdə Azərbaycanın gələcək taleyini həll etdi və böyük səs çoxluğu ilə öz seçimini müəyyənləşdirdi: Ulu öndər Heydər Əliyev böyük səs çoxluğu ilə prezident seçildi. Məhz bu seçkilər ölkənin gələcək müqəddəratını müəyyən həll etdi. Bu seçkilər xalqımız üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Otuz bir il əvvəl xalq həmin seçimi ilə bugünkü qüdrətli, dünyada sayılıb-seçilən, mövqeyi gündən-günə möhkəmlənən, beynəlxalq aləmdə əməkdaşlığı genişlənən və strateji tərəfdaşlarının sayı durmadan artan müstəqil Azərbaycan dövlətinin təməli qoyuldu. Bu seçkilər, həmçinin Azərbaycanın beynəlxalq aləmdə əməkdaşlığı üçün yol açdı”.

Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə 1993-cü il oktyabrın 3- də keçirilmiş prezident seçkilərinə münasibət bildirərkən səsləndirib.

Hüquq müdafiəçisi seçkilərdən bir həftə sonra Ulu öndərin andiçmə mərasimindəki nitqini xatırladaraq deyib ki, xalqın mütləq əksəriyyətinin səsini qazanaraq müstəqil Azərbaycanın Prezidenti seçilən Heydər Əliyev dövlətə və xalqa sədaqət andı içərək respublikamızı böyük bəlalardan, faciələrdən hifz etdi. Eyni zamanda, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxararaq qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.

Tanınmış hüquqşünas Ümummilli liderin andiçmə mərasimindəki nitqindən bəzi məqamları da xatırladıb. Ulu öndər həmin çıxışında demişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”

 

Ç.Qənizadə son 21 il ərzində ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyduğunu, qələbələrdən-qələbələrə getdiyini, 30 il işğal altında qalmış torpaqlarımızın azad edildiyini və bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma, abadlıq-quruculuq işlərini, keçmiş məcburi köçkün soydaşlarımızın doğma dədə-baba yurdlarına qayıtmalarını xatırladaraq deyib ki, tarix Ulu öndərin verdiyi bu anda sadiq olduğunu sübut etdi: “Hadisələr də təsdiqləyir ki, Azərbaycanın nicatı Heydər Əliyev ideyalarındadır”.

1993-cü ildən başlayaraq, bu günə qədər Azərbaycanın, sözün əsl mənasında, müstəqil həyat yaşadığını diqqətə çatdıran tanınmış hüquqşünas deyib ki, məhz Ulu öndərin siyasi uzaqgörənliyi, beynəlxalq aləmdəki nüfuzu və dövlət idarəçiliyindəki zəngin təcrübəsi sayəsində milli dövlətçiliyin, qüdrətli Azərbaycan dövlətinin və müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu. Həmin dövrdə Heydər Əliyev qətiyyətlə demişdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.”

Heydər Əliyevin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması istiqamətində apardığı islahatlardan söhbət açan Ç.Qənizadə Ümummilli Liderin, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardığını, qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirildiyni, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitliyi bərqərar edildiyini vurğulayıb.

“Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, ilk Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli, eyni zamanda, ölkəmizin bu gün dünyada qüdrətli dövlət kimi tanınması da məhz Ümummilli Lider Heydər Əliyevin xidmətləridir”- deyə Ç.Qənizadə bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər