“Burda məsələnin mahiyyəti ondan ibarətdir ki, bu gün Ermənistan-İran çox sıx əlaqələrə malikdirlər. Yəni bu gün Ermənistan iqtisadiyyatı da sırf İranla bağlıdır. Çox böyük bir ticarət dövriyyəsi var. Yüklərin daşınması var, aparılması var, gətirilməsi var”.
Bunu ARB24-ə açıqlamasında məsələyə münasibət bildirərkən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O, Qeyd edib ki, zaman-zaman Rusiya ilə Gürcüstandan keçən yolda müəyyən problemlər yaranır, bəzən yollar bağlanır. Ona görə də bu gün müəyyən embarqolar olsa da, İran-Ermənistan arasında çox ciddi bir ticarət dövriyyəsi var, ciddi bir əlaqələr var: “Yüklərin daşınması var, silahların daşınması var. Yəqin ki, eyni zamanda bəzi məhsulların Ermənistan vasitəsilə İrana ötürülməsi məsələsi də var. Necə ki, Rusiyaya ötürülür, bu formada həyata keçirilir. Necə oldu ki, birdən-birə bu qədər Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi artdı. Burda Ermənistanın narahatlığı bundan ibarətdir. Amma burda bir reallıq var ki, on iki günlük müharibədə nə İsrail, nə də Amrika Birləşmiş Ştatları məqsədlərinə nail olmadılar. Bunu bir neçə dəfə də qeyd etmişdim. Planlar hazırdır. Yəqin ki, bir müddətdən sonra yenidən biz müəyyən bir qarşıdurmanı müşahidə edəcəyik. Ona görə də Ermənistan çalışmalıdır ki, ən qısa vaxtda Azərbaycanla münasibətlərini, Türkiyə ilə münasibətlərini səhmana salsın”.
Millət vəkili bir daha qeyd edib ki, Ermənistan İrandan çox asılıdır: “Bu asılılığın aradan qalxması üçün də sərhədlər açılmalıdır. Münasibətlər normallaşmalıdır. Həm Türkiyə ilə, həm də Azərbaycanla və o zaman da Ermənistan özünü sığortalaya bilər. Burda əsas çıxış yolu budur. Hər halda proseslərin hansı formada gedəcəyini biz yaxın günlərdə görəcəyik. Amma mən bir daha onun üzərində dururam ki, biz dəfələrlə region dövlətləri ilə müzakirədə də dəfələrlə qeyd etmişik ki, ölkələr arasında münasibətlər tənzimlənməlidir. Sərhədlər açılmalıdır və bütövlükdə biz bölgənin inkişafına nail olmalıyıq”.
Tahirə AĞAMİRZƏ