22.11.2024, 12:37
AZ EN
23.04.2024, 12:06 276

Tarixi zəfərin ilk ildönümü: Ərazi bütövlüyümüzün tam bərpası günündən bir il geridə qaldı

YAZILAR

“Laçın” sərhəd məntəqəsinin qurulmasından bir il ötür. Azərbaycan tarixi üçün əlamətdar hadisə hesab edilən sözügedən proses heç də asan başa gəlməyib. 2020-ci ildə 44 günlük Vətən müharibəsinə son qoyan üçtərəfli bəyanatın prinsiplərini Ermənistanın dəfələrlə pozmasının şahidi olduq. Bu müddət ərzində Qarabağın təbıi sərvətləri talandı. Regiona silah-sursat daşındı. Bundan başqa kütləvi surətdə  Qarabağ ərazisində mina terroru baş verdi. Məhz bu amilin nəticəsidir ki, indiyə dək 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub. Bütün bu proseslərə Bakı artıq sakit mövqedə dayana bilməzdi. Əlbəttə, Azərbaycan hər zaman proseslərin danışıqlar maması arxasında həll olunmasının tərəfdarı olub. Bunun əksinə İrəvan təxribatlarından əl çəkməyib. Beləliklə, Ermənistan lobbisinin növbəti bəd əməllərinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirildi. İlk növbədə 2022-ci ilin dekabrın 12-də Azərbaycanın ekoaktivistləri Laçın-Xankəndi yolunda  sərvətlərimizin daşınması ilə bağlı aksiyaya başladılar. Bu, eyni zamanda ermənilərin silahlanmasının və mina terrorunun baş verməsinin qarşısının alınmasına hesablanmış addım kimi  qiymətləndirilə bilər. Bundan  sonra həm sözügedən prosesin qarşısının alınması məqsədilə, həm də Ermənistanın həmin ərazidə təxribatlarına cavab olaraq aprelin 23-də Azərbaycan Respublikası Dövlət  Sərhəd Xidmətinin bölmələri Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Sərhəd-buraxılış məntəqəsi qurdular.

Vurğulamaq yerinə düşər ki, üçtərəfli bəyanata əsasən Azərbaycanda müvəqqəti yerləşdirilən Rusiya sülhməranlı kontingeti Laçın dəhlizinə nəzarət etmək üçün  müəyyən öhdəliklər üzərinə götürüb. Eyni zamanda  onlara insanların və yüklərin təhlükəsiz keçməsini təmin etmək həvalə olunsa da,  sülhməramlılar missiyalarını  həyata keçirmədilər. Bu azmış kimi İrəvandan sözügedən istiqamətdə Qarabağa hərbi yüklərin daşınmasına, arzuolunmaz şəxslərin sərhədi keçməsinə on binə yaxın erməni əsgərinin bölgəyə daxil olmasına şərait yaradıldığı müşahidə edildi. Ekspertlər belə hesab edirlər ki, Laçın-sərhəd buraxılış məntəqəsinin qurulmasının bir ili ərəfəsində sülhməramlıların ərazini tərk etməsi də növbəti tarixi hadisə kimi dəyərləndirilməlidir.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl məsələyə münasibət bildirərkən açıqlamasında vurğulayıb ki,  Postsovet məkanında Baltikyanı ölkələr istisna olmaqla qalan bütün respublikaların hamısında Rusiya sülhməramlı qoşunları var, mövcuddur: “Yəni Türkmənistan neytral dövlət deyil, orda yoxdur.  Amma Azərbaycandan nəhayət ki, artıq xüsusilə də iki yüz ildən çox  Rusiyanın qoşunları vardı, kontingenti vardı. Bundan əvvəl Qəbələ RLS vardı, bütün bunların hamısının çıxarılması son nöqtənin qoyulması Azərbaycan üçün tarixi hadisədir. Bu isə o deməkdir ki, bir daha Azərbaycanın ərazisinə heç bir kənar qüvvənin, kənar dövlətin, regional, qlobal güclərin hansısa bir şəkildə bizim iznimiz olmadan daxil olması bir daha olmayacaqdır”.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər