27.07.2024, 14:22
AZ EN
17.04.2024, 11:27 267

Sülhün əldə olunması mümkündür

YAZILAR
  • Son günlər Ermənistanın  atəşkəsi pozması halları artıb. Aprelin 5-də keçirilən Brüssel görüşündən sonra mövqelərimiz xeyli sayda atəşə tutulub. Bu hücumlar nəticəsində bir hərbçimiz yaralanıb. Sual olunur ki, Brüsseldə  Ermənistanın iqtisadi asılılığının müzakirə olunacağını deyən Birləşmiş Ştatlar və Avropa İttifaqı bu görüşdən sonra yaşananları izləyirmi? Yoxsa Azərbaycan hərbçisinin yaralanmasına kimi böyüyən hadisələrin ssenarisi də məhz Brüsseldə hazırlanıb.

Ermənistan ordusu mütəmadi təxribatlar törətməklə vəziyyəti daha da gərginləşdirməyə çalışır. Təkcə apreldə Ermənistan silahlı qüvvələri mövqeyimizi 10 dəfə fərqli istiqamətlərdə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Məhz 5 aprel Brüssel sammitindən sonra isə 7 fədə atəşkəs pozulub. Üstəlik aprelin 10-da Dövlət Sərhəd Xidmətinin qulluqçusunun yaralanması ilə nəticələnən insident də üçtərəfli görüşdən sonra baş verib. Ekspertlərin fikrincə, Ermənistan bu  hərəkətləri ilə Azərbaycanı eskolasiyaya cəlb edib dünya ictimaiyyətində ölkəmizə qarşı yeni təzyiq alətləri qazanmaq istəyir.

Brüssel görüşündən sonra Ermənistan rəhbərliyinin ritorikasında dəyişikliklər görünür. Qərb bu təcavüzkar planlarından əl çəkmir. Bəzi region dövlətləri də bu prosesin tərkib hissəsi kimi davranır. Ermənistan Cənubi Qafqazda yeni münaqişənin alovlanması prosesində Qərbin əsas aləti rolunu oynayır. Qərbin “dəstəyi” ilə təxribatçı oyunların iştirakçısına çevrilən rəsmi İrəvan bununla da regional təhlükəsizliyi üçün böyük təhdid formalaşdırır.

Politoloq İlyas Hüseynov məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, bu gün regionda yalnız təhlükəsizliyə təhdid törədən dövlət kimi Ermənistan özünü göstərir: “Buna baxmayaraq, düşünürəm ki,  sülhün əldə olunması mümkündür və bu yöndə Ermənistan həm də müstəqil geosiyasi oyunçu kimi özünü göstərməlidir. Təəssüflər olsun ki, Ermənistan bu dövrə qədər, yəni yaxın dövrə qədər Rusiyanın forpostu kimi özünü göstərirdisə, eyni funksiyaları Qərbə təhvil verməkdə maraqlıdır və yalnız Qərbin sifarişlərini region üzərindən icra edir və yalnız burada bir alət kimi istifadə olunur”.

Aydındır ki, bu günə qədər Ermənistanın təxribatçı fəaliyyətləri  nəticəsiz yekunlaşıb. Rəsmi Bakı baş verən təxribatlara adekvat münasibət göstərməklə bu təxribatların hamısını heçə endirib. Bundan sonra Azərbaycanın təhlükəsizliyinə və suverenliyinə qarşı atılan  hansısa addıma görə isə bütün məsuliyyət Ermənistanın hərbi siyasi rəhbərliyinin və havadarlarının üzərinə düşəcək.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər