Bunu ARB24-ün "Gündəm" verilişində Rusiya–Azərbaycan, Rusiya–Ermənistan və Azərbaycan–Ermənistan münasibətlərin təhlili zamanı Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Rusiya ilə münasibətlərin çoxşaxəli xarakter daşıması, enerji, təhlükəsizlik və ticarət sahələrində qarşılıqlı maraqların təmin edilməsini xüsusilə qeyd edən millət vəkili bununla yanaşı, Azərbaycanın öz müstəqil mövqeyini qoruyaraq, həm ikitərəfli, həm də çoxtərəfli platformalarda milli maraqları əsas götürdüyünü qeyd edib.
Eyni zamanda deputat ABŞ–Ermənistan münasibətlərinə də toxunaraq bildirib ki, Vaşinqtonun İrəvanla əlaqələrinin intensivləşməsi bölgədə yeni maraqlar balansını formalaşdırır: "Bu amil həm regionun təhlükəsizliyinə, həm də gələcək əməkdaşlıq imkanlarına təsir edir".
C.Məmmədov Türkiyə–Ermənistan münasibətləri barədə isə qeyd edib ki, Ankara ilə İrəvan arasında normallaşma cəhdləri regionda sabitlik üçün əlavə fürsətlər yaradır: "Lakin bu prosesin real nəticə verməsi Ermənistanın atacağı praqmatik addımlardan birbaşa asılıdır".
Müzakirələrdə regionda formalaşan yeni geosiyasi reallıqlara toxunan deputat Azərbaycanın strateji mövqeyini, ölkəmizin balanslaşdırılmış xarici siyasət kursunu və dövlət maraqlarımızın qorunması istiqamətində atdığı addımları diqqətə çatdırıb.
"Qarşıdakı dövr region xalqları və dövlətləri üçün həlledici mərhələ və Azərbaycanın güclü dövlətçilik iradəsi, möhkəm siyasi xətti bu proseslərin əsas istiqamətvericisi olacaq",- deyə deputat fikrini tamamlayıb.
Tahirə AĞAMİRZƏ