Bu fikirləri Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.
Beynəlxalq təşkilatlarla münasibətlərin inkişafının Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri olduğunu vurğulayan M.Abbaszadə ölkəmizin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, Beynəlxalq Valyuta Fondu, həmçinin dünyanın yüksək nüfuzlu siyasi hərbi təşkilatı olan NATO ilə fəal əməkdaşlıq etdiyini bildirib. Qeyd edib ki, tarixi uzun illərə gedib çıxan Azərbaycan-NATO münasibətləri qarşılıqlı etimad üzərində qurulub. Ulu Öndərin hakimiyyətə gəlişindən sonra hərbi qüdrətimizin artması və xarici siyasətimizin şaxələndirilməsi məqsədilə atdığı uzaqgörən addımlardan biri məhz Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə əlaqələri dərinləşdirmək idi. 1994-cü il mayın 4-də Belçikanın Brüssel şəhərində NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramının çərçivə sazişinin imzalanması ilə Azərbaycan-NATO münasibətlərinin beynəlxalq müstəvidə təməli qoyulub. Bununla da ölkəmiz NATO hərbi strukturları ilə əməkdaşlıq etmək, birgə təlimlər keçirmək, hərbi kadrların hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək imkanları qazanıb. Azərbaycan elə ilk gündən bu proqrama qoşulmaqla özünü etibarlı və nümunəvi tərəfdaş kimi göstərməyə müvəffəq olub.
“Yens Stoltenberqin regiona səfərinin Azərbaycandan başlaması ölkəmizin NATO üçün önəmli tərəfdaş olduğunu bir daha nümayiş etdirir. Bunu Prezident İlham Əliyev görüşdə də qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanla NATO arasında əlaqələrin uzun tarixinin olduğunu bildirərək, bizim müsbət və sadiq tərəfdaş olduğumuzu vurğuladı.
Təbii ki, Azərbaycanla NATO arasında əməkdaşlığın əsasını təşkil edən məsələlərdən biri də enerji təhlükəsizliyidir. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir və həmin ölkələrdən 6-sı NATO-ya üzv, 2-si isə Alyansın tərəfdaş ölkəsidir. Şübhəsiz ki, tərəflər arasında nəqliyyat əlaqələri də mühüm əhəmiyyət daşıyır”, - deyə M.Abbaszadə diqqətə çatdırıb.
Deputatın sözlərinə görə, Baş katib Yens Stoltenberq ölkəmizin bir neçə NATO müttəfiqi ilə əlaqələri sıx şəkildə inkişaf etdirməsini alqışlaması mühüm mətləblərdən xəbər verir. Bu, Azərbaycanın yüksək nüfuzunun və sadiq tərəfdaş olmasını bir daha təsdiqləyir.
“Alyans rəsmisinin vurğuladığı kimi, sülh və sabitliyin təmin olunması nəinki Cənubi Qafqaz, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün çox vacibdir. Bölgədə davamlı sülhə nail olunması prioritet məsələdir. Dövlətimizin başçısının müdrik və uzaqgörən siyasəti nəticəsində Cənubi Qafqaza nəhayət ki, sülh gələcək, region xalqları və ölkələri təhlükəsiz yaşamaq imkanı əldə edəcəklər”, - deyə Mahir Abbaszadə vurğulayıb.
Deputat qeyd edib ki, çoxşaxəli xarici strategiyanı uğurla həyata keçirən Azərbaycan beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəlikləri, o cümlədən əməkdaşlıq və tərəfdaşlıq missiyalarını hər zaman layiqincə yerinə yetirməyi bacarıb. Ölkəmiz bundan sonra da dünyanın nüfuzlu təşkilatları ilə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində siyasətini inamla davam etdirəcək. (AZƏRTAC)