Politoloq qeyd edib ki, Qərb bu gün Rusiyanın Gürcüstanı və Ermənistanı itirdiyini düşünür. Bu səbəbdən də, Cənubi Qafqazda Ermənistanın mövqeyində özünə pay axtarır: "Bizə bir yandan sülh dəstəyi təklif edib, qarşı tərəfə silah daşıyan Qərbdən başqa nə gözləməliyik?".
Qərbin Azərbaycana qarşı dağıdıcı siyasətinin geniş vüsət aldığına diqqətçəkən İ.Hüseynov xüsusilə, Vətən müharibəsindən sonra bu davranışın özünü geniş təzahür etdiyini vurğulayıb: "Vətən müharibəsi sonrası yeni yaranan geosiyasi reallıqları Qərb və xüsusilə bir sıra dövlətlər həzm edə bilmirlər. Fransanın müstəmləkəçilik təfəkkürü ilə ayırıcı xətlərin çəkilməsi məqsədləri və Cənubi Qafqazda böhran, xaos, eskalasiya törətməklə danışıqlar masasına əyləşmək niyyətləri özünü geniş şəkildə göstərir. Bir zamanlar Gürcüstanda, Ukraynada media və QHT vasitəsilə keçirilən tədbirlər bu gün özünü həm də bizim ölkəmizə münasibətdə göstərməkdədir. Bunun qarşısını dövlətimiz preventiv tədbirlərlə aradan qaldırır və medianın da, vətəndaş cəmiyyətin də sağlamlaşdırılması, milli maraqlar ətrafında birləşdirməsi və kənar təsirlərdən təmizlənməsi məqsədləri qoyulmuşdur. Bu məqsədlərə doğru müvafiq addımlar qanunvericilik çərçivəsində atılır".
Politoloq daha sonra əlavə edib ki, eyni zamanda Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqazda ikinci cəbhə açmaq məqsədləri də özünü aydın şəkildə göstərir:
“Burada praqmatik davranmaq, prosesləri düzgün analiz etmək, qüvvələr balansını və coğrafi mövqeyi, eyni zamanda təhdidləri və riskləri detallı araşdırmaq lazımdır ki, regionumuz yeni müharibə burulğanına düçar olmasın və müxtəlif risklərdən də regionu qoruya bilək”, -deyə İlyas Hüseynov vurğulayıb.
Tahirə AĞAMİRZƏ