Baş nazir Nikol Paşinyanın martın 12-dəki mətbuat konfransında Hayastanın xəritəsini göstərərək anklav olmayan 4 Azərbaycan kəndinin sahibinə qaytarılması barədə fikir söylədikdən sonra bildirilən açıqlamaların əksəriyyəti məhz onun şəxsiyyəti barədədir. Siyasətlə məşğul olan hayların əksəriyyəti onu torpaq satan, türk nökəri, Azərbaycanın əlaltısı və s. kimi xarakterizə etməkdədir. Vaxtanq Siradeğyan isə bu günkü paylaşımında qeyd edib ki, Paşinyan bütün məsələlərə birtərəfli mövqe sərgiləyir. Qazaxın 7 kəndindən də erməni hərbçilərinin çıxması barədə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda guya söhbət getmədiyini həyasızlıqla iddia edən V.Siradeğyan 44 günlük müharibə zamanı müdafiə naziri olmuş və baş nazirə düzgün məlumat vermədiyinə görə vəzifəsindən qovulmuş Karapetyan barədə açıqlamanı da qərəzli qarşılayır və məğlubiyyətin bütün məsuliyyətini yalnız N.Paşinyanın daşıdığını ikibaşlı ifadələrlə sübut etmək istəyir. N.Paşinyanın anklav olmayan 4 kəndin qeyd-şərtsiz sahibinə qaytarılmasının gərəkənliyi ilə bağlı fikirlərini əsl düşmən mövqeyi kimi dəyərləndirən Siradeğyan konstitusiyadan belə bir maddəni xatırladır ki, Ermənistan Konstitusiyasının 205-ci maddəsinə görə ərazi dəyişikliyi referendum vasitəsi ilə həll edilir. Bu özündənrazı sabiq dövlət rəsmisi hələ də, el təbirincə desək, qanmaq istəmir ki, sözügedən 7 kəndin Ermənistan ərazisinə heç bir aidiyyəti yoxdur ki, bununla bağlı referendum keçirilsin. Həmin kəndlər, həmçinin anklav olan Kərki kəndi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan kəndləridir və onlar da, yeri gələrsə, dəmir yumruqla işğaldan azad ediləcək. Yenə el təbirincə desək, burada söz güləşdirməyə ehtiyac yoxdur.
Nəsib Qaramanlı