21.11.2024, 21:43
AZ EN
29.02.2024, 08:48 347

Azərbaycan yeni mərhələdə qarşısına qoyduğu prioritet məqsədlərə doğru inamla irəliləyir

YAZILAR
  • Ən çətin dövrlərdə, ayrı-ayrı imperiyaların tərkibində olanda belə azadlıq və müstəqillik məfkurəsi xalqımızın genetik yaddaşını heç zaman tərk etməyib. Azərbaycan xalqının on illər, bəlkə də yüz illər irəlini görməyi bacaran və düşünən beyinləri ən ağır şərtlər altında belə xalqımızın azad, müstəqil və firavan yaşaması üçün fədakarlıq nümayiş etdirərək, öz ideyaları və əməlləri ilə bu günümüzə körpü salıblar. Bu körpüdən yol alaraq Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı ilə xalqımızın tarixində təxminən otuz illik qaranlıq bir dövrə 2020-ci ildə Vətən müharibəsindəki Zəfərimizlə son qoyulub. Əzəli tarixi torpağımız olan Qarabağın əsarətdən azad edilməsi ilə son iki yüz ilə yaxın dövrdə xalqımızın məruz qaldığı torpaq itkiləri, etnik təmizləmələr və deportasiya silsiləsi başa çatıb.

Beləliklə, Zəfərimizlə nəticələnən Vətən müharibəsi, 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri ilə suverenliyimizə təhdid olan separatçı rejimin məhv edilməsi nəticəsində regionda yeni reallıq yaradan Azərbaycan öz qəhrəmanlıq tarixində yeni dövr açıb. Dövlətimiz yeni mərhələdə qarşısına qoyduğu prioritet məqsədlərə doğru inamla irəliləyir.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib.

Kinə, nifrətə, etnik təmizləməyə son qoymağın vaxtının çatdığını vurğulayan M.Abbaszadə normallaşma və sülh prosesi üçün şərtlərdən danışıb: “Regionda sülhün bərpası gücün tətbiq edilməməsi, sərhədlərin delimitasiyası, həmçinin kommunikasiya yollarının açılması kimi amilləri özündə ehtiva edir. Ermənistan dövləti ilə sülh şəraitində yanaşı yaşamaq üçün mahiyyəti üzrə işlənib hazırlanmış imperativlər Qərbi Azərbaycan torpaqlarından deportasiya edilmiş azərbaycanlıların qansız-qadasız şəkildə Vətənlərinə geri qaytarılması üçün potensial əhəmiyyət daşıyır.

Son 200 illik tariximizdə xalqımıza qarşı öz Vətənimizdə çoxsaylı cinayətlər törədilib, soyqırımı siyasəti aparılıb, sonra bu cinayətlər ört-basdır edilib. Soydaşlarımız Qərbi Azərbaycandan 1918-1920, 1948-1953, 1988-1991-ci illərdə mərhələli və kütləvi şəkildə qovulub. Təkcə, 1988-1991-ci ildə buradan 250 mindən çox azərbaycanlı didərgin salınıb”.

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasından danışan deputat konsepsiyanın üç əsas prinsipə söykəndiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu prinsiplərindən birincisi təhlükəsizlik məsələsidir. Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına ləyaqətli şəkildə və sülh yolu ilə qayıtmalıdırlar.

Ermənilər tərəfindən xalqımıza məxsus zəngin tarixi irsinin məhv edilməsindən təəssüfləndiyini bildirən M.Abbaszadə onların torpaqlarımıza köçürüldükdən sonra mədəni, mənəvi və memarlıq irsinə qarşı vandalizm siyasəti həyata keçirdiklərini diqqətə çatdırıb. Onun sözlərinə görə, Ermənistandan bütün azərbaycanlılar qovulduqdan sonra bu respublikanın 16 rayonunda 90 kənd və rayon adı dəyişdirilib və bunların da 95 faizi türk toponimləri olub.

“Biz Qayıdış Konsepsiyası əsasında yol xəritəsinə uyğun olaraq irəliləyirik. Heç kəs və heç bir təşkilat Qərbi azərbaycanlıları doğma torpaqlarından məhrum edə bilməz. “Atalar torpaqdan pay olmaz” deyirlər. XVIII əsrin görkəmli maarifçilərindən biri olan Volterin təbirincə desək, Vətən ruhumuzun əsir olduğu yerdir, Qərbi Azərbaycan xalqının ruhu isə daim öz Vətəninin əsiridir. Bu ruh daim ona doğma, əziz olan yerə çağırır. İndi Qarabağ və Şərqi Zəngəzur sakinləri dədə-baba torpaqlarına qayıtdığı kimi, Qərbi azərbaycanlılar da öz dədə-babalarının, əcdadlarının ruhu dolaşdığı torpaqlarına mütləq qayıdacaqlar”, - deyə Mahir Abbaszadə vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər