20.04.2025, 06:16
AZ EN
27.01.2024, 21:43 306

Qaçqın və məcburi köçkün azərbaycanlıların taleyi Avropa Şurasının diqqətindən kənarda qalıb

YAZILAR
  • Azərbaycan dövləti Avropa Şurasına üzv olan zaman əməkdaşlığın, əlaqələrin, münasibətlərin genişlənməsinə çox ümidli idi. O zaman Azərbaycan ağır dövrlərini yaşayırdı. Qurum Qarabağ problemi, işğal altındakı torpaqlarımızla bağlı bir neçə ədalətli sənəd də qəbul etmişdi. Ancaq həmin sənədlərin icrası reallaşmadı və keçən illər ərzində Azərbaycana qarşı ögey münasibət göstərildi. Bu da Avropa Şurasının real addımlar atmaqda maraqlı olmadığını sübut etdi. Bir milyona yaxın qaçın və məcburi köçkün azərbaycanlının taleyi insan hüquqları məsələsində Avropa Şurasının diqqətindən kənarda qaldı. Onlar, sadəcə, təəssüflənməklə öz münasibətlərini bildirdilər. Hesab edirəm ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məlum qərarı Azərbaycana qarşı atılmış növbəti yanlış addımdır. Qərb Cənubi Qafqazda sülh, barış, həmrəylik istəmir və Azərbaycanı da burada hədəf seçib.

Bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Azərbaycanın AŞPA ilə əməkdaşlığına və təşkilatdakı iştirakını qeyri-müəyyən müddətə dayandırmasına münasibət bildirərkən söyləyib.

O xatırladıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan beynəlxalq hüququn tələblərinə uyğun olaraq torpaqlarını işğaldan azad etdi. Azərbaycanın Zəfərindən sonra isə Fransanın, Almaniyanın ölkəmizə qarşı münasibətlərindəki qərəz açıq xarakter almağa başladı. Həmçinin 2023-cü ilin sentyabrındakı antiterror tədbirlərindən sonra beynəlxalq təşkilatlar ölkəmizi “etnik təmizləmə”də ittiham etməyə başladılar. Beləliklə, Fransanın diktəsi ilə aparılan anti-Azərbaycan kampaniyasının nəticəsi kimi Avropa Parlamenti də bir neçə dəfə Azərbaycan əleyhinə qətnamə qəbul etdi.

“Qərbin bəzi siyasi dairələri bizim tarixi Qələbəmizi həzm edə bilmir. Azərbaycanın beynəlxalq qanunvericiliyə əməl etməsinə baxmayaraq, təzyiq hədəfinə tuş gəlməsi ikili standartların bariz nümunəsidir. Amma Azərbaycan hər zaman haqlı mövqeyini nümayiş etdirib və bundan sonra da mövqeyini dəyişdirməyəcək. Avropa Şurası bütün məsələlərdə insan haqlarını əsas gətirsə də, amma insanların dininə, rənginə, irqinə uyğun olaraq öz yanaşmasını irəli sürür.

Bu baxımdan qeyd edə bilərik ki, Ermənistan tərəfindən işğal illərində Azərbaycanın şəhərləri, rayonları, kəndləri yer üzündən silinib, yüzlərlə məscidi, tarixi, mədəni abidləri yerlə-yeksan edilib. İnsanlar öz yurd-yuvasından didərgin salınıb, vəhşicəsinə öldürülüb. Avropa Şurası isə bütün bunlara qarşı susqunluq nümayiş etdirdi”, - deyə BAMF-ın prezidenti vurğulayıb.

U.Mirzəyev sonda diqqətə çatdırıb ki, bu gün ölkəmiz əleyhinə təzyiqlərdə canfəşanlıq göstərən Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyəti dövründə də Azərbaycanın Qarabağ problemini həll etməməsi üçün əlindən gələni ardına qoymurdu. (AZƏRTAC)

Oxşar xəbərlər