04.12.2024, 23:28
AZ EN
30.06.2022, 15:45 627

Erməni sərsəmliyi davam edir

YAZILAR
  • Azərbaycanın torpağında oturub, daha doğrusu, separatçı qüvvələrin işğalından sonra 1997-ci ildən bura köçürülən  Zabuxdakı ermənilər yenə  sərsəm bəyanatları ilə gündəmdədir.

Laçın rayonunun işğalından sonra ermənilərin “Aqavno” adlandırdığı Zabux kəndində  məskunlaşmış ermənilər baş nazir Nikol Paşinyanın “bu ərazi Azərbaycanın nəzarətinə veriləcək” bəyanatından sonra da burdan heç yerə getməyəcəklərini bildiriblər.

Məlum olduğu kimi, 1992-ci ilin mayın 18-də erməni separatçıları havadarlarının dəstəyi ilə Laçın rayonunu işğal etdikdən sonra Zabux kəndində Suriyadan və Ermənistandan gətirilmiş ermənilər məskunlaşdırılıb.

“Azadlıq” radiosunun erməni xidmətinin Azatutyunun dərc etdiyi böyük reportajda kəndin icma başçısı Andranik Çavuşyan, əksinə, kənd əhalisinin artırılmasından danışıb: “Siz bu adamlardan soruşmusunuz, onlar getmək istəyir, ya yox? Bu adamların həlak olanları var, o həlak olanlar bizə işimizi davam etdirməyi vəsiyyət ediblər. Biz hətta istəsək də geri addım ata bilmərik. Siz bizdən məsləhətsiz bu fikirlə razılaşmısınız. Kim deyir ki, buz bunu evimizin yerləşdiyi 100-200 metrlə ölçürük. Biz bunu uşaqların qanı, mübarizəsi ilə ölçürük. Yox, biz ermənilərin marağında olmayan sözlərə qulaq asmayacağıq”.

Bu gün Zabuxda 200-dən çox erməni yaşayır. Burda məktəb və uşaq baxçası da var. Kənd sakinlərindən biri deyib ki, Allah eləməsin belə bir şey olsa, adamların buna necə reaksiya verəcəyini bilmirəm. Çünki Aqavnonu (Zabux) heç yer, hətta İrəvanın mərkəzi də əvəz edə bilməz.

Narine Rasosyan 1997-ci ildən Zabuxda yaşayır. Onun sonbeşiyi 44 günlük müharibədən sonra doğulub. “Azadlıq”ın erməni xidməti  yazır ki, Narine bir neçə ildən sonra oğlunu Qarabağ silahlı qüvvələrində xidmətə göndərəcəyini deyir. Əgər müharibə vaxtı burdan getməyibsə, indi heç getməyə hazırlaşmır: “Əgər belə bir rəhbər varsa, kəndə gəlib bizə desin ki, burdan getməlisiniz. Kənddə vəziyyət belədir ki, bunu bir bəyanatla etmək olmaz. Qarabağdan çıxarılmış başqalarına bu gün ev veriblərmi? Onların yarısı ev tutub. Heç sabah nə olacağını bilmir”.

Xatırladaq ki, Paşinyan iyunun 27-də keçirdiyi onlayn mətbuat konfransında demişdi ki, Laçın şəhərindən yan keçən yeni yol istifadəyə verildikdən sonra “DQMV-nin (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti) sərhədlərindən kənarda olan ərazilər Azərbaycanın nəzarətinə keçəcək .

“Azatutyun” hesab edir ki, Paşinyan bununla Laçın, Zabux və Sus məntəqələrinin Azərbaycana qaytarılacağını təsdiq edib. Paşinyan “bu məntəqələrdə yaşayanların taleyi necə olacaq-, sualına cavab olaraq demişdir ki, Laçın şəhərindəki sakinlərin məsələsi Ermənistan hökumətinin qətnamələri ilə həll olunacaq və onlar evlə təmin ediləcək.

“Azatutyun” yazır ki, Paşinyanın sözlərinə görə Zabux kəndi ilə separatçılar məşğul olacaq: “Düşünürəm ki, Avaqno (Zabux) kəndinin sakinlərinin problemi ilə Artsax (Qarabağ-red) hökuməti məşğul olacaq. Sus kəndi barədə heç nə deyə bilmərəm, çünki məndə belə informasiya yoxdur. Prinsip belədir; məsələ kəndin keçmiş Dağlıq Qarabağ Vilayətinin sərhədlərinin içərisində, yoxsa kənarda olmasından asılı olacaq”.

Paşinyan Laçın rayonunun kəndi olan Zabuxla niyə separatçıların məşğul olacağını izah etməyib.

“Azatutyun” daha sonra bildirir ki, Zabux kəndinin sakinlərini Paşinyanın bu məsələyə biganəliyi qəzəbləndirib. Kənd sakinlərindən biri deyib ki, Ermənistan bizdən imtina edir, qoy onda Ermənistan bizim barəmizdə düşünmək haqqından əl çəksin. Bizim barəmizdə Artsax (Qarabağ-red) düşünər. Biz burda qalacağıq”.

Başqa bir sakin isə gileylənib ki, deyirlər Laçında kompensasiya verəcəklər, çünki qanunla Laçına düşür. Fərqi nədir? Biz də bura köçmüşük, biz də Ermənistandanıq. Niyə onlara verirlər, bizə yox...

Hazırda “Laçın dəhlizi” adlandırılan yol 44 günlük müharibədən sonra Xankəndini Ermənistanın Gorus rayonu ilə birləşdirən yeganə yoldur. Laçın rayonu 1992-ci ildə

Şuşanın işğalından bir neçə gün sonra Ermənistan qüvvələrinin nəzarətinə keçib.

2020-ci il noyabrın 9-da üçtərəfli bəyanatına görə Laçın rayonunun Laçın şəhərindən Zabux və Sus kəndlərindən başqa bütün ərazilər Azərbaycanın nəzarətinə keçib. Bu kəndlər Rusiya sülhməramlılarının nəzarətində olan 5 km zolağa düşür. Qarabağ ermənilərinin Ermənistana gedib-gəlmələri üçün  Laçın şəhərindən yan keçən alternativ yolun çəkilişi üçtərəfli bəyanatda nəzərdə tutulub.

Bu yolun üç il ərzində çəkiləcəyi planlaşdırılmışdı, lakin Azərbaycan öz ərazisində olan 32 km sektorun tikintisini başa çatdırmaq üzərədir. “Azatutyun” yazır ki, Ermənistan onun ərazisinə düşən hissənin layihələndirmə mərhələsindədir. Paşinyanın sözlərindən belə çıxır ki, Laçın dəhlizindən keçən indiki yol boyunca habelə Qarabağa Ermənistandan qaz, elektrik və internet xətləri keçir. Paşinyan “bütün bunların taleyi necə olacaq” - sualına cavab verməyib. Baş nazir sadəcə olaraq bildirib ki, yeni yol daha  təhlükəsiz və daha qısa olacaq. Ermənilərsə bunu da başa düşmürlər. Görünür, başlarına dəmir yumruq istəyirlər...

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər