09.06.2025, 11:06
AZ EN
29.07.2023, 18:24 334

Separatçı rejimin ərazidə atdığı addımlar özlərinin uydurduğu “humanitar böhran”la əlaqəli deyil

YAZILAR

Azərbaycan tərəfinin sərhəddə nəzarət və şəffaflıq tətbiq etməklə Laçın yolundan qeyri-qanuni məqsədlərlə istifadənin qarşısını alması, yoldan sui-istifadə hallarına yol verilməməsi ilə bağlı öhdəliyi və səlahiyyəti mövcuddur. Ölkəmiz alternativ yol olaraq Ağdam-Xankəndi yolunu təklif edir. Lakin Ermənistan bununla razılaşmır və həmin yoldan istifadə etmək istəmir. Hətta bəzi mətbuat orqanlarında Qərbin də buna razılaşmadığı barədə fikirlər səsləndirilir. Bu, onu göstərir ki, Azərbaycana qarşı siyasi təzyiqlərin yaranması üçün müəyyən qüvvələrin planları, onun isə sifarişçiləri və icraçıları var. İcraçılar əslində meydanda görünən separatçı rejim və onu dəstəkləyən Ermənistandakı qüvvələrdir. Belə ki, Qarabağdakı separatçı rejimin rəhbərliyi Azərbaycanın inteqrasiya təklifinə rədd cavabı verir.

Bu barədə açıqlamasında hərbi ekspert, polkovnik-leytenant Elxan Şıxəliyev Ermənistanın Laçın sərhəd-buraxılış məntəqəsinə “humanitar yük” adı altında avtomobil karvanı göndərməsi təxribatına münasibət bildirərkən deyib.

İyunun 15-də Laçın sərhəd-buraxılış məntəqəsində sərhədçimizin yaralandığını xatırladan hərbi ekspert buna adekvat cavab olaraq orada nəzarətin sərtləşdirildiyini, sonra isə ermənilərin Ağdam-Əsgəran yoluna beton plitələr düzdüyünü diqqətə çatdırıb.

Onun sözlərinə görə, bu, onu göstərir ki, separatçı rejimin ərazidə atdığı addımlar özlərinin uydurduğu “humanitar böhran”la əlaqəli deyil. Belə fəaliyyətin əsl səbəbi ondan ibarətdir ki, son iyirmi gündə separatçı rejim Azərbaycanı etnik təmizləmədə və soyqırımıda günahlandırmaqla bağlı informasiya cəbhəsində addımlar atır.

“Avtomobil karvanı ilə Laçındakı sərhəd-buraxılış məntəqəmizə yürüş sırf sərhədçilərimizin onlara atəş açmasına hesablanmış addımdır. Avropa İttifaqının mülki missiyası qarşı tərəfdə hündürlükdən bizim sərhəd məntəqəsində baş verənləri müşahidə edir. Ondan sonrakı mərhələdə həmin sifarişçilər Azərbaycana qarşı məruzələr hazırlamağı planlaşdırırlar. Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbə hələ də Qərbdə qısqanclıq doğurur, diplomatik müstəvidə siyasi institutlarda ölkəmizə qarşı mümkün sanksiyalar sifariş edilir və ssenari hazırlanır. Lakin bizim atdığımız addımlar artıq nəticə verir. Belə ki, informasiya müharibəsində üstünlük əldə etmişik. Bunun bariz nümunəsi kimi İrəvandakı şouda iştirak edən bütün ölkələrin səfirliklərinin sözlərimizi dəstəkləməsi sübut edir. Hər iki tərəf bilir ki, sərhəddəki məsələnin “humanitar böhran”la bağlılığı yoxdur. Burada əsl məram beynəlxalq təşkilatları Azərbaycana qarşı qadağalar tətbiq etməyə çağırışdır. Odur ki, separatçı rejimin və sifarişçilərin ssenarisinin həyata keçməsinə imkan verməməli, adekvat tədbirlər görməliyik”, - deyə E.Şıxəliyev qeyd edib.

Digər yandan hazırda Hindistanın Ermənistanla hərbi sahədə əməkdaşlıq etdiyini diqqətə çatdıran hərbi ekspert fikirlərinə belə davam edib: “Müxtəlif yollarla, o cümlədən İran vasitəsilə düşmən ölkəyə ölümcül silahlar daşınır. Həmin silahlar həqiqətən bölgədə vəziyyətin gərginləşməsində və təhlükəli duruma gətirib çıxara bilər. Azərbaycan Hindistanın ölkəmizdəki səfirinə silahlandırma ilə bağlı etirazını və rəsmi mövqeyini çatdırıb. Hindistan təcavüzkar dövləti təxribatlara, revanşa cəlb edir və buna şərait yaradır. Ölkəmizin sülh danışıqları ilə bağlı mövqeyi aydındır. Lakin Ermənistanın silahlandırılması əslində Azərbaycanın sülh və əməkdaşlıq çağırışlarına əngəl yaratmaq deməkdir. 44 günlük savaşdan sonra düşmən ölkənin silahlı qüvvələri, xüsusilə də hərbi-texniki parkının ən az 60-70 faizi sıradan çıxarılıb. Silah arsenalının yarısını qənimət kimi ordumuza “təhvil verdilər”, çox hissəsi isə əməliyyatlar zamanı sıradan çıxarıldı. Odur ki, bu sahədə təcavüzkar ölkənin ordusunda boşluqlar var. Ermənistan silahlı qüvvələrinin dirçəlməsi üçün hərbi-texniki avadanlıqla təminata ehtiyacı var. Hazırda atılan addımlar sırf Ermənistan ordusunun döyüş qabiliyyətini bərpa etməyə hesablanıb. Düşmən ölkə Azərbaycanla yenə güc dili ilə danışacaq vəziyyətdə deyil. Azərbaycan Ordusu da hazırda müasir silah-sursat və döyüş texnikası baxımından xeyli güclənib. Xatırladım ki, Ali Baş Komandanın Şuşada Qlobal Media Forumunda çıxışında dediyi kimi, bu gün Silahlı Qüvvələrimiz üç il əvvəlki Vətən müharibəsi zamanındakı ordudan daha güclüdür. Bu, bizim qonşularımıza bir mesaj idi”.

Polkovnik-leytenantın fikrincə, Ermənistanın atacağı addımları isə üç hissəyə bölmək olar. Qarabağdakı ermənilər üçün ən təhlükəsiz, itkisiz birinci yol inteqrasiyanı qəbul etməkdir. Həmin təklifi qəbul etməsələr, ikinci yol onların Qarabağdan çıxıb getmələridir. Üçüncü yol isə Qarabağdakı qanunsuz erməni dəstələri Azərbaycanın hərbi əməliyyatına hazır olmalıdırlar. Əsas məqsədimiz Qarabağdakı 10 min nəfərlik qeyri-qanuni hərbi birləşmənin tərk-silah edilməsidir. Çünki əlisilahlı terrorçular qırmızı xəttimizdir. Əks halda, onlar Qarabağda ordumuzun hərbi hədəfinə çevrilə bilərlər. Odur ki, Ermənistan Azərbaycanın bütün təkliflərindən ağıllı nəticə çıxararaq elə qərara gəlməlidir ki, növbəti dəfə itkilərə məruz qalmasın. (AZƏRTAC)

Oxşar xəbərlər