Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev “Vetensesi.az”a açıqlamasında bildirib ki, Ermənistan danışıqlarda heç zaman səmimi olmayıb: “Bu gün də səmimi deyil. Əvvəllər olduğu kimi, bu gün də sülh danışıqları öncəsi Ermənistan geniş miqyaslı təxribatlara əl atıb. Bu təxribatların qarşısını almaq üçün Azərbaycan tərəfi kifayət qədər ciddi tədbirlər görüb və adekvat tədbirlər görüləcək”.
Hərbi ekspert daha sonra bildirib ki, bu onu göstərir ki, Ermənistanın sülh barədə verdiyi bəyanatların heç bir əsası yoxdur: “Ermənistan heç bir zaman sülh danışıqlarında səmimi olmayıb, indi də belə bir niyyəti yoxdur və daha əvvəllər olduğu kimi, bu dəfə də danışıqlar öncəsi Ermənistan tərəfi geniş miqyaslı təxribatlara əl atıb, bu təxribatların qarşısının alınması üçün Azərbaycan tərəfi kifayət qədər ciddi tədbirlər görəcək və adekvat cavab tədbirləri çərçivəsində bu buferzonanın tarixi torpaqlarımız hesabına yaradılması da artıq kifayət qədər aktualdır. Təxribatların törədilməsi sülh danışıqlarını tamamilə şübhə altına alır. Azərbaycan ordusunun hərbi qulluqçusu öz tarixi torpağından açılan atəşlə suveren ərazilərimizdə şəhid olursa, belə bir vəziyyətdə, belə bir münasibətlərin gərgin səviyyəsində hansısa sülh danışıqlarından söhbət gedə bilməz”.
Ədalət Verdiyevin sözlərinə görə, Ermənistana sülh lazım deyilsə, Azərbaycana bu sülh heç lazım deyil: “Bizim üçün sülh, Azərbaycan əraziləri 30 illik işğal altında qalan müddətdə lazım idi. İndi sülh daha çox Ermənistana lazımdır”.
Hərbi ekspert Ermənistan tərəfinin Azərbaycana qarşı qəsdən törətdiyi təxribatda İran dronlarından istifadəyə də münasibət bildirib: “İran dronlarından istifadə məlumatları mövcud olsa da, onları hələ ki, təsdiqləyən foto və ya video-materiallar əlimizdə yoxdur. Amma hər bir halda İranın belə bir dronları Ermənistana verdiyi istisna edilməməlidir.
Əlimizdə video-materiallar olduqda, biz dronların markasını və imkanlarını araşdıra bilərik. Hələ ki, belə bir real görüntülər əlimizdə yoxdur. Odur ki, bu barədə hesab edirəm ki, danışmaq bir qədər tezdir”, - deyə hərbi ekspert vurğulayıb.
Tahirə AĞAMİRZƏ