Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, bu hadisə Ermənistanın mina terrorunu davam etdirməkdə son dərəcədə qərarlı olduğunu göstərir: “Şuşada üç hərbçimizin xəsarət alması ilə nəticələnən mina terroru İrəvanın sülh niyyətindən uzaq olduğunu, mina terrorunu, habelə hərbi müstəvidə digər təxribatlarını davam etdirməkdə qərarlı olduğunu nümayiş etdirir. Bu fakt bir daha göstərdi ki, Ermənistanın sülh müqaviləsi ilə bağlı dedikləri sadəcə imitasiyadır və reallıqdan tamamilə uzaqdır. Bu təxribat Ermənistanın hazırda Azərbaycan torpaqlarında mina basdırmaqda davam etdiyini ortaya qoydu.
Respublika Veteranları Təşkilatının sədr müavini vurğulayıb ki, ermənilər indi də hərbiçilərimizin istifadə etdiyi yollarda, əsasən təminat yollarında mina basdırırlar. Şuşadakı mina terroru ilə bağlı ilkin araşdırmalar hərbçilərimizin Ermənistanda istehsal edilən minaya düşdüyünü göstərir. Ermənistan postmüharibə dövründə mina istehsalını genişləndirməklə yanaşı, onun Azərbaycan torpaqlarında basdırılması səylərini də genişləndirməkdədir. Bu isə, həm beynəlxalq qanunlara, həm də 2020-ci ilin 10 noyabr bəyanatına tamamilə ziddir. Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistandan hərbi yüklərin daşınması dərhal dayandırılmalı, qeyri-qanuni erməni silahlı dəstələrinin ən qısa müddətdə ərazimizdən çıxarılması təmin edilməlidir.
“Xatırladım ki, 2021-ci il iyunun 4-də Ermənistan jurnalistlərimizə qarşı da mina terroru həyata keçirib. Həmin terror aktı nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar. Bu, onu göstərdi ki, Ermənistanın mina terroru hərbçilərlə yanaşı, mülki vətəndaşları da eyni amansızlıqla hədəf almaqda, azad söz, media üçün də ciddi təhlükə kəsb etməkdədir.
Biz erməni təxribatlarının qurbanları olan bütün soydaşlarımız kimi, mina terrorunda həlak olanların da daim ehtiram hissi ilə yad edəcək, onları heç vaxt unutmayacağıq. Ermənistan gec-tez xalqımıza qarşı törətdiyi bütün cinayətlər kimi, mina terroru ilə bağlı cinayətlərə görə də cavab verəcək”, - deyə Cəlil Xəlilov əlavə edib. (AZƏRTAC)