19.04.2024, 22:54
AZ EN
29.03.2023, 10:45

Vətənə qayıtmağın əlahiddə sevinci

Şərif AĞAYAR

Mən onu daha çox traktorun arxasına qoşduğu ikitəkərli çənin şlanqı ilə məcburi köçkün ailələrini su paylayan yerdə xatırlayıram.

Özü də gülə-gülə...

Nazik bığlarının ucundan xoşbəxtli tökülə-tökülə...

Bir az artıq düşünəndə qonşunun təzə yeriməyə başlayan oğlu əlində armudu stəkan yanlarını basa-basa “su mərəkəsi”nə yaxınlaşır, stəkanı ona uzadır, o da suyun tutiya sanıldığı bu isti Aran çöllərində yaşayan insanların narazılığını nəzərə almadan şlanqı armudu stəkana tutur, su dolub-daşır, suyun dolub-daşan yerindən ətrafa işıq çilənir və elə bu işıqdanca nə vaxtsa hər şeyin yaxşı olacağına inanıram.

Gözlərinin parıltısına aldanmayın, bir az diqqətlə baxsanız, dərinliyində ahəstə dalğalanan intizarı görəcəksiniz. Səbəb? Bir deyil, beş deyil. Yurd-yuvanın işğalından tutmuş kasıblığa qədər yüz dərd saymaq olar. Amma ehtiyac yoxdur. Çünki bütün bunlar keçmişdə qalıb.

Novruz tətilində Laçındakı kəndimizdən gəlib. Elə həmin su payladığı Aran düzündə yerləşən qış yatağına. Ünvan dəyişməyib. Çöhrəsindəki gülüş də həmənkidir. Lakin indi nə su növbələri var, nə də baxışlarındakı otuz illik intizar. O traktor da, o çən də tarixin arxivinə yuvarlanıb.

Elə hey kəndimizdən danışır: məhəllələrdən, evlərdən, bulaqlardan, meşədəki meyvə ağaclarından, yollardan... Onun təqdimatında heç bir çatışmazlıq yoxdur. Hər yerə yol, işıq çəkilir. Hər yanda güclü tikinti gedir. Havalar da əvvəlki kimi soyuq deyil. Ay tövbə, qışın qış günü köynəkdə gəzir, səhərlər enib çayda yuyunur...

Sanki on illər uzunu talanıb-viranə qoyulmuş balaca bir yaşayış məskənindən yox, səmavi kitabların bəşəriyyətə müjdə verdiyi cənnətdən danışır. Şübhə edənlərə fotonu ayrı göstərir, videonu ayrı.

Meşədə ayıdan qorxmasını da sevinə-sevinə danışır.

Doğma yerlərin ayısından qorxmaq da başqa aləmmiş!           

Əslində, mən kəndə ondan xeyli əvvəl getmişdim. Onda qolumdan tutub az qala uşaq kimi yalvarmışdı. Məni də apar demişdi. Yanılmıramsa, gözləri də dolmuşdu. Bu, adi bir vətən sevgisi deyildi, nə isə başqa şey idi. Əlacsız qalıb söz verdim, dedim, növbəti fürsətdə mütləq onunla gedəcəyəm. Başqa cür ola da bilməzdi. Yoxsa gərək vicdansız olaydım.

Düzünü desəm, birlikdə getməyə iki-üç dəfə cəhd də göstərdim, lakin alınmadı.

Bir gün özünün xəbərini doğma yerlərdən aldım. Qohumlardan birinin arı təsərrüfatına qoşulub getmişdi. Bir də baxam nə? Kəndimizdə, çayın qırağında maşınla bal çəkir.

Həmişəki doğma təbəssüm də çöhrəsində!  

O gedən, bu gedən ilişib qaldı Laçında. Hansısa tikinti şirkətinə nəzarətçi düzəldi.

Kəndlərə yol çəkirlər.

Kor nə istər, iki göz – illərlə həsrətini çəkdiyin yurdunda qalıb işləyəsən, özü də yol çəkəsən!

Məncə, təzə yeriməyə başlayan o balaca uşağın armudu stəkanına qızırqalanmadan tökdüyü suyun mükafatıdır bu. Deyirəm də, parıltısında nəsə görmüşdüm!

Meşələrdə bütün ağacları tanış adamlar kimi axtarıb. Anlaşılan dəli kimi söhbət edib hamısı ilə. Kim bilir bəlkə əllərindən öpüb. Bəs necə! Yazın cilvələnən vaxtı istənilən ağaca yaxınlaşanda budaq qolları, yarpaq əlləri ilə sənə salam verir.

Ağaclar adamlardan etibarlıdır – o demir, mən deyirəm. Hal-əhvalından bu fikirdə olduğunu təxmin edirəm. Ağaclar qoyub gəlməyib kəndimizi. Şaxtaya-yağışa sinə gərib bizi gözləyib. Ayrılığa dözməyəni də olub. Biri ayaq üstəcə quruyub, biri yerli-dibli yoxa çıxıb.        

Bəs bulaqlar? Onlardan danışanda aşkarca kövrəlir. İki-üç batmış bulağı öz əlləri ilə qazıb çıxarıb. Bir neçəsini isə kol-kosun, şax-şəvəlin arasında güc-bəla təzədən kəşf edib. Yəqin inanmayacaqsınız, bulaqların biri özünü lap dəcəlliyə qoyub – yerini dəyişib! Əsl gizlənqaç. Guya tapmayacaq onu. Ay-hay! Aradan illər keçsə də, hər yanı qarış-qarış xatırlayır. Hər daşın, hər kolun, hər yamacın tozunu ala-ala yaddaşında diri saxlayıb.

Yeni müşahidəm: şaqqanaq çəkib gülməyi öyrənib. Onun səsli güldüyünü bu otuz ildə ilk dəfə görürəm. Əlbəttə, təzələnən vətənin təzələnən lətifələrinə: orta yaşlı sürücü qohumumuz bu yay kəndə gedibmiş, bulaqların başında möhkəm vurur, sonra gəlib məhəllələrində nənəsinin səhəngini görür, qucaqlayıb başlayır ağlamağa. Bir də baxalar nə? Qucaqladığı sənək deyil, torpağın altında qalan köhnə-kürüş maşın “qluşitel”idir.

Gözləri yaşaranacan gülür!

Otuz illik intizarı beləcə yuyub aparır.

Hər xatırlayanda onu gülüş krizinə salan o məzhəkənin videosu da var telefonunda, açıb göstərir, güldükcə-gülür, amma paylaşıb kişini biabır edərlər deyə heç kimə göndərmir.

Paylaşmalı videolar o qədərdi ki! Elə biri ata evinin həyətində qaladığı bayram tonqalı... Danışmağı yoxdu, qısaca dua eləyir, deyir, bu od-ocaq bir daha sönməsin. Adam içindən amin deyir onun dualarına. Daha doğrusu, adamın içi öz-özünə amin deyir.

Doğma kəndimizin ləhcəsində söylədiyi iki-üç kəlmə söz bir romana bədəldir!

Bir stəkan suyun savabına baxın – işlədiyi şirkəti bizim kənddə yerləşir. Dağılmış xəstəxananı yaxşıca düzəldib ofis ediblər. Təsvir edəndə bir baxasınız... Hamamı, soyuducusu, televizoru, generatoru... Yeməyi, içməyi, istirahəti... Hava da ki qaymaq!

Di gəl bununla da bəs etməyib, babasıgilin həyətindəki əl evini düzəldib, ora yığışıb. Balaca daxmasında nələr yoxdur: odun-ocaq, ceyran peçi, manqal, meyvə arağı, üstəlik meşə almasından ləzzətli tutma... Bəh-bəh-bəh!

Bütün danışdıqları bircə kəlmə deyir: yığışın gəlin!

Və hər sözü, hər hərəkəti, hər mimikası deyir bu bircə kəlməni.

Kəndə səsləyir hamını. Yolları da bu həvəslə çəkir. Nə olsun hamı bu otuz ildə altı alçaq maşın alıb. İndi əvvəlki kimi deyil, yollar çox rahatdır. Hələ asfalt çəkilməsə belə, lap “Mercedes” də gedər kəndimizə. İstəsə yaylağa da qalxar. Lap meşəyə də düşər. And içir!

Bəs hər şey belə yaxşıdırsa, asfaltı niyə çəkmirlər? Hökumətin yerinə sinəsini qabağa verir: çünki yük maşınları çox gedir, çəksələr də xarab olacaq, Allah qoysa, işlər tamam yekunlaşandan sonra bütün yollara şüşə kimi asfalt döşəyəcəklər.

Gecə qayğılı yatır. Sabah tezdən yola çıxacaqlar. Evdən qoyulan pay-püşkə gözünün ucuyla da baxmır. Təbii, heç nə lazım deyil. Hər şey var orda. Nə desən!