26.12.2024, 21:00
AZ EN
22.01.2023, 10:00

Doğma yurda səfərin təəssüratı - 3

Sabit ƏZİMOV

  • Mənim doğma yurdum, hər fəsildə gözəl təbiəti, bərəkətli torpağı olan, zəngin, yaraşıqlı, vətənpərvər insanların vətəni Ağdamım! Uzun illər keçsə də, unutmadıq, hər an görüşünə tələsdik, bağlı qapılar arxasında sənin taleyini yazdılar-pozdular, lakin düşmən tapdağında qalsan da, heç vaxt qürurun əyilmədi, səni azad etmək üçün bütün xalqımız birləşdi, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında müzəffər Azərbaycan Ordusunun qələbə döyüşünə başladığı gün böyük Zəfərin qazanılması ilə nəticələndi, 2020-ci noyabrın 20-də Ermənistan Silahlı Qüvvələrinin qeyd-şərtsiz Ağdamdan çıxarılması nəticəsində ana torpağımıza qovuşduq.

Əlbəttə, Ağdamsız illəri yaşamaq, hətta təsəvvür etmək olduqca çətin və ağrılı oldu. Bir anın içində bizləri öz doğma qucağında bəsləmiş, böyütmüş, həyat fəlsəfəsini tam mənada görməyə, duymağa nəfəs vermiş Ağdamdan ayrı düşmək asan deyildi. Uzun bir tarix ötdü, bu torpağın övladları vətən üçün canlarını qurban etdilər, şəhidlik zirvəsinə ucalaraq qəhrəmanlıq tariximizə öz adlarını əbədi həkk etdilər. Bir çox insanlarımız özlərinə heç vaxt rəva bilmədikləri məcburi köçkün həyatını yaşamağa - buna yaşamaq demək mümkündürsə - davam etdilər, xeyli vətən övladı həsrətlə əbədi olmayan dünyamızdan köç etdi.

Ağdam rayonu, onun sakinləri, əmək-zəhmət adamları işğal dövrünə kimi çox böyük inkişaf, tərəqqi yolu keçmişdilər. O zamankı Ağdamı düşünərkən, həqiqətən də, necə qüdrətli, sərvətli bir torpağımız, insanlarımız olduğunu tez-tez xatırlayır, belə qənaətə gəlirəm ki, mənfur düşmənlərimiz, onların havadarları düşmənçilik-işğalçılıq siyasətini həyata keçirməsəydilər, Ağdamın dünyanın ən inkişaf etmiş bir regiona çevrilməsinin şahidi olardıq.

Düzünü deyim ki, tarixi, əbədi, müqəddəs yurd yerimizi hər dəfə ziyarət etməyə gedərkən həm sevinc, həm də kədər hisslərinin tam əhatəsində oluram. Elə hey düşünürəm ki, niyə belə oldu? Vaxtilə çox abad, yaraşıqlı, mərd övladların yaşadığı qüdrətli Ağdamı bu vəziyyətdə görmək asandırmı? Hansı hisslər, özüm-özümə verdiyim suallar əhatəsində olsam da, ayağımın doğma torpağımın üzərində olması mənə güc verir, sabaha olan ümidlərimi artırır. Heç nə olmasa belə, Ağdamın azadlığı mənə kifayət edir. Şəhərin bir sıra yerlərini addım-addım gəzərkən bu torpağın övladlarının simaları gözümün qabağına gəlir, xoş həyat illəri yaşadığımız, bəxtəvər Ağdamlı günlərimizin şahidləri ilə həmsöhbət oluram, dərdləşirik, elə bilirəm ki, o insanlarla birlikdə addımlayıram. Çox təəssüf ki, bunlar xəyal dünyamız, bir də o vaxt mövcud olmuş Ağdam reallığıdır.

Tamamilə dağıdılmış şəhər erməni vəhşiliyini əks etdirir, qəddarlıq, vandalizm bütün sahələrdə özünü göstərir. Bəs 30 ilə yaxın dövrdə bu şəhərin düşdüyü vəziyyəti görən beynəlxalq müşahidəçi missiyalar, qurumlar nə üçün susub, bəşəriyyət üçün, insanlıq əleyhinə cinayət törətmiş Ermənistan silahlı qüvvələrinə, terrorizmə rəvac verən, dəstəkləyən dövlətin siyasi liderlərinə qarşı heç bir sanksiya tətbiq etməyiblər? Yaşadığımız dünyada ikili standartların hansı vəziyyət yaratdığı isə Ağdamın işğal altında olan dövrdə necə xarabalığa çevrildiyini bir daha təsdiq edir. Ağdam rayonunun bütün iqtisadiyyatına vurulmuş ziyanın tam qiymətləndirilib ödənilməsi təmin edilməlidir.

Şəhərimizdə görülən bərpa-quruculuq işlərində xeyli dəyişikliyin şahidi oldum, yeni quruluşlu yaşayış binalarının, məktəb tikintisi, məscidin bərpasının sürətlənməsi, sənaye parkında geniş, texnoloji yeniliklər, əhatəli işlər, İmarət kompleksində bərpa işləri, yol infrastrukturunun əsaslı şəkildə qurulması əvvəlki səfərimdə gördüklərimdən müsbət istiqamətdə inkişaf etməkdədir.

Şəhərin mərkəzindən hava limanı istiqamətinə Ə.Bayramov küçəsi ilə getdikcə bir daha əmin oldum ki, ermənilər uzun illər ərzində yaşayış, digər bina və müəssisələrin tikinti materiallarının sökülərək daşınmasında dini etiqad baxımından özümüzə yaxın hesab etdiyimiz dövlətlə sıx əməkdaşlıq edib, çünki bir sıra sökülmüş şəxsi evlərin, hasarların üzərində məxsusi əlifba ilə işarələr var, bu da onu göstərir ki, erməni vandalları indiki şəraitdə olduğu kimi, işğal dövründə də yaxın hesab etdiyimiz qonşularımızla ticarət əməkdaşlığı-qəsbkarlığı davam etdiriblər.

Yoluma davam edərkən Ağdam elektrik şəbəkəsi, tikinti materialları satış mərkəzi, polietilen istehsalat müəssisəsinin mövcud olduğunu təsəvvürə gətirmək olmur, elə bil ki, ümumiyyətlə, olmayıb. Halbuki, qonşu rayonların da elektrik enerjisi ilə fasiləsiz təmin olunması baxımından Ağdam rayonu xüsusi rol oynayırdı. Sərsəng su kanalının bu ərazidən keçən hissəsi də sökülmüş və dağıdılmışdır. Təsərrüfatlararası texniki kömək nəqliyyat müəssisəsi, Qullar kənd orta məktəbi, ərazidəki yaşayış evlərinin yerini müəyyənləşdirmək o qədər çətindir ki, sanki olmayıb. Bir az da irəlidə Natəvan sovxozuna məxsus üzümçülük bağları, sol tərəfdə yerləşən Bitum istehsalı zavodu da ekoloji terrora, dağıntıya məruz qalıb. 1980-ci illərə qədər yol infrastrukturunun qurulması üçün Bitum zavodunun xüsusi rolu olmuş, sonralar Ağdam-Füzuli magistral yolunun Qarqar çayı üzərində salınmış körpünün sağ tərəfində 8 nömrəli yol tikinti birliyi - asfalt zavodu tikilərək istifadəyə verilmişdi. Onu qeyd etməliyəm ki, Ağdam şəhərinin ətraf qəsəbə və kəndlərinin abad yollarının inşa edilməsində bu birliyin müstəsna rolu olmuşdur. Hava limanı istiqamətində irəlilədikcə Ağdamdan keçərək Xankəndinə çəkilmiş dəmiryolunun sökülərək dağıdılması onu deməyə əsas verir ki, ermənilər heç zaman onlara yaradılmış şəraitə layiq olmayıblar, əksinə, imkanlardan gicəllənərək daha da azğınlaşmışlar, ziyan vurmaq, azərbaycanlılara qənim kəsilmək həyat normalarına çevrilmişdir.

Dəmiryolunun keçdiyi yol kəsişməsindən keçib dayandım, yadıma düşdü ki, vaxtilə Azərbaycandan mühacirət etmiş, Türkiyədə geniş pambıq istehsalı fabrikləri olan, ata babası ağdamlı bir biznesmen, bax, bu dayandığım yerdə Ağdama hədiyyə olaraq bir fabrik tikmək istəyirdi. Natəvan sovxozuna məxsus torpaq sahəsindən xeyli ərazi ayrıldı, tikinti üçün xüsusi meydança yaradıldı, rayon ictimaiyyətinin geniş iştiraki ilə görüş, layihənin təqdimatı keçirildi. Amma təəssüf ki, mövcud rejimin xüsusiyyəti bu möhtəşəm layihənin həyata keçirilməsində əngəl oldu, fabrik tikilməsi mümkün olmadı. İndi isə dövlət müstəqilliyimizin, işğaldan azad olunmuş torpaqlarımızın yaratdığı imkan öz sahibini gözləyir. Tarixilik, varisliyin qorunması baxımından Türkiyə dövlətinin müvafiq iş adamlarına vaxtilə yarımçıq - arzu olaraq qalmış fabrikin tikilməsi üçün şərait yaratmağın məqsədyönlü olacağını düşünürəm, inanıram ki, müştərək arzumuz - vətən övladının vətən həsrətilə bağlı xoş niyyətinə yenidən baxılmalıdır.

Ağdam rayonu yeniliklərin tətbiqi, nümunəyə çevrilməsi ilə həmişə öncül olmuşdur. Kənd təsərrüfatı rayonu olaraq qabaqcıl təsərrüfatçılıq layihələri, müasir təcrübənin öyrənilməsi və tətbiqi sahəsində görülən işlər nümunə, təcrübə məktəbi hesab edilirdi. Bunun nəticəsidir ki, adı çəkilən təsərrüfatın torpaq sahəsində 60 hektar əkinə yararlı sahədə yemçilik kooperativi yaradıldı, gənclərdən ibarət kollektiv ittifaq miqyasında tanındı, təbliğ edildi, ittifaqın mərkəzi mətbuatında geniş məqalələr - yazılar dərc olundu. Kooperativin ilk ilində xalis gəlirin miqdarı böyük bir təsərrüfatın illik mənfəətinə bərabər oldu. Gəncliyimizin ən enerjili, təşəbbüskar və məqsədyönlü istiqamətini yönəltdiyimiz, nümunə kimi yaratdığımız burada da keçmişdən heç nə qalmayıb, hətta münbit torpağımıza qarşı da ekoloji terror törədilib, torpağın üst səthi külək erroziyasına məruz qalıb, zəhərli tullantılarla çirkləndirilib.

Bu ərazidən gözlə görünən ən dəhşətli mənzərə ondan ibarətdir ki, Qarqar çayının sağ sahilində yerləşən bütün kəndlərimiz, təbiətin zəngin mənzərələri tamamilə məhv edilib. Novruzlu, Yusifcanlı, Mərzili, İsmayılbəyli, Pirzadlı, Bağbanlar, Saybalı, Gülablı, Şıxbabalı kəndlərinin mövcud olan yaşayış evlərinin dağıdılmış, yandırılmış vəziyyətini müşahidə etmək olduqca kədərli, təsiredicidir. Açığını deyim ki, nəyisə olduğu kimi görmək istəsəm də, əslində, bu yerdə ürəkaçan heç nə qalmayıb.

 İrəlidə yerləşən Ağdam rayonu hava limanına çatanda, ərazini tanımayan insan burada nəysə olduğunu belə düşünə bilməz. Xatırladım ki, əvvəllər Ağdam-Bakı reysi ilə YAK-40, sonralar isə Tu-154 sərnişin təyyarələri uğurlu uçuşları buradan yerinə yetirirdilər, birbaşa alınmış biletlər vasitəsilə keçmiş ittifaqın paytaxtı Moskva və digər mərkəzi şəhərlərə rahat getmək olurdu. Qeyd edim ki, bu hava limanı çox səliqəli, geniş sahəsi, xüsusi relyefi ilə seçilirdi, hətta ağır yük təyyarələrinin istifadəsi üçün nəzərdə tutulmuşdu. 1988-ci ildə erməni separatizmi, terrorunun qarşısının alınmasında, blokadaya alınmış kənd və şəhərlərdə yaşayan azərbaycanlı bacı-qardaşlarımıza kömək göstərilməsində Ağdam hava limanı, onun bütün kollektivinin böyük rolu olmuşdur. Bircə faktı deyim ki, Xocalıda soyqırım törədildiyi zaman Gəncədən üç helikopter məhz ağdamlıların təşəbbüsü və sifarişi ilə hava limanına gətirilmiş, ən çətin anlarda yerli vətənpərvər gənclərin silahlı müşayiəti ilə ermənilər tərəfindən kütləvi öldürülmüş xocalılıların təhqir olunmuş cəsədləri olan əraziyə xilasetmə üçün eniş edilmişdir. İndi bütün dünyada üzərlərində soyqırımın əlamətlərinin təsdiqi olaraq təqdim edilən azyaşlı uşaqların donmuş cəsədləri 26 fevral 1992-ci ildə ermənilərin nəzarət etdiyi ərazidən Ağdama gətirildi, Amerika və Fransadan olan jurnalistlərin də iştirakı ilə baş verən hadisələr haqqında tam çəkilişlər təşkil olundu. Belə bir hadisə oldu: helikopterlər hadisə yerində olub hava limanına qayıtdıqda kömək məqsədi ilə helikopterdə olan ağdamlı vətənpərvər gənclərdən biri meyitlərin səpələndiyi ərazidə qalmış, hətta erməni silahlı qüvvələrinin bölmələri ərazidə olarkən çətin vəziyyətdən xilas olmuşdur. Yaranmış vəziyyəti görən Ağdamlılar helikopterləri çətinliklə də olsa razı salaraq təkrar uçuşa vadar etmiş, Ərəstun Süleymanov hadisə baş verən ərazidən hava limanına qaytarılmışdır. Xocalı hadisələri ilə bağlı çəkilmiş lentlərin önündə yer alan, vətənpərvər ruhda tərbiyə almış qəhrəman vətən övladı birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş, Novruzlu kənd qəbiristanlığında dəfn edilmişdir.

1992-ci il may ayının 7-də çalışdığım iş sahəsindən vəzifə xidməti ilə bağlı Mərzili kəndinə gedərkən hava limanında xeyli sayda insan toplaşdığını görüb dönüş edərək hava limanının dispetçer xidməti deyilən sahəsinə yaxınlaşdım. O dövr üçün Şuşa ilə xüsusi aparatlar vasitəsilə daha asan əlaqə yaratmaq üçün burada olan qurğular rahat imkan verirdi. Açıq-aydın eşidilirdi ki, Şuşa teleqüllədə xidmət edən gənc operator qız ermənilərin türmə, yanacaq doldurma məntəqəsi və Malıbəyli kəndi yaxınlığında postlar qurduğunu deyir, bu vəziyyətə görə tədbir görülməsinə çağırış edirdi. Yaranmış vəziyyətdən narahat olan yerli icra orqanları tərəfindən Gəncədən hərbi təyinatlı helikopterlər hava limanına eniş etdilər, kömək məqsədilə uçuşa başlamaq qərarı verilən zaman isə yanacaq çatışmadığını dedilər. O vaxt hava limanının təchizat məsələlərinə cavabdeh olan şəxs mülki aviadaşıma üçün nəzərdə tutulmuş yanacağın böyük hissəsini helikopterlər üçün təmənnasız verdi, əslində, bu, böyük cəsarət tələb edən məsələ idi. Havaya qalxmağa qərar verəcək helikopterin kapitanı mühərrikin də işə düşmədiyi ilə bağlı daha bir problem yaratdı, insanların güc vasitəsilə kömək etməsini tələb etdilər. Yəqin ki, ağıllı bir təklif vaxtında olunmasaydı, helikopterin fırlanan pərləri neçə - neçə insanın həyatına son qoya bilərdi… Beləliklə havaya qalxan və Şuşaya kömək etməli olanların endirdikləri zərbələrdən əziyyət çəkən də öz müdafiə qüvvələrimiz oldu. Yuxarıda qeyd etdiyim ünvanda olan operator xanım baş verən görüntüləri qısa bir vaxtda olduğu kimi çatdırdı, bu isə hamımızın əhvalını tam pozdu. Bunları deməkdə məqsədim daha çox ondan ibarətdir ki, vaxtilə məkrli, hiyləgər qüvvələr bizə qarşı hər tərəfdən çətinliklər yaradırdılar, onların havadarları bu günə kimi başımıza gələn, əziyyət çəkdiyimiz işğala dolayısı ilə dəstək olmuşlar.

Ağdam aeroportu adlanan ərazinin şimal istiqamətində kiçik bir kənd - Xutor adlanan yaşayış məskəni mövcud idi, kənddə 8 illik məktəb, sosial məişət obyektləri, xüsusi quruluşlu yaşayış evləri mövcud idi, 60 ailənin yaşadığı bu məkanın qəribə tarixi var idi. Təəssüf ki, burada yaşayan insanlar- Acarıstandan köçürülmüş axıska türkləri, onların nəsillərinin davamçıları bizimlə birlikdə bir daha köçkünə çevrildilər. Qeyd edim ki, rəsmi sənədlərdə kənd məktəbinin adı Acarlı adlanırdı.

Ağdamın hər guşəsi səfalı, tarixi zəngin olmuşdur. Gələcəkdə qurulacaq yeni Ağdamda böyük arzularımıza - yarımçıq qalmış arzularımızın bütövlükdə həyata keçməsinə nail olmaq ömür payımızın qismətidir, eyni zamanda, gələcək nəsillərin xoşbəxt gələcəyi naminə çox işlər görməliyik, indiki dövrdə üzərimizə düşən ən vacib məsələ bundan ibarətdir.

Qarqar çayının sol sahilində dayanaraq, özümdə güc toplayaraq daha bir ünvana, bundan sonrakı paylaşımda geniş və ayrıca fikir bildirəcəyim, sağ sahildə yerləşən bir kəndə sakitcə, həyəcanla baxır, uzun illərin həsrətindən sonra bir-birimizi necə qarşılamağımızı düşünürəm, bu görüşün təəssüratının, kövrək hisslərinin də asan olmadığını başa düşürəm...

Ağdamda görüşmək arzusu ilə!