...Beyləqan şəhərində yazıçılarla görüş keçirilirdi. Mən də iştirak edirdim. Oxucularla sual-cavab formatında təşkil olunan tədbirdə gənc bir oğlan ayağa qalxıb üzünü mənə tutdu, dedi, sizin adınızı ilk dəfə laçınlı bir tələbə yoldaşımdan eşitmişəm və onun tövsiyəsi ilə kitablarınızı alıb oxumuşam, həmin oğlun sonuncu müharibədə şəhid oldu.
Mən sövq-təbii “Kimi deyirsiniz?” deyə soruşdum. Cavabı “Şahgündüz Cabbarov” oldu.
Açığı, bu cavab mənə həm qəribə gəldi, həm də içimdən xəfif bir sızıltı keçdi. Çünki mən Şahgündüzü iki detala görə heç vaxt unutmurdum: onun şirin barmaqlarla saz çalmasını və şəhid olarkən şair atasının qəbri üstündə səslə ağlamasını...
Nə zamansa məni tanıması, hətta dostlarına tanıtması Şahgündüzü, təbii olaraq, mənə bir az da doğmalaşdırdı. Amma, çox təəssüf, tədbirdən sonra mən onun haqqında danışan cavan oğlanı tapa bilmədim, mənimlə şəxsən görüşüb tanış olmağı lazım bilmədən çıxıb getmişdi.
Şahgündüz məcburi köçkünlük illərində Bərdə rayonunda doğulsa da, əsli Laçının Oğuldərə kəndindəndir. Biz bu kəndi gözəl şairimiz, gözəl ağsaqqalımız Ağa Laçınlı ilə tanıyırıq. Ağa müəllimdən əvvəl Oğuldərə kəndi Şərqi Zəngəzurda öz igid oğulları ilə məşhur idi. Dağlarda qartal kimi ömür sürən bu insanların çoxu sovetlər kimi ciddi totalitar sistemin qanun-qaydalarını vecinə almırdı. Onların öz adət-ənənələri vardı və bununla da yaşayırdılar.
İgidlik, cəsarət daha çox genetik faktordur. Lakin mühitdən də çox şey asılıdır. Laçındakı qüruru, yenilməzliyi, mərdliyi ağır məcburi köçkünlük illərində qoruyub-saxlamaq asan məsələ deyildi. Həm coğrafiya fərqli idi, həm də insanlar sınıq düşmüşdü.
Bizim xoşbəxtliyimiz onda oldu ki, dağ təbiətindən aldığımız igidliyi, mərdliyi ən ağır illərdən keçirərək genetik miras kimi yeni nəslə ötürə bildik. Məncə, İkinci Qarabağ savaşında zəfər çalmağımızın ən vacib səbəblərindən biri bu idi.
Şahgündüz də canında-qanında dağ igidliyini daşıyan bir gənc idi. Üstəlik, atası, tanınmış şair Kamil Vəfadardan çox şey əxz eləmişdi. Kamil müəllimin yazdığı şeirlər də min illik el ədəbiyyatımızın ən ali mənəvi dəyərlərinə söykənir.
Uşaq yaşlarından atası saza böyük marağını görüb onu ustad yanına göndərir, sonra özünə saz alır. Halbuki Şahgündüzün aşıqlıq etmək, musiqi ilə peşəkar səviyyədə məşğul olmaq arzusu yox idi. Orta məktəbi bitirən kimi Neft və Sənaye Universitetinə daxil oldu. Ardınca hərbi xidmət keçdi. Əsgərlikdən qayıdan kimi Dövlət Neft Şirkətində qazmaçı kimi işə başladı.
Amma sazından da ayrılmadı heç vaxt. O, sazı görmədiyi Laçının bir parçası kimi həmişə sinəsinin üstündə gəzdirdi. Şəxsən mən belə gənclərdən çox tanıyırdım. Əminəm, onun mənim kitablarımla maraqlanması, dostlarına tövsiyə etməsi də ədəbiyyata sevgisindən çox, Laçın sevgisi ilə bağlı idi. Biz bu sevginin sübutunu İkinci Qarabağ Savaşında gördük. Şahgündüz heç kimlə məsləhətləşmədən könüllü cəbhəyə yazıldı. Çünki bu yolun zəfərə getdiyini həssas qəlibi ilə hiss eləmişdi.
Bütün dünyanın əsl qəhrəman kimi tanıdığı və sevdiyi əfsanəvi Çe Gevaranın bankdakı işini qoyub Boliviyaya – partizanlara köməyə yollanması dillərdə dastan kimi dolaşır. Bəs bir azərbaycanlı gənc üçün Bakıda ali məktəbi bitirib “Neft şirkəti”ndə işə düzələndən sonra - qarşıda səadət, xoşbəxtlik dolu həyat varkən, hər şeydən imtina edib könüllü cəbhəyə yollanması hansı qələmin yazdığı dastandır? Və hansı dastandan əskikdir?
Bax bu ruh idi bizi otuz ilin töhmətindən xilas edən!
Avtobioqrafiyasına baxırsan, cəmi üç-dörd cümlədir: orta məktəbi bitirib, ali təhsil alıb, əsgəri xidmətini başa vurub, işə düzəlib. Vəssalam. Qısa bir ömrə başqa nə sığışdıra bilərsən ki? Onun tərcümeyi-halının müharibə ilə bağlı hissəsi əsas mətnindən daha çoxdur: könüllü cəbhəyə yollanıb, Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut, Tuğ və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib, şücaət göstərib, 25 oktyabr 2020-ci ildə Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə həlak olub, Xəzər rayonu, Binə sovxoz qəbiristanlığında dəfn edilib, ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəsur Döyüşçü" medalları ilə təltif edilib.
Hələ biri də var: Həqiqi hərbi xidmət keçdiyi vaxt ən yaxşı əsgərlərdən biri kimi korpus komandiri Mais Bərxudarov tərəfindən fəxri fərmanla təltif edilib.
İndi şəhidliyin acısı bir az da artıb elə bil. Texniki imkanlara görə onlardan çoxlu video və fotolar yadigar qalıb. Şahgündüzün də güləş çöhrəsi, zarafatları, sazda ifa edib oxuduğu havacatlar bizimlə ömürlük yol-yoldaşıdır. Bu gün isə bütövlükdə Şahgündüz günüdür. Çünki Tanrı məqamına ucalan nur üzlü qardaşımız məhz bu gün dünyaya gəlib.
...Ötən ilin son kitab sərgilərinin birində iki ucaboy, yaraşıqlı gənc yaxınlaşdı mənə. Onları hardansa tanıyırdım. Çox doğma gəlirdilər. Tanış olduq. Şahgündüzün qardaşları imiş. Xeyli duyğulandım. Dedilər, atamız da indilərdə gəlməlidir, burdasınızsa, sizinlə görüşmək istəyir. Məmnuniyyətlə gözlədim.
Şahgündüzün təkcə atası yox, həm də könül sirdaşı olan Kamil Vəfadarla da görüşdük. Şair kimi tanıdığım, şəhid atası kimi ehtiramımı daha da artıran bu sərt baxışlı, arxaya daranmış ağ saçları ilə daha da əzəmətli görünən, çöhrəsində kədərlə qürur bir-birinə qarışan eloğlumu görən kimi məşhur bir atalar sözü düşdü yadıma: Tanrı dağına baxıb qar yağdırır. Və nə qədər xəsis olsam da, bu sözləri Kamil bəydən əsirgəmədim. Şahgündüzlə bağlı Beyləqan xatirəmi də bölüşdüm. Danışa-danışa mənə maraqla qulaq asan qardaşlarına baxdım. Elə bil özü ilə üz-üzə dayanmışdım.
Kamil Vəfadar təkcə oğlunun igidliyi ilə deyil, həm də onun uğrunda canından keçdiyi Vətən torpağının düşmən tapdağından azad edilməsi ilə qürur duyur.
Haqlı olaraq!
Bu qüruru hamımıza yaşadanlardan biri isə onun doğma övladıdır.
Nur içində yatsın.