26.12.2024, 20:28
AZ EN
01.12.2022, 12:13

30 ildə balaca bir daşı da unudulmayan Laçın

Şərif AĞAYAR

Klassik qəriblik anlayışı yeddi ildir. Nağıl yaddaşımızda özünə sarsılmaz yer tapan Aşıq Qərib doğma yurd-yuvasından yeddi ildən artıq ayrı qala bilmədi. Otuz il vətənsizlik olar? Otuz il bir igidin ömrüdür. Və necə ola bilir, bu qədər uzun bir zamanda doğulub böyüdüyün kəndin nə bir evini unutmusan, nə bir həyətini, nə bir küçəsini? Kimin əl evi hardadı, tövləsi hardadı, krantı hardadı, biçənəyi hardadı, yaylağı hardadı, iti harda bağlıdı, evinin içindən hansı qoxu gəlir, hansı ailədə neçə uşaq var, neçəsi qız, neçəsi oğlandı, axır illər hansı məhəllədə kimin toyu olub, musiqiçilər kim olub, toyda kim padşahlıq edib, kim necə oynayıb... Qalın-qalın kitablara sığmayan həyat detalları yaddaşında dipdiridir.

Hələ kəndin təbiəti: çaylar, meşələr, qayalar, bulaqlar, biçənəklər, dəyirman yerləri... Az qala on addımdan bir məkanlara ad qoyulurdu. Həm də gözəl adlar: Hasarlar, Quyu çökəyi, Gülənbərin piri, Əsli-Kərəm bulağı, Cərgələr, Elçıxan, Camal yurdu... Qaçaq gölü, Cilli göl, Çöplü göl...

Qaçaq gölün yaxasında iri daşlardan ibarət nəhəng çınqıllıq vardı. Dəlmə-deşiyi çox idi. Deyilənə görə, vaxtı ilə qaçaqlar gizlənirmiş burda. Çınqılın düz ortasında yerləşən bir zağa haqqında əməlli-başlı mif düzəltmişdilər. Guya içəri girdikcə zağa genişlənir, xüsusi düzəldilmiş pilləkənlərlə aşağı enib sonsuz tunelə çıxırsan. Orada rütubətdən əlindəki fənər sönür. Bəziləri lap ifrata varırdılar. Guya qaçaqlar gecə-gündüz işləyib bu tuneli dağın quzey üzündəki meşəyə qədər uzadıblar. Hökumət adamları çınqılı mühasirəyə alanda həmin tunellə gedib meşədən meyvə və su gətirirmişlər.

Meyvə demiş, nəhəng armud ağacları vardı. Hərəsinin də öz adı. Kəndin usta adamları bu ağacları balaca – qoz boyda meyvəsindən tanıyırdılar. Meşədən yığıb gətirdiyimiz armuda baxan kimi hardan yığdığımızı deyirdilər. Hətta o cənnət yerləri otundan, tikanından da tanıyanlar olurdu.

Kəndimizin üstündə - Ağdərə çayının yaxasında Cinli qaya adlı yer var. İnanca görə burda çoxlu cin yaşayır. Həmişə səsli küylüdür bu qaya. Ən sakit vaxtı da dinləsən nəsə eşidəcəksən.

Ümumiyyətlə, Laçında çoxlu qayalar var. Onların da hərəsinə bir ad qoyublar. Misal üçün, bizim Ağbulaq kəndi tərəfdə məşhur olan qayalardan Məcnun qayası, Gab qaya, Ata yerinin qayası, Dıdığ qayası, Qiblə qayası, Maydanuçan, Qaradağlı, Pir qayası və başqalarının adını çəkə bilərəm. Hər qaya ilə bağlı bir əhvalat, bir inanc, bir hadisə yaşayırdı yaddaşlarda. Bundan əlavə, hadisələrlə bağlı yer adları da çoxluq təşkil edirdi. Misal üçün, Əbdüləlibiçən, Kərimuçan, Möhübölən, Alıdüşən və s.

Bulaqlar ayrıca bir dünya idi. Hərəsinin öz dadı, öz sərinlik dərəcəsi, öz müalicəvi üstünlüyü... Kəndimizdə heç kəsin böyrəyində və öd kisəsində daş olmurdu. Çünki buranın suyu daşı əridirdi. Aran kəndlərində ərp tutan çayniklərdə bizim suyu bircə dəfə qaynatdınmı içi tərtəmiz olurdu. O suyu içə bilməzdin. Tökməyə məcbur idin. Çünki bulanıq olurdu. Bəzən çayniki iki-üç dəfə qaynatmalı olurdun. Əriyib suya qarışmış ərpin bulanığı itənəcən...

Laçın şəhərində bazar yox idi. Bazar adına quraşdırılmış yerdə beş-on nəfərdən artıq adam olmazdı. Laçınlılar həyətinin meyvəsini satmağa yaxşı baxmırdılar. Dilənçi yox idi şəhərdə. Adamlar nəzir-niyazını Molla Temir adlı gözləri xəstəlikdən tutulmuş bir kişiyə verərdilər. Mən onu görmüşdüm. Həddindən artıq həssas adam idi. Yaxınlaşıb salam verən kimi yanında neçə nəfər olduğunu bilirdi. Pulu tanıyırdı. O kimsədən nəsə istəməzdi, amma verilən pay-püşkü də geri qaytarmazdı.

Laçının təbiəti kimi adamları da heç kimə bənzəmirdi. Bərkdən danışır, mübahisə edir, adi səbəb üzündən az qala dalaşırdılar. Çoxu fiziki cəhətdən güclü və çılğın təbiətli idi. Sazı çox sevirdilər. Toy məclislərində mütləq saz aşığı olmalı idi.

Yas düşəndə Dəlidağa tərəf ucqar kəndlərdə molla tapılmazdı. Xəbər yayılan kimi bir dəstə adam qəbir üçün yastı daş çıxarmağa gedir, bir maşın isə aşağı kəndlərə molla dalınca yollanırdı. Laçında məscid də yox idi. Şəxsən mən yas yerlərinə gələn molladan başqa namaz qılan görməmişdim. Ramazan və Məhərrəmlik qeyd olunmurdu. Mən ilk Aşura gününü 1992-ci ilin, yəni Laçın işğal olunan ilin payızı Ağcabədi rayonunda gördüm. Təbii, namaz haqqında da, orucluq haqqında da, Kərbəla hadisələri haqqında da çox şey bilirdik, sadəcə dini ayinləri icra etmirdik. Deyilənə görə, yaşlılar bir müddət əvvəl bunların hamısını qeyd edirmişlər. Bizim nəsil bunu görmədi. Biz oktyabryat nişanı və pioner qalstuku ilə böyüdük. Sovet hökumətinə səmimi qəlbdən inanırdıq. Məktəb təbliğatı çox ciddi məsələdir. Lakin nənələrimiz bizə “Əli belini qurşasın” deyə alqış edirdilər. Din folklor səviyyəsində idi.

Qızları yuxarı siniflərdə məktəbə buraxmırdılar. Rayon mərkəzinə yaxın kəndlərdə və şəhərin özündə bu qədim milli ənənə aradan qaldırılmışdı. Təhsilə, oxumağa çox ciddi əhəmiyyət verilirdi. Laçın əhalisi üçün savadlı adam baş tacı idi. Aşığı, şairi də çox sevirdilər. Yazıçılıq ənənəsi isə güclü deyildi. Amma misal üçün, Çingiz Aytmatov SSRİ Dövlət mükafatı alanda ucqar dağ kəndinin kepkalı sakinləri bu hadisəni böyük sevinclə qarşıladılar. Hətta içlərindən biri onun “Əsrə bərabər gün” romanında qələmə aldığı manqurt əhvalatını qısaca danışdı.

Axşamlar bütün kişilər və gənclər kolxoz idarəsinin qarşısına yığışır, rayondan gələn avtobusu gözləyirdilər. Avtobusla həm qəzet və jurnallar gəlirdi, həm də məktublar. Bu gün Bakı şəhərində yaşayan əli telefonlu insan o vaxt ucqar dağ kəndinə gəlib çıxan qəzetin, jurnalın və məktubun şirinliyini heç vaxt hiss edə bilməz.

Sovet dövrünün bütün qəzet və jurnallarına abunə yazılmışdıq. Bəzən qucaq-qucaq alıb aparırdıq. Hətta “Pravda” və “Komsomolskaya pravda” qəzetləri də gəlirdi Laçının ucqar kəndlərinə.

Təhsil, rus və xarici dillər, bir də fizika istisna olmaqla, yüksək səviyyədə idi. Xüsusən, riyaziyyat və dil-ədəbiyyat sahəsində güclü müəllimlərimiz vardı.

Balaca bir bölgə Azərbaycan Xalq Cümhuriyyətinə iki nazir bəxş eləmişdi: Xosrov bəy Sultanov və Nurməmməd Şahsuvarov.  

Laçının özəllikləri çoxdur. Saydıqca qurtarmaz. Amma bu xüsusiyyətləri indi əvvəlki kimi kədərlə yada salmırıq. Çünki iki il əvvəl, dekabrın 1-dən Laçın azaddır və biz artıq bu gözəl diyara qayıtmışıq. Əlbəttə, zaman çox şeyi dəyişib. Mənim nostalji duyğu ilə yada saldığım o həyat bir daha o şəkildə geri qayıtmayacaq. Necə deyərlər, bir çaya iki dəfə düşmək olmaz. Amma Laçını hər daşının, hər kolunun adını bilən, çəmənini otundan, meşəsini meyvəsindən, bulağını suyundan, çayını balığından tanıyan insanlarla yeni nəsil arasında bağın itməməyinə də elə böyük qələbəmiz kimi, onun bir nəticəsi kimi sevinməliyik. Biz o əsrarəngiz yerləri yenə də öz adı ilə çağırırıq. Qələbə ilə yurdumuzun daşının, qayasının, ağacının, bulağının adı da özünə qayıdıb. Otuz ildir o təbiətdə bu adlar səslənmirdi. Heç nə öz adı ilə çağırılmırdı.

İndi isə... Dünyanın ən böyük ədaləti hər şeyin öz adı ilə çağırılmasıdır. Ona görə ürəklə pıçıldayıram: Salam Laçın, azadlığın əbədi olsun! Sənin bir daşını, bir otunu, bir bulağını belə unutmadıq... Həm də düz otuz il! Zarafat deyil...