26.12.2024, 20:26
AZ EN
17.11.2022, 08:00

Aşıq Alının taleyindən keçən Qərbi Azərbaycan

Şərif AĞAYAR

İstənilən sənət sahəsi özünün xüsusi simaları ilə xarakterizə olunur və bu şəxsiyyətlər sanki yarışın öncül iştirakçıları kimi estafeti biri-birinə ötürür. Aşıq Alı saz-söz sənətinin bu sayaq sayılıb-seçilən nümayəndələrindəndir. Onu öz namı ilə bərabər Aşıq Allahverdinin şəyirdi, Aşıq Ələsgər ustadı kimi də tanıyırlar. Maraqlı taledir. Saçı-başı anadangəlmə ağ rəngdə (albinos) olduğu üçün Ağ Aşıq kimi məşhurlaşan Aşıq Allahverdi söz açdığımız estafeti Miskin Abdalla araya-ərsəyə gələn Göyçə aşıq məktəbindən alıb yeni dövrə ötürmək missiyasını məhz Aşıq Alı sayəsində uğurla həyata keçirə bildi. Sufilikdəki mürid-mürşid tandeminin aşıq sənətindəki ekvivalenti ustad-şəyird münasibətidir. Şəyird üçün ustad mənəvi ata, ustad üçün şəyird mənəvi övladdır. Bu ünsiyyət müqəddəslik səviyyəsindədir və özlüyündə ruhani mahiyyət daşıyır. Çünki təsəvvüf əhli kimi aşıqlar da ilk müəllimləri kimi Həzrət Əlini, ondan sonra isə Şah İsmayıl Xətaini götürürlər. Aşıq Ələsgərin məşhur “Şahi-Mərdan nökəriyəm, dərsimi pünhan verir” misrası da həmin bu düşüncəyə söykənir.

Aşıq Alının qüdrətli bir irfan əhli olmasını özünün yazdığı qoşma, gəraylı, divani və təcnislərlə yanaşı şəyirdi Aşıq Ələsgərin həyat və fəaliyyətindən də asanlıqla görmək mümkündür. Bildiyimiz kimi, Aşıq Ələsgərin təhsili yox idi. Bəzən bu faktı yanlış olaraq onun savadsızlığı kimi səciyyələndirirlər. Təhsil almamaq hələ savadsız olmaq anlamına gəlmir. Təhsil ifadəsi dövrün hər hansı rəsmi mədrəsə və ya məktəbində oxumaq kimi başa düşülməlidir. Əslində isə Aşıq Ələsgərin həm təhsili vardı, həm də savadı. O, Aşıq Alının yanında mükəmməl bir “kurs” keçmişdi. Həm də düz 40 yaşınacan evlənməyərək irfan elminin ən dərin qatlarına baş vurmuş, özü demiş, orada qəvvaslıq eləmişdi. Yoxsa o dərəcədə unikal, qeyri-adi, altında ciddi mətləblər gizləyən əsərlər yarada bilməzdi.

Bütün bunlar Aşıq Ələsgərlə yanaşı onun ustadı Aşıq Alının da böyüklüyü sayılır. Necə deyərlər, şəyirdini göstər, sənin kim olduğunu deyim.

Aşıq Alı özü də Aşıq Allahverdinin yanında lap erkən yaşlarından elm və sənət öyrənməyə başladı və nəhayət xalq arasında “Şeyx Alı”, “Təcnis Alı”, “Dədə Alı” kimi şöhrət qazandı. Bildiyimiz kimi, böyük Nizamiyə də elm və ərkanına görə xalq arasında Şeyx Nizami deyirdilər. Şeyx Alı kimi əzəmətli sənətkar Göyçə məclislərinin birində Aşıq Ələsgərin dəyərini daha da artırmaq üçün onunla deyişərək “uduzur” və ənənəyə uyğun olaraq öz sazını şəyirdinə bağışlamaq istəyir. Aşıq Ələsgər isə bu böyük ürək sahibinə özünə yaraşan bir cavab verir:

Bur şəyird ki, ustadına kəm baxa,

Onun gözlərinə ağ damar, damar.

Ustadın gənclik illəri hardasa “Aşıq Alının Türkiyə səfəri” dastanında əks olunduğu kimidir. O, Niftalı bəyin qızı Bəsdi xanıma vurulmuş, lakin kasıb olduqları üçün başlıq parasını düzəldə bilməmişdilər. Atası Mirzə kişinin qüssəyə qərq olduğunu görən gənc Alı sazını götürərək tərki-vətən olur.

Tərki-vətənlik aşiqlikdə-aşıqlıqda şəxsiyyətin formalaşması üçün vacib mərhələ sayılır. Biz bunun metaforasını Musa peyğəmbərin səhralara düşməsində də görürük. Qürbət sınağından çıxmaq az qala bütün böyük şəxsiyyətlərin, bütün mifik qəhrəmanların həyatında müşahidə olunmaqdadır.

Aşıq Alının tərki-vətənliyi tədqiqatçılar tərəfindən iki istiqamətdə xarakterizə olunur. Birincilər, dastanın zahiri qatında olduğu kimi aşığın Bəsti xanım üçün həsrət çəkdiyini söyləyir, ikincilər isə onun ayrılıq ağrısı ilə dolub-daşan şeirlərinin ictimai-siyasi məzmun daşıdığını söyləyirlər. Əslində isə Bəsti xanım Aşıq Alının qovuşmaq istədiyi səadətin ümumiləşmiş simvolu idi və öz mahiyyətində həm şəxsi, həm ictimai məna daşıyırdı.  Hətta Aşıq Alının tərki-vətənliyində Göyçə təbiətinin, doğma el-obanın xiffətini də hiss eləmək olur.

Ustad 1801-ci ildə İrəvan xanlığının Göyçə mahalının Qızılvəng kəndində doğulmuşdu. Onun 27 yaşı olanda Türkmənçay müqaviləsi bağlanmış, bütün İrəvan xanlığı ərazisi Şimali Azərbaycanla birlikdə Çar Rusiyasına birləşdirilmişdi. Həmin dövrün osmanlı aşıqlarından fərqli olaraq Azərbaycan aşıqlarının yaradıcılığının dərinliyi ilə sürünən gizli kədər, dekadans ruh, şübhəsiz ki, həm də bu faktla bağlı idi. Axı torpaqların işğalı və sonralar süni şəkildə alovlandırılan erməni-müsəlman savaşı həm də məfkurə savaşına çevrilir, həssas sənətkarların ruhunu incidirdi.

Aşıq Alının ömrünün ahıl çağlarında öz yurd-yuvasından ayrı düşməsinin artıq heç bir irfani mənası yox idi. Bu, yer üzü insanlarının gözlə görünən gerçək əməllərinin nəticəsi idi.

Aşıq ömrünün son on beş-on altı ilini dünya işığından məhrum qalmışdı. Buna baxmayaraq dünyadan köçdüyü vaxtı hiss edərək Göyçəyə qayıtmış, atasının məzarını ziyarət edəndən sonra doğma Qızılvəng kəndinə gəlmiş və elə ordaca dünyaya əlvida demişdir. Anadan olduğu kənddə dəfn edilən sənətkarın müqəddəs ziyarətgaha çevrilən qəbirüstü abidəsi ötən əsrin 80-ci illərində azərbaycanlıların Qərbi Azərbaycandan küll halında deportasiyasından sonra tamamilə dağıdıldı.

Əlbəttə, belə də olmalı idi. Bir torpağı əbədi işğal etmək istəyirsənsə onun sahiblərinə aid hər şeyi yer üzündən silməlisən. O da Aşıq Alı kimi adı dünyayla bir sənətkar ola. Lakin yağı düşmən bir şeyi unudur: indi orta əsrlərdə yaşamırıq ki, barbarların törətdiyi vəhşiliklər izsiz-tozsuz unudulsun. Aşıq Alı təksə sazı və sözü ilə deyil, həm də kəndi-kəsəyi, sevə-sevə vəsf etdiyi Göyçə təbiəti və evinin-qəbrinin yeri ilə yaddaşlara əbədi həkk olunub. O cür şəxsiyyətləri cismani yox eləməklə mövcudluğunu unutdurmaq mümkün deyildir. Aşıq Alı şeiriyyəti və onun Azərbaycan xalqına əmanət qoyub getdiyi irs dünya durduqca yaşayacaq. Ən qəvi düşmən də kəndləri yandırıb, məzarları dağıdıb, adları dəyişməklə yüz illərin gerçəklərini izsiz-tozsuz itirə bilməz.

Necə ki bacarmadı.

1981-ci ildə Aşıq Alının 180 illiyi Azərbaycan SSR KP MK-nın qərarı ilə yüksək səviyyədə qeyd olunmuş, onun irsi ciddi şəkildə araşdırılmış, şeirləri və haqqında araşdırmalar çap edilmişdir.  

2011-ci ildə isə müstəqil Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev sarayında Aşıq Alının anadan olmasının 210 illiyinə həsr olunmuş "Mahalım Göyçədir, Əslim Qızılvəng" adlı möhtəşəm yubiley konserti keçirilib. Eyni zamanda, yeni şeirlər toplusu və yeni tədqiqat işləri işıq üzü görüb. Adına paytaxt da daxil olmaqla bir neçə şəhərlərimizdə küçələr mövcuddur. Saz-söz beşiyi Ağstafa şəhərində abidəsi ucaldılıb. Xalq artisti Zeynəb Xanlarovanın ifasında aşığın sözlərinə bəstələnən “Nə qaldı” mahnısı isə onu uşaqlı-böyüklü hər kəsin dillər əzbərinə çevirib.

Onun şeirlərindəki ruhi güc və sənətkara bəslənən sevgi həm də Göyçə həsrətini həmişə içimizdə diri saxlayır və Qarabağda dağıdılan məzarlar kimi bir gün ustadın da məzarını sevinə-sevinə ziyarət edəcəyimizə içimizdə ovudulması mümkün olmayan bir arzu oyandırır. O məzarın üstündə ucaldılacaq abidə isə müsəlman Şərqinin hər tərəfindən görünəcəkdir.