Fəxri mükafatı G.Əfəndiyevaya Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov təqdim edib.
O.Nazarbekov, Özbəkistan Prezidentinin tapşırığı əsasında özbək mədəniyyətinin tanıdılması və inkişafı istiqamətində həyata keçirilən fəaliyyətlərin mütəmadi olaraq dəstəkləndiyini və qiymətləndirildiyini bildirib. Nazir G.Əfəndiyevanın Özbəkistanın zəngin tarixi və mədəni irsinin təbliği sahəsində göstərdiyi xidmətlərin əhəmiyyətini xüsusi olaraq vurğulayıb.
G.Əfəndiyeva göstərilən etimada və yüksək dəyərləndirməyə görə təşəkkürünü ifadə edib. Deputat ölkələrimizin inteqrasiyasına və mədəni mübadiləsinin daha da möhkəmlənməsinə dəstək verməyə hər zaman hazır olduğunu vurğulayıb.
Eyni zamanda görüşdə əlamətdar hadisə kimi bu il Azərbaycan və Özbəkistanın diplomatik əlaqələrinin qurulmasının 30 illiyinin qeyd olunmasına diqqət çəkilib.
Görüş mədəni əlaqələrin daha da genişlənməsi yönündə gələcək birgə əməkdaşlığın perspektivlərinə dair müzakirələrlə davam edib. (Report)