27.04.2024, 02:35
AZ EN
13.10.2022, 06:00

Amansız İrəvan gerçəkləri

Şərif AĞAYAR

Bir vaxtlar mərhum xalq yazıçısı Rüstəm İbrahimbəyovun Bakı şəhərinin müxtəlif millətlərdən təşkil olunmuş ansamblının pozulması ilə bağlı söylədiyi nostalgiya dolu fikirlər böyük polemikaya səbəb olmuşdu. Əlbəttə, əsas müzakirə olunan Bakı erməniləri idi. Adamlar Azərbaycanı dünyada tanıdan böyük kino xadiminin bəzi incə nüansları nəzərə almadığına görə narahat olmuşdular. Rüstəm müəllimə verilən cavablar öz səviyyəsinə və maraq dairəsinə görə müxtəlif idi. Mənə görə bunların içində ən tutarlılarından birini tarixçi-alim,  akademik Yaqub Mahmudov yazmışdı. O, Rüstəm müəllimdən mədəni şəkildə soruşurdu: Bakıda millətlərin ansamblı dağıldı, bəs İrəvanda nə baş verdi?

Əlbəttə, sual ritorik idi. İrəvanda nələrin baş verdiyini Rüstəm müəllim də, biz də az-çox bilirik. Lakin deyəsən bu bilgi lazımınca deyil. Ona görə Yaqub müəllimin sualı həm də aktualdır. Hətta tale yüklüdür. Özünə azərbaycanlı deyən hər kəs bu sualın cavabını ətraflı şəkildə öyrənməlidir.

Ötən həftə Bakı Ekspo Mərkəzində keçirilən 8-ci Beynəlxalq Kitab sərgisində təqdimatı keçirilən “İrəvan necə varsa. Keçmişdən bu günə” kitabını ilk görəndə yuxarıda qeyd etdiyim mükaliməni xatırladım, lakin kitabı əldə edib baxandan sonra içimdəki narahatlıq və narazılıq daha da artdı. Tarixi faktlar və şəkillərlə zəngin bu kitab Mədəniyyət Nazirli ilə Milli Elmlər Akademiyasının birgə layihəsidir. Oxuduqca təkcə yer üzündən silinmiş qədim bir Azərbaycan şəhərinin deyil, başımıza gətirilən müsibətlərin bünövrəsini görürsən.

Çar Rusiyasının işğalçılıq siyasəti İrəvan qalasının alınması ilə yekunlaşır, lakin Qafqazda erməni dövlətinin yaranması prosesi İrəvanın süqutundan başlayır. İrəvanın tarixi Azərbaycan torpaqlarının məqsədli şəkildə erməniləşdirilməsinin tarixidir.

Əslində, hər şey hələ İrəvan adı mövcud olmadığı zamanlardan başlamışdı. O zaman bu ərazilər Çuxursəd adlanırdı. 1441-ci ildə Klikiyadan köçən ermənilər öz dini mərkəzini Çuxursəd mahalının Üçkilsə kəndinə saldılar. Səfəvilər dövləti yaranandan sonra isə Çuxursəd  bəylərbəy şəklində imperiyanın bir ərazi vahidinə çevrildi. Şah İsmayılın tapşırığı ilə Rəvanqulu xan Osmanlı imperiyasının qoşunlarına qarşı Zəngi çayının sağ sahilində möhtəşəm bir qala inşa etdi. Qala öz yaradıcısının adı ilə Rəvan qalası adlandırıldı. Öz dövrünün nadir memarlıq incilərindən olan İrəvan qalası bütün görənləri heyrətə salırdı. Xüsusən Avropadan gələn qonaqlar öz gündəlik və səyahətnamələrində bu qaladan heyranlıqla bəhs edirdilər. İrəvan şəhəri qalanın kənarlarında – dağların arasında salınmışdı. Orda da qalanın içərisi eynən Bakıdakı kimi İçəri şəhər adlanırdı. Hətta orda da Bayır şəhər vardı (indiki Bayılın etimologiyası).

İrəvanın təbiəti, siyasi-mədəni həyatı, memarlığı və əhalisinin etnik tərkibi haqda az-çox məlumat əldə edəndə göz önündə Gəncədən, Şuşadan, Şəkidən, Şamaxıdan, Bakıdan zərrə qədər fərqlənməyən, hətta bəzi keyfiyyətlərinə görə onlardan üstün olan bir Azərbaycan şəhəri canlanır. Orada da çoxlu məscid vardı. Birinin adı isə “Göy məscid” idi. Karvansaraları adı çəkilən şəhərdəkilərin eynidir.

Xanlıqlar dövründə, xüsusən sonuncu hökmdar Hüseynqulu xanın zamanında İrəvan müstəqil dövlət kimi fəaliyyət göstərir. Qərb tarixçilərinin yazdığına görə Hüseynqulu xan nəinki İran Qacarına vergi vermir, əksinə Rusiya və Türkiyə ilə müharibələr zamanı şahlıqdan vəsait tələb edirdi. Təsadüfi deyil ki, şah da çox zaman bu vəsaiti İrəvan xanından əsirgəmirdi. Çünki İrəvanın necə bir strateji yerdə qərar tutduğunu bilirdi. Elə haqqında söz açdığımız qala da Osmanlı imperiyası, Çar Rusiyası və İran kimi o zmanın nəhəng ölkələrinin arasında – onların döyüş meydanında salınmışdı. Qala dəfələrlə Osmanlı türklərinin əlinə keçmiş, son anda Səfəvilərin tərkibində qalmış, daha sonra Əfşarlar imperiyasının tabeliyinə keçmişdir.

18-ci əsrin ortalarında – Nadir şahın sui-qəsd nəticəsində öldürülməsindən sonra Azərbaycan torpaqlarında yaranan xanlıqlardan biri kimi müstəqillik qazanmışdı. Lakin bəzi zamanlarda bu müstəqillik şərti xarakter daşımış, adı çəkilən üç böyük ölkənin hansısa biri və təbii, daha çox İranla yaxın olmuşdur. Çünki İranda hakimiyyətə gələnlərin çoxu türk əsilli idi. Onlara şiəlik ideologiyası da Osmanlı türklərindən fərqlənmək üçün lazım idi. Qəribədir, bütün hakimiyyətlər Üçkilsə katolikosluğu ilə güzəştli davranmış, onun bir institut kimi formalaşıb inkişaf etməsinə mane olmamışdır. Halbuki yarandığı gündən katolikosluğun ən böyük ideyası min-bir yolla torpaq əldə etmək, dövlət yaratmaq idi. Misal üçün, türklərin hücumu zamanı Çuxursəd mahalının qərb ərazilərini tərk edən şiə əhalidən ucuz qiymətə torpaqlar alır, Türkiyə və İrandan ora erməni ailələr köçürürdülər. Bunun üçün dünyanın hər yerində yaşayan ermənilər və erməni dostları katolikosluğa maddi yardımlar edirdilər.

Üçkilsə hər dəfə yenilənən bütün hakimiyyətlərlə yaxşı münasibət qurmağa nail olurdu. Bu gün səfəvilərdən imtiyaz qoparır, sabah Nadir şahın əlini öpüb inamını qazanır, o biri gün İrəvan xanının gözünə girirdilər. Başqa yolları da yox idi. Onların Qafqazda – yenilməz türk ölkələrinin arasında və içində yeganə yaşamaq şərti bu idi. Rusların gəlişi isə Üçkilsə erməniləri üçün əsl toy-bayrama çevrildi. Hətta katolikosluq I Yekaterinaya, I Aleksandra və I Nikolaya yol taparaq çarların hər üçünü Azərbaycan torpaqlarını istila etmək üçün ruhlandırırdı. Axır o gün gəlib çatdı. Çar Aleksandr Napoleon Fransası ilə ölüm-dirim savaşında belə İrəvanı unutmadı. Qafqazın bütünlüklə ilhaqı Rusiyanın prioritet siyasətinə çevrildi. Bu da 1804-1813-cü il Rus-İran müharibəsinə yol açdı. İran şahı bir neçə həlledici döyüşə girişsə də, Azərbaycan xanlıqlarına əsaslı kömək etmədi. Beləliklə, 1813-cü ildə imzalanan Gülüstan müqaviləsinə əsasən İrəvan və Naxçıvan xanlığından başqa bütün Şimali Azərbaycan torpaqları Rusiyaya verildi.

Məntiqi ardıcıllıq davam edirdi. Növbəti hədəf İrəvan xanlığı idi. İllah da o zamanda ki, Hüseynqulu xan öz qardaşı, “Aslanlar aslanı” ləqəbini almış mahir sərkərdə Həsən xanla birlikdə Gəncəni və Tiflisi rus işğalından azad etmək üçün ayağa qalxmışdı. Hətta Hüseynqulu xan Azərbaycan torpaqları naminə İran şahı, özünün qohumu Fətəli şahla (o da Qacarlardan idi) üz-üzə gəlməkdən belə çəkinmirdi. Həmin vaxt işğal olunan digər xanlıqlarda da üsyanlar baş qaldırmış, rusların təyin etdiyi hakimlər qaçıb getmişdilər.

1826-28-ci ildə baş verən növbəti müharibədə imperiya qoşunları Sərdarabad və İrəvan qalalarını ələ keçirdi. Türkmənçay müqaviləsi ilə Azərbaycan iki yerə bölünərək, şimal hissəsi Rusiya çarlığına verildi. Ermənilər dərhal öz “hədiyyə”lərini aldılar: İrəvan xanlığının ərazilərində Erməni vilayəti yaradıldı. Həmin vilayət keçmiş Ermənistan SSRİ-nin, indiki Ermənistan Respublikasının hüquqi sələfidir.

Ermənipərəst qüvvələrin Cənubi Qafqazda – Azərbaycanla Türkiyə arasında Ermənistan yaratmaq və onu genişləndirmək siyasəti bu gün də davam edir. 1988-1994-cü il hadisələri də harada və nə zaman baş verməsindən asılı olmayaraq bu idbar siyasətin davamı idi.

“İrəvan necə varsa. Keçmişdən bu günə” kitabı son 600 il ərzində dayanmayan, yalnız 2020-ci ilin Qarabağ qələbəsi isə qarşısına sədd çəkilən amansız prosesə güzgü tutur. Ən dəhşətlisi, İrəvan boyda şəhərdən, o boyda qaladan və nadir memarlıq abidələrindən bu günə bircə balaca məscid qalıb, onun da adını “İran məscidi” qoyublar. Düşündükcə akademik Yaqub Mahmudovun Xalq yazıçısı Rüstəm İbrahimbəyova verdiyi sualdan daha ağırı doğur adamın içində: bütün bunların hesabını kim verəcək?