"Vətən səsi" xəbər verir ki, tanınmış gürcü politoloq Gela Vasadze Ermənistanın hərbi satınalmaları ilə bağlı son xəbərləri şərh edərkən bir sıra mühüm məqamlardan bəhs edib. O, qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının həlledici mərhələyə çatdığı indiki məqamda İrəvanın silah tədarükü ilə bağlı İranla bahalı müqaviləyə imza atması məntiqli görünmür: "Əslində Ermənistanın nəyə can atdığı tam aydındır. Ermənistan 44 günlük müharibədə silahlarının böyük hissəsini itirib və indi öz hərbi potensialını bərpa etməyə çalışır. Amma başqa bir sual ondan ibarətdir ki, onlar bunun üçün düzgün vaxtı seçiblərmi? Mən buna şübhə edirəm. Çünki söhbət sülh müqaviləsinin imzalanmasından gedir ki, onlar Azərbaycanla sülh bağlamağa heç vaxt bu qədər yaxın olmayıblar. Lakin belə görünür ki, Ermənistan güclü orduya sahib olmaq istəyirlər”.
Xatırladaq ki, “İran İnternational” nəşri iki gün əvvə öz mənbələrinə istinadən İrəvan və Tehran arasında silah alverinə dair 500 milyon dollar dəyərində müqavilə imzalandığını yazmışdı. Məlumata görə, müqaviləyə “Shahed 136”, “Shahed 129”, “Shahed 197” və “Mohajer” pilotsuz uçuş aparatları, eləcə də “Khordad-3”, “Majid”, “Khordad-15” və “Arman” raket sistemləri daxildir. Ermənistan Müdafiə Nazirliyi isə bu məlumatı uydurma adlandırıb.
Bu arada ABŞ rəsmilər Azərbaycanla sülh sazişinə görə Ermənistanla danışıqlar aparır. ABŞ-ın Ermənistandakı səfirliyinin yaydığı bəyanatda deyilir ki, Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ölkəsinin İrəvandakı səfiri ilə birlikdə Ermənistanın yüksək çinli rəsmiləri ilə görüşüb. Görüşün detalları barədə heç bir açıqlama verilmir. Yalnız o qeyd edilir ki, İrəvanla Bakı arasında davamlı və ədalətli sülhün bərqərar olması Cənubi Qafqazın sosial-iqtisadi potensialını açacaq.
Elxan SALAHOV