26.12.2024, 20:02
AZ EN
04.10.2022, 16:55

Sivil dünyanın fatehləri

Şərif AĞAYAR

5 oktyabr Müəllimlər Günüdür

 

  • Böyük aşiq, böyük ozan Pir Sultan Abdalın bir misrası var: Elə dostun gülü yaralar məni. Misra öz sirli kəlmələrinin altında ibrətamiz bir əhvalat gizlədib. Deyilənə görə, qədim şərq mürşudlərindən biri edama aparılarkən onu bir ağaca bağlayıb daş-qalaq edirlər. Öz məğrurluğu və iradəsi ilə atılan daşlara dözən, cınqırını belə çıxarmayan böyük əqidə sahibi bir qum dənəsinə görə ah-nalə etməyə başlayır. Cəza ayinini saxlayıb bu paradoksun səbəbini soruşurlar. Məlum olur ki, o qum dənəsini atan mürşidin sevimli müridi, yəni şagirdidir: onu anlamayanların – cahillərin tənə daşına dözən müəllim, onu anlayan, anlaya-anlaya cəhalət əhlinə qoşulan tələbəsinin balaca bir qum dənəsinə dözə bilmir. Əhvalatın bəzi versiyalarında hadisə Pir Ultan Abdalın öz başına gəlmişdir və şagirdi öz ustadına qum dənəsi yox, gül atmışdır. Gül kimi zərif bir nəsnə belə yaralamışdır ustadı...

Mənəvi yaddaşımızda müəllimə bu sayaq ölçüyəgəlməz hörmət və izzət nümayiş etdirən çoxsaylı əhvalatlar vardır. Müəllim-şagird, ustad-şəyird, mürşid-mürid münasibətləri Şərq, o cümlədən Azərbaycan pritçalarının ən yayğın mövzularından biridir. Təkcə dünyaca məşhur olan Şəms Təbrizi-Mövlana münasibəti deyil, Vaqif-Vidadi, Aşıq Alı-Aşıq Ələsgər kimi yaddaqalan nümunələr də vardır. Dədə Qorqud hər şeydən əvvəl bir müəllimdir. Lələ öz sevimli şagirdi Kərəmdən son ana qədər əl çəkmir, onun dalınca düşüb duyar-diyar gəzir. Böyük Seyid Əzim Şirvani böyük Həsən bəy Zərdabiyə nəzmlə yazdığı məktubun ilk misrasında müəllim xitabından istifadə edir. Əlbəttə, misalları yetərincə uzatmaq olar. Lakin müəllimliyim, ustadlığın milli düşüncəmizdə müqəddəs yer tutduğunu bütün dolğunluğu ilə anlamaq üçün deyilənlər də yetərlidir. Dastanlaşan yaddaşımız sonralar reallıqda da öz isbatını taparaq bu inancların bihudə olmadığını göstərir. Sokrat-Platon, Platon-Aristotel kimi Mirzə Şəfi Vazeh-Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani-Mirzə Ələkbər Sabir xətti də böyük ənənədən, mürəkkəb dünyamızın həm də və daha çox müəllim-şagird kontekstində çözülməsindən xəbər verir.

Öyrətmək hər zaman müqəddəs sayılıb. İslam peyğəmbəri də “balıq vermə, balıq tutmaq öyrət” kəlamı ilə məhz bunu izah etməyə çalışmışdı.

Azərbaycanın bir çox bölgələrində olduğu kimi Zəngəzur və Qarabağda da müəllimlik ən ali peşələrdən sayılırdı. Müəllimləri hər zaman məclisin başında otuzdururdular. Rayona, kəndə hörmətli bir qonaq gələndə onu mütləq müəllimlər qarşılayardı. Yaxşı müəllim ən gənc yaşlarında ağsaqqalların sırasına daxil edilərdi. Ağsaqqallıq isə qeyri-rəsmi xalq vəkilliyi idi. İnsanların sosial həyatını tənzimləyər, ədaləti bərqərar edər, çox zaman problemli hadisələr hüquq-mühafizə orqanlarına gedib çatmamış həll olunardı.

Sovet quruluşunun bəlkə də ən gözəl cəhəti müəllimə qoyulan yüksək hörmət idi. O zaman oxuyanlar yaxşı xatırlayır, müəllim sanki mələk idi. Doğrudur, şagirdlə müəllim arasında bu qədər qalın pərdənin mövcud olmasının mənfi tərəfləri də vardı, lakin daha çox müsbət nəticələr müşahidə olunurdu. Məktəblilər dərsə hazır gəlməyəndə, yaramaz bir iş tutanda öz müəllimlərindən utanırdılar. Onların münasibəti qorxub-çəkinməkdən çox, hörmət-izzətlə realizə olunurdu.

Müstəqillik dövrü yeni tendensiyalarla gəldi və müəllim-şagird münasibətində də fərqli xüsusiyyətlər diktə etdi. Müqayisə aparıb öz dövrümüzü pisləməməliyik. Hər cür müqayisə qüsurludur və bu, yalnız dövrləri öyrənmək kimi xoş niyyətlə aparıla bilər. Ancaq bir fakt danılmazdır ki, 90-cı illərin kəşməkeşində müəllim öz əvvəlki ictimai nüfuzunu qoruyub saxlaya bilmədi. Bunun obyektiv səbəbləri də vardı. Əlli il əvvəl balaca bir Zəngəzur kəndində beş-altı müəllim yetişirdisə, indi onların sayı dörd-beş qat çoxalmışdı. Günümüzdə cəmiyyətin artan tələbatı inkişafın ölçülərini xeyli yuxarı qaldırıb. Lakin öyrətmək yenə öz ali keyfiyyətini saxlamaqdadır. Öyrədilənin keyfiyyəti artıb-azala bilir, lakin öyrətməyin müqəddəsliyi öz ibtidai mahiyyətini itirmir. Məhz bu səbəbdəndir ki, bütün zamanlarda müəllim sözü ən hörmətli müraciət formalarından sayılır.

Bu gün Qarabağda igidliklə döyüşən, yaralanan və şəhid olan gənc övladlarımız öz valideynləri ilə yanaşı, həm də müəllimlərin yetirməsidir. Axı insanı daha çox mühit formalaşdırır. Təhsilinizin problemləri ilə bağlı çoxlu haqlı-haqsız tənqidlər yazılsa da, qazandığımız qələbə tamam başqa məntiqə vurğu salır: məktəblərimiz əsl vətəndaş yetirməyi bacardı! Dünən parta arxasından qalxan gənclərimiz öz igidliyi ilə təkcə bizi deyil, bütün dünyanı heyrətləndirdi...

Bilik bölündükcə çoxalan yeganə şeydir. O, əbədi və tükənməyən sərvətdir. Nə qədər yaddaşın yerində, ağlın başındadırsa daşıdığın əqli mülkiyyətin qeydsiz-şərtsiz sahibisən. Onu səndən heç kim ala və ya oğurlaya bilməz. Bilik hər zaman, hər yerdə dəyərini saxlayan valyutadır. Onu isə bizə bəxş edən müəllimlərdir. Müəllim kitablardan ibarət sonsuz dünyanın ən etibarlı bələdçisidir. Müəllimini uca tutan məmləkət heç vaxt yenilməyib.

Qardaş Türkiyə Cümhuriyyətinin qurulduğu ilk illərdə ölkənin maliyyə işləri ilə bağlı söhbətlərin birində Atatürkdən müəllimlərin maaşının miqdarı barədə soruşurlar. Böyük öndər “Hakimlərdın az olmasın” deyir. Bildiyiniz kimi, sivil dünyada hakimlərə ən yüksək maaş verilir. Çünki onlar ədaləti tənzimləyən, insanların taleyi haqqında hökm verən insanlardır. Ehtiyac ucbatından əyri yollara düşsələr, cəmiyyətin ən etibarlı sütunları sarsıla bilər. Dahi Atatürkün cavabı müəllimləri ölkənin tale memarı kimi səciyyələndirir.

Bu gün Qarabağın və Zəngəzurun işğaldan azad edilmiş ərazilərində ilk tikilən binalar arasında məktəblər də var. Bu, bütövləşən vətənimizin elmli, müəllimli gələcəyindən xəbər verir. Yaxın gələcək üçün Zəngəzurdan və Qarabağdan dünya səviyyəli alimlər çıxacaq və qədim tariximizdən bizə miras qalan müəllim-şagird münasibəti yeni dünyanın yeni şərtlərinə uyğun davam edəcək.

Biz həsrətini çəkdiyimiz torpaqlara elm və biliklə qayıdırıq. Çünki sivil dünyanın fatehlərinin müəllimlər olduğunu çox yaxşı bilirik.