26.12.2024, 20:18
AZ EN
05.08.2022, 11:00

Milli kinomuz: dünən, bu gün, sabah

Şərif AĞAYAR

  • Neft ölkəmizi həmişə diqqət mərkəzində saxlayıb. Böyük güclərin gözü həmişə bizdə olub. Buna görə başımız çox bəlalar çəkib. Lakin neft təkcə prob­lem yaratmayıb, o həm də taleyimizdə yaxşı mənada mühüm rol oynayıb. Eləcə də milli kinomuzun əsasının qoyulmasında. Şərq ölkələrinin çoxu “hərəkət edən foto”lar barədə heç nə bilməyəndə Bakıda neft fontanı ilə bağlı sənədli film çəkilmişdi. Filmin müəllifi Aleksandr Mişon idi. O, 19-cu əsrin 80-ci illərində Bakının Nizami küçəsində özünə emalatxana açaraq fotoqraf kimi fəaliyyət göstərirdi.

Mişon sadə fotoqraf deyildi. Bu işə peşəkar səviyyədə yiyələnmişdi. O, həm də Paris Milli Akademiyasının fotoq­raf kimi üzvü idi. Paris səfərlərinin birində özünə videokamera aldı və Bibiheybətdə neft yanğınını tarixin yaddaşına köçürdü. “Bibiheybətdə neft fontanı yanğını"nın ardınca "İlişdin", "Qafqaz rəqsi", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi" kimi sənədli filmlər çəkildi. 1898-ci il avqus­tun 2-də xüsusi təşkil olunmuş kinoseansda tamaşaçılara bu filmlər göstərildi. Bununla da Azərbaycan kinosunun əsası qoyuldu. Lakin bu gün düz bir əsr sonra - Azərbaycan Respublikasının prezidentinin 2000-ci ildə verdiyi fərmanla rəsmiləşdi. O vaxtdan 2 avqust milli kinematoqrafiyanın yarandığı gün və "Milli kino günü" kimi qeyd edilir.

Bu həftə də kinomuzun 124 yaşı Heydər Əliyev Mərkəzinin qarşısında, açıq havada film nümayişi ilə qeyd edildi.

Təbii, bu illər ərzində Azərbaycan kinosu böyük nailiyyətlərə imza atıb. Müxtəlif janrlarla yanaşı tariximizə aid maraqlı filmlər çəkilib.

Sovetlər vaxtında kino sahəsi dövlətin tam nəzarəti altında idi və ciddi ideoloji funksiyası vardı. Bu mənada o dövrdə çəkilən tarixi filmlərin bir çoxu imperiya dağılandan sonra fərqli rakursdan qiymətləndirildi. Hətta bəzən bu cür ekran əsərlərini sərt tənqid edən, onların nəinki lazımsız, hətta zərərli olduğunu bildirənlər də tapıldı. Lakin daşıdığı məna yükündən asılı olmayaraq bu filmlər tariximizin və mədəniyyətimizin bir parçasıdır və qiymətli sərvət kimi qorunub saxlanmalıdır. Dövrü həssaslıqla xarakterizə etmək üçün ədəbi əsərlər kimi, filmlərin də əvəzsiz rolu vardır.

Milli kinomuzun əsas mövzularından biri də müharibədir. Azərbaycanda müharibə filmlərinin böyük ənənəsi olmasa da, az-çox maraqlı nümunələr çəkilib. 200 il imperiya tərkibində olduğumuz üçün bütün müharibələr bizdən coğrafi baxımdan xeyli uzaqda baş verib. Yəqin elə bu səbəbdən bizdə döyüşlərin özündən daha çox arxa cəbhə filmləri çəkildi. Lakin “Uzaq sahillərdə” kimi sırf səngərdən bəhs edən maraqlı filmlərimiz də ərsəyə gəldi. “Bizim Cəbiş müəllim”, “Tütək səsi”, “Şərikli çörək”, “Tənha narın nağılı”, “Ölsəm, bağışla” kimi ekran əsərləri doğmalarını müharibəyə göndərən insanların çəkdiyi iztirabı, onların qayğı­larını, rəngarəng mənəvi dünyalarını kifayət qədər ustalıqla göstərir. 

Zaman gəldi müharibə öz yurdumuzda başladı. Mərmilər həyətimizə düşdü. Evimiz dağıldı. Torpaqlarımız işğal edildi. Minlərlə soydaşımız öz doğma torpağından didərgin düşdü. Şəhidlər, yaralılar, qazilər, həyatı alt-üst olmuş insanlar... Kino öz kamerasının dayandığı nöqtəni dəyişməli oldu. Məlum iqtisadi çətinliklər kinematoqrafiya sahəsində irili-xırdalı böhranlar yaratsa da, film çəkilişləri dayanmadı. Ən çətin illərdə “Fəryad” kimi gözəl film çəkildi. Lakin öz zamanına görə əsl müharibə şedevri sayıla biləcək film heç bir ciddi xarici festivalda uğur qazana bilmədi. Çünki filmin texniki keyfiyyəti lazımı səviyyədə deyildi. Sonrakı illərdə - xüsusən neft sənayesinin dirçəlməsi sayəsində ölkə iqtisadiyyatının inkişafının ardınca bir sıra maraqlı müharibə filmləri çəkildi. Bunlar arasında xüsusi olaraq “Arxada qalmış gələcək”, “Girov”, “Hər şey yaxşılığa doğru”, “Sarı gəlin”, “Qala”, “Nabat” filmlərinin adını çəkə bilərik. Sırf müharibədən, yəni səngərdən bəhs edən “Dolu” və “Yarımçıq xatirələr” filmləri də maraqla qarşılandı.

Birinci Qarabağ müharibəsindən dünya səviyyəli film çəkə bildikmi?

Mütəxəssislərin əksəriyyəti bu suala optimist cavab vermir. Bu illər ərzində kinoya xeyli vəsait xərclənib. Kinonun inkişafı haqda dövlət proqramı təsdiq edilib. Mədəniyyət Nazirliyinin aidiyyatı şöbəsi, Dövlət Film Fondu və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası zamanın tələblərinə mümkün qədər uyğunlaşdırılıb. Kino ilə bağlı iki ittifaq və çoxsaylı prodüser mərkəzləri fəaliyyət göstərib. Xüsusən müstəqil kino sənayesinin formalaşmasında xeyli işlər görülüb. Lakin Azərbaycan gerçəklərini bədii şəkildə əks etdirən dünya səviyyəli bir filmimiz hələ də yoxdur. Yalnız ayrı-ayrı uğurlu layihələrin barmaq sayı uğurundan danışa bilərik.    

2020-ci ilin Vətən müharibəsi, rəşadətli Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları, torpaqlarımızın düşmən tapdağından azad edilməsi bu mövzuların bir daha kino üçün vacib olduğunu göz önünə sərməkdədir.

Məğlubiyyət illərini anladıq, bəs qalibiyyət kinomuza nə verəcək? 

Qarabağ həssas mövzudur, əlbəttə. Görünür, kinematoqrafçılar da bu mövzuda çox ehtiyatlı davranırlar və bu da sonda nəticələrə təsir göstərir. Məncə, Qarabağ qələbəsi Azərbaycan ssenaristinə və rejissoruna ilk növbədə müharibə ilə daha rahat davranmaq imkanı verir. Məğlubiyyətin yersiz pessimizmi kimi, qələbənin gərəyindən artıq pafosu da yaradıcı atmosferi zədələyir. Bu mənada biz bədii yaradıcılıqda sənət meyarlarını hər şeydən yüksəkdə götürməliyik.

Azərbaycanın Qarabağda ədalətli savaş apardığını bütün dünya bilir. Biz müharibə tərəfdarı da olmamışıq. 30 il səbirlə gözləməyimiz, Ermənistan silahlı qüvvələri torpaqlarımızdan çıxdığı təqdirdə sülhə hazır olduğumuzu bütün tribunalardan bəyan etməyimiz, ordumuzun dinc əhaliyə zərər verməməsi bunun əyani sübutudur. Ona görə də müharibə gerçəklərinə ayna tutan heç bir film dövlətçilik maraqlarımıza əsaslı şəkildə xələl gətirməz. Kinematoqrafçılar papadan artıq xristian olmaq istəməsinlər.

Adətən, məqsəd əsl sənətə yox, marginal maraqlara yönələndə adam qışqırmağa, yəni pafosla danışıb reallığı gizləməyə çalışır. Əslində isə hamının hədəfi yaxşı film çəkmək olmalıdır. Bundan sonra kinematoqrafçılar da qazanacaq, dövlətimiz də, xalqımız da... Hələ desən, gələcək nəsillərə qiymətli miras da qoymuş olacağıq.