20.03.2026, 00:15
AZ EN
19.03.2026, 16:45

Kəlbəcərdə yanan tonqal

Elxan SALAHOV

  • Otuz üç ildən sonra Kəlbəcərdə ilk dəfə Novruz şənliyi keçirildi. Şəhər sakinlərinin məskunlaşdığı birinci yaşayış məhəlləsində böyük səməni ucaldılıb, bayram tonqalı qalanıb. Zurna, balaban və nağaranın sədaları altında musiqi proqramları ifa olunub. “Uzundərə”, “Cəngi”, “Dağlı” xalq rəqsləri təqdim edilib. Meydanda uşaqlar yumurta döyüşdürərək Novruz adətlərini yaşadıblar. Kəlbəcər folklorunun ayrılmaz hissəsi olan “Maral oyunu” da şənliyə xüsusi rəng qatıb. Dədə Qorqud obrazında çıxış edən ozan qopuz ifa edərək xeyir-dua verib, Kosa və Keçəlin məzəli səhnələri, Bahar qızının çıxışı unudulmaz anlar yaşadıb.

Prezidentin Kəlbəcər Rayonunda Xüsusi Nümayəndəliyi və Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xitmətinin birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə İlaxır Çərşənbədən bir gün əvvəl təşkil olunan həmin tədbirdən bəhs edən foto və videoməlumatlar mətbuatda və sosial şəbəkələrin trendinə çevrildi.

Üç gündü Kəlbəcərdəki Novruz şənliyinin təsiri altındayam. Bu görünütlərə baxmaqdan doymuram! Təkrar-təkrar, geri çevirə-çevirə, dəfələrlə izləyirəm. Yenə doymuram, elə hey, baxmaq istəyirəm!

Kəlbəcər həsrətinin vüsala yetdiyi andı bunlar. Hər saniyəsində dünya boyda mətləblər var. Yaşanmışlar, bundan sonra yaşanacaq hər şeyi buradan oxumaq, görmək, duymaq olur!

Düşmənin yağmalayıb xarabalığa çevirdiyi dağıntılar üzərində qurulan şəhərin kiçicik bir məhəlləsində gözlə görünən, qulaqla eşidilən, könüllə duyulan hər şey gözəldir! Adam özünü ora çatdırmaq istəyir, oradakı insanların yanına can atır.

Bilirsiz necə?
- Uzun ayrılıqdan sonra quzu tək mələyə-mələyə anasının ağuşuna atılan körpə kimi;

- Susuzluqdan dili yanan, dodaqları təpiyən adamın könlü su istəyən kimi;

- Ciyəri paralanmış, oksigeni kəsilmiş ölümcül xəstənin yenidən nəfəs alması kimi...

Vallah-billah bu video adamı dirildir. Bu görüntülər yorulmuş, təbdən düşmüş, usanmış, iynənin ucu boyda işığa ümid edən çarəsizə ilahi bir güc, inam, həyat eşqi bəxş edir!

Orada:
- Özümü, əslimi, nəslimi, el-obamı, bütün Kəlbəcər və Qarabağ camaatını, Azərbaycan xalqının hər bir nümayəndəsini görürəm;

- Yurd-yuvası tarimar olmuş əli qabarlı, qəlbi qübarlı ahıl və ağbirçəklərin titrək dodaqlarından süzülən şükranlığı, duaları eşidirəm orada...

- Məcburi köçkünlüyün diyarbadiyar çöllərə səpəldiyi, 30 il ərzində bir-birindən ayrı saldığı doğmaların indi necə xoşbəxt anlar yaşadığını duyuram;

- Ömrü boyu Kəlbəcəri görməyən, indiyədək bircə dəfə də ayağı o torpağa dəyməyən bakılı, sumqayıtlı, lənkəranlı, şəkili, naxçıvanlı, qazaxlı, gədəbəyli, şamaxılı... şəhidlərin valideynlərinin Kəlbəcərə necə bağlandığını hiss edirəm;
- Kəlbəcərin adı çəkiləndə şəhid balasını gözünün önündə canlandırıb “Can Kəlbəcər!” nidası ilə pıçıldayan anaların ürəyinin döyüntüsünü eşidirəm;

- Balasını o torpaqlarda şəhid verən ata-anaların gözündəki işığı görürəm;

- Hələ də nəşi tapılmayan qardaşının yolunu gözləyən bacıların ağarmış birçəklərindən boylanan kədər adamın ürəyini deşir;

- Sevdiyi oğlan cəbhəyə yollananda qonşunun uşağından göndərdiyi, yuxarı başında iri hərflərlə “Yolumu gözlə!” sözləri yazılmış məktubu hələ də xatirə saxlayan dehli qızın dağları gəzən baxışlarındakı həsrət diqqətimi çəkir;

- Qardaşı şəhid olandan sonra elçilərini geri qaytaran, dərdlə isinən köçkün komasından ayrılmaq istəməyən, anasına sığınıb bir ömür yas saxlayan bacıların soluxmuş çöhrəsindəki ifadələri oxuyuram;

- Vətən savaşında qolunu-qıçını, beynini-bəbəyini itirən qazi qardaşların üzündəki sevinci, fərəhi görürəm orada!

Oradakıların əksəriyyətini tanımıram, çoxu ilə nəinki qohumluq əlaqələrimiz, heç şəxsi tanışlığımız da yoxdur. Sadəcə, dərdimiz qohumdur, sevincimiz-kədərimiz eynidir. Arzularımız doğmadır! Hətta doğmadan da yaxın - özümünkülərdir!

Kəlbəcərdə qalanan Novruz tonqalı ürəyimin başında yanır, elə bil.
Yanmaq yanmaqdı, yanasan gərək – ünlü şairimiz Bəxtiyar Vahabazdə belə deyirdi.

Yaşamağa, qarşıdakı fərəh dolu illəri görməyə dəyər. Yansaq belə...

1993-cü ildən bu yana Kəlbəcərdə belə bir şənlik olmamışdı. Bu sevincli bizlərə nəsib edən Tanrıya, ordumuza, şəhidlərimizə, qazilərimizə minnətdarıq!
Kəlbəcər Xüsusi Nümayəndəliyinə isə yüksək səviyyəli tədbirin təşkilinə görə əhsən, əhsən, yenə də əhsən!

 

P.S. Haqqında danışdığım videoya buradan baxa bilərsiniz:

https://www.facebook.com/reel/840496989063907