Şəhid xanəndə Şahmalı Kürdoğlunun 95 illiyinə
Hər dəfə əvəzolunmaz xanəndə Şahmalı Kürdoğlu haqqında düşünəndə yadıma bu sözlər düşür.
Vaxtıyla atası erməni şovinistlərin təqibindən yaxa qurtarmaq üçün öz dədə-baba yurdundan – Dərələyəzdən Ağdama qaçır, lakin ona atılan düşmən gülləsi on illər sonra gəlib burada oğlunu və nəvəsini tapır.
Ölümü də ifaları kimi çox qəribə, çox bənzərsizdir.
Şair necə deyirdi:
Sənə nə oldusa, sevgidən oldu...
Ağdamdan, daş hasara aldığı o doğma həyətdən, öz əli ilə əkdiyi ağaclardan ayrıla bilmirdi. Atası uzaq ellərdən gəlsə də, o özü canıyla, qanıyla, ruhuyla bu torpaqlara bağlanmışdı. Əlində imkan ola-ola başqa heç yerdə yaşamırdı. Bura aid idi Şahmalı Kürdoğlu. Bura həsr olunmuşdu. Təkcə anasının qarabağlı qızı olmasına görə deyildi. İlahi bir bağ idi onunku.
Ömrü də ifalarına bənzədi, Qarabağın eşqi ilə təranə kimi ötdü.
Elə buna görə, özü bir yana, ailəsini-uşağını da qanlı müharibənin pəncəsindən uzaq tuta bilmədi. Sevgi həmişə, yanlış yapdırır adama. Nəbati necə deyirdi:
Nöqsanına bax gör nə sevdası var...
Sevgi gözü bağlayır. Heç nəyi hesablaya, ölçüb-biçə bilmirsən. Elə bir mövqe seçirsən ki, oradan görünən gözəlliyi səndən başqa kimsə görmür. Buna görə Məcnun gözündə görürlər səni. Bütün qara sevdaların kökündə bir çılğınlıq var.
Təbiətə dəli kimi aşiq idi.
Sənətə dəli kimi aşiq idi.
Sözə dəli kimi aşiq idi.
İnsanları da dəli kimi sevirdi.
Bir də görürdün bazar başında, doğma adamların arasında nədənsə şirin-şirin danışır. Yaxud hansısa çayxanada yenə başına toplaşıblar. Harada olsa uzağı beş-on dəqiqəyə söz-sənət məclisi qurulurdu. Füzulidən xırdalayıb pəsdən bir-iki boğaz vurdumu, eşidənləri də dəli-divanəyə çevirirdi.
O oxumurdu, nəsə danışırdı.
Mövlanənin neyi kimi hekayət eləyirdi.
Və şikayət eləyirdi.
Nədən?
Axı Ağdamın ağban vaxtları idi o vaxtlar. Hansı kədərlə yüklənmişdi bu cavan, yaraşıqlı, cantaraq oğlan. Pulu da vardı, şöhrəti də, sənəti də.
Aqibətini oxuyurdu Şahmalı!
Bəli, sənətin belə mistik tərəfləri var. Mikayıl Müşfiqin “Həyat sevgisi” şeirinə baxın. Ölməmək üçün yalvarır az qala. Vaxtsız və faciəli ölümü – öz dəhşətli aqibətini nəinki hiss edir, hətta bunu yəqinləşdirib dərdə-qəmə batır.
Şair Əli Kərim bütün misralarında nakam gedən bir şairə ağlayır. Axı bu məchul, uydurulmuş obraz onu niyə bu qədər kədərləndirir?
Əvvəl-axır anlayırsan şairi: özünü yazırmış!
Öz taleyini mistik bir vahimə ilə əvvəlcədən duyurmuş.
Görürsünüz, elə hey şeirdən, şairdən misallar çəkirəm. Əslində, mən çəkmirəm, özü gəlib düşür mətləbin içinə. Çünki Şahmalı söz adamı idi. Savadı da vardı. Filologiyanı bitirmişdi. Qarabağ xanəndələri arasında əlahiddə mətn duyumu və şeir bilgisi ilə seçilirdi.
Belə bir klişe var axı: səs Qarabağdadır, söz Bakıda...
Şahmalı bu klişeni dağıtdı.
Bu klişeni dağıtdı, başqa birini yenidən möhkəmləndirdi: səs doğrudan coğrafiya hadisəsi imiş...
Atası dağlardan gəlmişdi, amma səsi Qarabağın, Ağdamın o ilahi harmoniyasından alırdı.
Həyatı döngələrlə doludur. Əvvəl pedaqoji təhsil alıb, sonra hüquq üzrə oxuyub, ən axırda filologiyanı bitirib. Üstəlik, həm də rus dilindən dərs deyib. Ən böyük arzusu isə hüquqşünaslıq olub. Atasının repressiyaya məruz qalması bu arzunun qarşısına sədd çəkib.
Seyid Şuşinskidən muğam dərsi alıb. Mərhum bəstəkar Süleyman Ələsgərov Qarabağda Məcnun axtarışına çıxanda onu tapıb. Demək, cani-dildən, həm də doğru ünvanda axtarıb. Bu obraz üçün hər şeyi vardı Şahmalının: boy-buxun, yaraşıq, səs, savad, ən vacibi dəli bir istək...
Məcnun üçün gəlib, İbn Səlam oynayıb. Təsəvvür edirsiniz? Elə bu sayaq “ata ət-itə ot” oyunlardan bezib vaz keçib böyük səhnədən. Filarmoniyada solistlik edə-edə ora da düz-əməlli uyğunlaşmayıb. Qaçıb camaatın arasına. Toylara, məclislərə, çayxanalara...
Onunku sadə insanlar idi. Adamlar çətin anlayar bu dərvişliyi. Axı hay-küylü konsertlərdən, bütün respublikada baxılan verilişlərdən, təntənəli təltiflərdən kim qaçıb indiyəcən?
Sakit, təmkinli oxumağının içində müqəddəs bir kədər var. Fırtınası da yanında. Onunku sualtı zəlzələdir. Üzdə bilinmir. Di gəl adamın daşını daş üstdə qoymur.
Bunu bəlkə də hamıdan çox hiss eləyən Şuşa həbsxanasının “nadzor”u olub...
İki daşın arasında həbsə də düşüb.
Müəllim hara, xanəndə hara, “türmə” hara?
Amma Şahmalıdır bu!
Kimsəyə bənzəməz.
Həbsxana işçisi onu içəri salıb qapını bağlayanda, xahiş edir ki, “kormuşka”nı – kameranın balaca pəncərəsini örtməsin, onu azadlığın son işartısından ayırmasın. İnsaflı adammış. Eşidir bu qarayanız oğlanı. Şahmalı da elə oradaca həmsöhbətinin mükafatını verir. İri əlini qulağının dibinə atıb necə oxuyursa... Boş kamera... Uzun, yiyəsiz dəhliz... Səs yalın divarlarda əks-səda verib bütün həbsxananı öz sehrinə salır. Qarşısındakı adamı isə ildırım vurur. Uzun zaman özünü cəmləyib addım ata bilmir.
Elə bil oxumaq üçün tikiblərmiş Şuşa həbsxanasını!
Heç filarmoniyanın akustik səhnəsində belə şirin boğaz alınmaz.
Şahmalıdan film çəksəm məhz bu nüansdan başlayaram – səslə fəftiz olunan Şuşa həbsxanasından.
Final isə məlum. Ağlagəlməz bir sonluq. Hər şeyə yekə bir nöqtə.
1992-ci ilin 6 noyabrı...
Peyğəmbərin ölüm yaşına çatmış sənətkar 8 yaşlı oğluna öz əli ilə əkdiyi limon ağaclarını göstərir...
Və qəfil həyətə “qrad” mərmisi düşür...
Beləliklə, Şahmalı Kürdoğlunun adının qarşısına bir epitet də əlavə olunur: Şəhid Xanəndə.
Burda da hamıdan seçilir. Nə əməkdar artist adını alır, nə xalq artisti adını. Möhürlü, imzalı titullardan qaçır.
Ona adı göy üzü verir...
Taleyə bənzəyən göy üzü...
Altından qaçıb qurtarmaq mümkün olmayan genişlik!
Mərmini endirir, onu qaldırır.
Mərmini onu qaldırmaq üçün endirir.
Bir yana baxanda xoşbəxt insandır deyirsən. Ağdamın dağılmasını görmədi. Yoxsa öz əli ilə saldığı o bağın həsrətinə dayana bilməzdi, zərrə-zərrə, misqal-misqal əriyib gedərdi.
Bundansa bir anlıq ölüm daha yüngüldür, daha mərhəmətlidir.
Amma Qarabağın bugününü də görməyə dəyərdi.
Dünyaya səs salan “Rast”ını mininci dəfə dinləyirəm. Qələbənin gur işığı səsinin parıltısını artırıb sanki. Yavaş-yavaş bu möcüzəvi səsdə sevinc notları aşkar edirəm.
Olmaya rəhmətlik öz kədərli aqibəti ilə bir yerdə otuz il sonranın işığını da görürmüş?