26.12.2024, 20:19
AZ EN
12.12.2024, 12:00

Qələbə təbəssümü

Şərif AĞAYAR

  • Mikayıl Müşfiqin məşhur bir portreti var. Hamımız görmüşük. Sosial şəbəkələrdə geniş yayılmış bu fotonu, haradasa dörd-beş il öncə xüsusi proqramın köməyi ilə rənglədilər. Şairin gənc, həbəşi cazibəsi necə canlı alınmışdısa, oturub saatlarla baxmaq istəyirdin. Deyirdin, bu saat üzü-gözü tərpənəcək, ağzını açıb danışacaq. Zamanımızda innovativ yeniliklər tükənmir. Müşfiqin üz cizgilərini növbəti proqramın köməyi ilə doğrudan da tərpətdilər. O gülümsündü. Budəfəki təqdimat da çox təbii və inandırıcı alınmışdı. Həmişə nədənsə obyektivə kədərlə baxan Müşfiq bu dəfə gülürdü. Hətta dişləri də görünürdü. Gözlərinin ətrafı qırışıb sevinc mimikası əmələ gətirirdi.

Müşfiqin tamamilə təbii görünən süni təbəssümü yaddaşımın dərinliklərinə işlədi. Gerçək həyatda gördüyüm kədərli insan sifətləri canlandı xəyalımda. Siz belə insan üzlərini kütləvi şəkildə görmüsünüzmü? Görmüsünüz.

Yaddaşınızı təzələmək üçün 20 Yanvar hadisələri vaxtı çəkilən fotolara baxa bilərsiniz.

Yaxud 1992-93-cü illərdə gedən Qarabağ müharibəsi zamanı yurd-yuvasından didərgin düşən insanların fotolarına...

Dilimizdə belə bir məsələ var: ellə gələn dərd toy-bayramdır. Əslində, bu misalla atalarımız demək istəyib ki, hamının başına gələn bəladan özünü çıxdaş eləmə, onu toy-bayram say və dözümlü ol. Özünü ətrafla müqayisə et, təskinlik tap. Bu ifadə həm də birliyə bütövlüyə çağırışdır. Lakin etiraf edək ki, rəngləri bir balaca tünd eləyiblər. Çünki ellə gələn dərd daha dəhşətlidir. Hamı quyunun içindədir. Əl uzadıb aman istəməyə bir kimsə yoxdur.

Eynən 90-cı illərdə olduğu kimi. Kiməsə izah edə bilmirsən həmin vaxtı. Çörək növbələri, köç maşınlar, şəhid cənazələri, hər dəfə bir kəndimizin, bir rayonumuzun alınma xəbəri... Qonşu kənddə bir kişi vardı, fiziki gücü ilə bütün Zəngəzurda, Qarabağda ad çıxarmışdı. Məcburi köçkünlüyün ən çətin anlarında Ağcabədi avtovağzalında təsadüfən rastlaşdıq. Bir kəndçimizlə söhbət edirdi. Gördüm, ağlayır. Deyir, kaş dağlar təlatümə gələydi, bizi qəhr eləyəydi, qaçıb buralara gəlməyəydik.

Onda 16 yaşım təzə tamam olmuşdu. İndiki uşaqlar kimi geniş dünyagörüşüm yox idi. Məcburi köçkünlüyü də bütün ağırlığı ilə qavramaq iqtidarında deyildim. Gördüyüm bu mənzərə məni sarsıtdı. Qarşıda bizi hansı məşəqqətlərin gözlədiyini yeniyetmə intuisiyası ilə hiss etdim.                          

Adamlar təbəssümünü itirmişdi. Tanımaq olmurdu onları. Ən yaxın – yanında böyüdüyümüz qohumların da üz cizgiləri dəyişmişdi. Kişilərin papağı başına daha çox basılmışdı. Toylarda əyri qoyulan kepkalar yıpranmışdı.

Yas bir yana, toylarda da ağlayırdı insanlar. Videolarda indi də görmək olur. Bəzilərini yutuba yükləyiblər. Hərdən baxanda mənə uzaq nağıl kimi gəlir. Elə bil üstündən yüz il keçib.

Kənddə öz rəqsi ilə camaatın marağına səbəb olan, hamının alqışını qazanan insanları oynatmaq olmurdu. Nə qədər xahiş edirdik, heç kimin qolu qalxmırdı. Sonra vəziyyət bir az yumşaldı. İsa Muğanna demiş, zülmə öyrəşdik. Həmin adamlar toylarda oynamağa başladılar. Ancaq bu da əvvəlki oynamaq deyildi. Qolu-qanadı sınmışdı el rəqqaslarının. Gücləri sadəcə həzin bir nostalji yaşatmağa çatırdı.    

Mən o zamanlar fərqinə vardım ki, bu dünyanın ən böyük itkisi təbəssümdür. Əlbəttə, söhbət səmimi, ürəkdən gələn, həqiqi xoşbəxtliyi, firavanlığı ifadə edən təbəssümdən gedir. Təbəssümün itməsi onun arxasındakı yüzlərlə səbəbin əlindən çıxması deməkdir: vətənin, sevdiyin qadının, səadətin, doğma bir insanın, sağlamlığın və s.

Təbəssüm yaşadığın ömrün dəyəridir, onun ətrafa nümayişidir.

Və ömür boyu mənə doğma olan o insanların üzündə axtardım o arxayın, o rahat, o inamlı təbəssümü...

Axırı eynən Müşfiq kimi sadə bir fotoda tapdım. Bu, məşhur birisi deyildi. Sadə həyat sürən, özünün xırda təsərrüfatı ilə məşğul olan sadə bir kənd adamı idi. Sadəcə tarix onu seçmişdi o an. Tanrı da onun yanında idi. Tanrı da göydən ona baxıb gülümsəyirdi. Üzünə həm təbəssümün, həm günəşin işığı düşmüşdü.

Çünki o adam otuz ildən sonra doğma kəndimizə qayıtmışdı və fotonu öz qapısından paylaşmışdı.

Kənddən çıxanda yenicə ailə qurmuş cavan bir oğlan idi. Özünə yenicə ev tikmiş, təzə, gözəl məhəlləsinə təzə yığışmışdı. Bizim kənddə qaz yox idi. Ona görə camaat qış yanacağını meşədən gətirirdi. Yayda da sac üstə yuxa salmaq üçün meşə odunundan istifadə edirdilər. Həmin adam yüz illik, min illik ənənəni yadına salaraq meşəyə getmiş, ata yüklədiyi bir yük odunla qapısına çatar-çatmaz kameraya yaxalanmışdı. Gözünün birini azca qıyıb baxırdı. Üzündə də kəndimiz dağılandan bu günə qədər itirdiyim, axtardığım və tapmadığım həmin o rahat, o dolğun, o inamlı təbəssüm... Sevincin işığı ağ saqqalına dağılıb günəşin işığına qarışmış, onu lap müqəddəs övliyalar kimi nura qərq eləmişdi. Sağ yanında ot kəndirindən boş bir zivə görünürdü. Zivənin üstündə boş bir şpilka ağarır, öz varlığı ilə böyük qayıdışa şəhadət verirdi...

Mən şəklə baxan kimi o təbəssüm adını da tapdım: Qələbə təbəssümü.

Müşfiqi süni intellekt güldürmüşdüsə, mənim kəndçimi gerçək qələbə güldürürdü.

Bu elə bir nemət idi, keçmişdəki bütün ağrı-acını unutdururdu.

Qələbə bütün itkiləri kompensasiya edirdi.

Şəkil açıq-açığına deyirdi: Gəncliyimiz fələyin xərcinə gedib – bilirəm, yurd-yuvamızdan uzaqlarda doğmalarımızı itirmişik – bilirəm, otuz il çöllərdə-düzlərdə ilan kimi sürünmüşük – bilirəm, əvvəlki müharibə öz yerində Vətən müharibəsində 3 mindən artıq igid itirmişik – bunu da bilirəm, amma nəticə qələbədirsə, hamısına dözərdik! Vay o günə həm gəncliyini, həm doğmalarını, həm yurd-yuvanı, həm minlərlə igidini itirəsən, həm də məğlub olasan, gözükölgəli qalasan, gülümsəmək bir yana, başını qaldırıb adamların üzünə baxmağa ürəyin gəlməyə.   

Təkcə insan yurd-yuvadan deyil, təbəssüm də üzdən cüda düşə bilir.

Təkcə insan yurd-yuvaya deyil, təbəssüm də üzə qayıda bilir.

İnsan yurd-yuvasız qalanda miskin göründüyü kimi, üzlər də təbəssümsüz həyat eşqini itirir.

Tanrı insanı yurd-yuvasından, təbəssümü üzdən ayrı salmasın.