Qoşa minarəli bu məscidinlə
Səni bütün dünya tanıyır, Ağdam!
İllərdi duamız ucaldı göyə,
Daha bizi heç kim qınamır, Ağdam!
Uca Yaradana şükürlər olsun
Bax budur ədalət, budur haqq sözü.
Qoşa minarəli Cümə məscidim,
Yenə də qoynuna alacaq bizi.
Ay mənim atamın ibadət yeri,
Sənin yaddaşını silmək olarmı?
Xocalı adında yaran sağalmaz
Bu qədər müsibət unudularmı?
Sənə qovuşmağı çox arzuladım,
Duam qəbul oldu, gözlərim aydın.
Qoşa minarəli Cümə məscidim,
Qisasın alındı, gözlərin aydın!
Düz 27 il didərgin düşmüş məktəblərimizdə şagirdlər başlarına qara bağlayıb işğal altında qalan torpaqlarımıza ağı dedilər. Uşaqdan böyüyə hamımızın bircə arzusu oldu, gün o gün olsun ki, doğma Qarabağa, Ağdama qayıdaq. İndi gün o gündür. İşğaldan azad etdiyimiz doğma torpaqlarımızın günlərini qeyd edirik. Bu gün də AĞDAM şəhəri günüdür.
Qalib sərkərdə kimi 2020-ci il noyabrın 23-də Ağdama səfər edən dövlət başçımız İlham Əliyev 27 ildən sonra şəhərdə Azərbaycan bayrağını ucaltdı. Dövlət başçısı Məkkədən gətirdiyi Qurani-Kərimi Ağdam məscidinə bağışladı.
Ali Baş Komandanımızın düşmənin yararsız hala saldığı, yarıuçuq Ağdam məscidinin önündə söylədikləri ürəyimizdən tikan çıxardı, yaddaşlarımıza əbədi həkk edildi: “İndi mən Ağdam məscidinin önündə dayanmışam, Ağdam şəhərinə gəlmişəm öz ordumla, qalib kimi! Sizsə miskin, məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız. Hərbi cinayətkarlar, Xocalı qatilləri, Sizi məhv eləmişik! Azərbaycan əsgəri, Azərbaycan zabiti Sizi məhv edib!
Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək bu barədə də ətraflı danışacağam. Bu 44 gün ərzində bizə mənəvi və siyasi dəstək verən Türkiyə Cümhuriyyəti olub, mənim qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan olub və bir neçə digər müsəlman və qeyri-müsəlman ölkələrin rəhbərləri olub. Biz bu Qələbəni birlik, əzm, iradə və güc hesabına əldə etdik”.
Xarici jurnalistlərin “Qafqazın Xirosiması” adlandırdığı Ağdam şəhəri bu gün çıraqbana çevrilir, kəndlərimiz yeniən qurulur. Düz 27 il bu günün həsrəti ilə yaşadıq. Birinci Qarabağ müharibəsi zamanı ərazisi 1154 kvadrat kilometr, əhalisi 158000 nəfər olan Ağdam rayonunun 77,4 faizi ermənilərin əlinə keçmişdi. Ermənilər Ağdamın işğal olunan ərazilərindəki tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri darmadağım etmişdilər. 128 min nəfər doğma ev-eşiyindən didərgin düşmüşdü, Azərbaycan iqtisadiyyatına 3 milyard manatdan çox ziyan dəymişdi. İşğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu olub.
Onu da unutmayaq ki, Ağdam Birinci Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub ki, onlardan 16-sı Milli Qəhrəman adına layiq görülüb. Ağdam heç vaxt düşmənə baş əyməyib, sona qədər vuruşub. İkinci Qarabağ müharibəsində də ağdamlılar cəsarətlə vuruşub və şəhidlər verib.
Dörd il öncə İlham Əliyev noyabrın 20-də xalqa müraciətində Ağdam üçün yeni dövrün başlandığını, rayonun bərpasının gələcək planlarda xüsusi yer tutacağını bildirmişdi: "Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur".
Şanlı qələbə nəticəsində işğaldan azad edilmiş Ağdamda bu gün həyat yenidən canlanır. Azadlığına qovuşmuş doğma şəhərimizdə böyük quruculuq, təmir-bərpa işləri həyata keçirilir. Vaxtilə adı dillər əzbəri olan, nəinki Qarabağın, eləcə də respublikamızın ən inkişaf etmiş, abad şəhərlərindən olan Ağdamda hazırda böyük tikinti bumu yaşanır. Bu gün Ağdam Sənaye mərkəzinə çevrilir. Burada artıq zavodlar, fabriklər fəaliyytə başlayıb.
Bizi öz doğma torpaqlarımıza qovuşduran, Şanlı Vətən Müharibəsində yurdumuzun azadlığı uğrunda canından keçmiş qəhrəman Şəhidlərimizin ruhu şad olsun, qazilərimizə Allahdan şəfa diləyirik, bu yolda sinəsini sipər edən bütün oğullarımızın qarşısında baş əyirik. Doğma torpaqlarımızı öz güclü iradəsi ilə bizə qaytaran Müzəffər Ali Baş Komandanımıza eşq olsun!