Dünən, yəni ABŞ prezidentinin yazdığı məktubun Bakıda öz ünvanına çatmasından 3 gün sonra Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti çərçivəsində Ermənistanın Baş naziri ilə görüşməsi, həmin görüşlərdən yayılan görüntülər diqqəti daha çox çəkdi. Əvvəki görüşlərdən və ayaqüstü təmaslardan fərqli olaraq, bu dəıfə Azərbaycan və Ermənistan liderləri daha səmimi, dinamik müzakirələr apardıqları göz qabağında idi. Görüş barədə yayılan rəsmi məlumatlarda deyilir ki, hər iki ölkənin liderləri xarici işlər nazirlərinin iştirakı ilə ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. Ən əsası odur ki, kifayət qədər işgüzar şəaritdə keçən müzakirələrin sonunda xarici işlər nazirlərinə sülh sazişi üzərində işlərin mümkün tez zamanda yekunlaşdırmaq və imzalamaq üçün ikitərəfli danışıqları davam etdirmək tapşırılıb. Nazirlərə verilən təlimatda sənədin adı da ilk dəfə açıqlanıb: Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş.
İndi hamını bir məsələ daha çox düşündürür: görəsən Baydenin xüsusi elçi vasitəsilə Azərbaycan və Ermənistan liderlərinə göndərdiyi məktubda nələr yazılıb? Həmin məktubdakı mesajları Maykl Karpenteri İlham Əliyev və Nikol Paşinyanla birbaşa görüşlərdə çatdırmasına nə mane olurdu?
Açıqlanan məlumat ondan ibarətdir ki, Bayden məktubunda ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına dəstək verməyə hazır olduğunu qeyd edib.
"Mənim administrasiyam sülhə yol açacaq cəsarətli təşəbbüslərin irəli sürülməsinə hazırdır. Xahişimlə xüsusi köməkçim, Avropa üzrə baş direktor Maykl Karpenter atmağa hazır olduğumuz müəyyən addımlarla bağlı Sizi məlumatlandıracaq və Ermənistanla müzakirələrə dair Sizin mövqeyinizi öyrənəcək", - deyə bəyan edən ABŞ Prezidenti məktubda "müəyyən addımların" nələrdən ibarət olduğunu açıqlamayıb.
Okeanın o tayından Bakıya və İrəvana göndərilən məkub təkcə Azərbaycanla Ermənistanda deyil, regionda marağı olan digər ölkələrin siyasi və ictimai dairələrini də xeyli dərəcədə maraqlandırır. "Azadlıq" radiosunun erməni bürosu bu maraqdan çıxış edərək məsələ ilə bağlı ABŞ Dövlət Departamentinə məktub ünvanlayıb. Lakin Dövlət Departamenti sorğuya ağlabatan cavab verməyib. Yalnız o deyilib ki, ABŞ uzunmüddətli və ləyaqətli sülh razılaşmasına nail olmaq üçün Ermənistan və Azərbaycanın səylərini dəstəkləyir, tərəflər üçün faydalı olan istənilən şəkildə bu prosesi dəstəkləməyə sadiqdir.
Görünən odur ki, oktyabrın 7-8-də Moskvada Rusiya Prezidenti Vladimir Putinin səylərinə rəğmən liderlərin iştirakı ilə üçtərəfli görüşün baş tutmaması da rəsmi Vaşinqtonu xeyli ümidləndirib. Bir daha aydın oldu ki, sülh prosesi Moskvanın diktəsi altında deyil və tərəflərin iradəsi həlledicidir. Amma Azərbaycan və Ermənistan liderlərinin dünən BRİCS sammaiti düzənləndiyi geniş və işıqlı salonda pozitiv əhval-ruhiyyədə keçən görüşü Bakı ilə İrəvanın nə Vaşinqtonun, nə də Moskavanın iştirakı olmadan, heç bir vasitəçisiz, yalnız ikitərəfli münasibətlər qurmaqla sülh razılaşmasına nail olunacağına işarə sayıa bilər.
Prezident İlham Əliyevin erməni həmkarı ilə Kazanda görüşdüyü saatlarda mətbuat vasitəsilə Ermənistandan verilən mesajlar da tərəflərin sülhə çox yaxın olduğunu göstərir. Hətta sazişdə əksini tapan bütün müddəaların tezliklə razılaşdırılaraq imzalanmaya hazırlandığı bildirilir. Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanın dünən keçirilən iclasda "Birləşmiş Ştatlar rəhbərliyinin Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanması üçün göstərdiyi səylər bizim də maraqlarımıza uyğundur. Ona görə də razılaşmanın əldə olunması üçün tələsmək lazımdır. Ermənistan hökuməti də sülh müqaviləsini daha tez bağlamaq üçün əlindən gələni edir. Həmçinin Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasını təmin etmək üçün mümkün olan variantlar nəzərdən keçirilir" söyləməsi də çox mətləblərdən xəbər verir.
Bu, həm də o deməkdir ki, başda Bayden olmaqla ABŞ administarsiyasi nəinki 44 günlük müharibənin, üstəlik ötən ilin sentyabrında Qarabağda həyata keçirilən antiterror tədbirlərinin nəticələrini nəhayət ki, qəbul edib və tanıyır! Bu, həm də antiterror tədbirləri zamanı tərksilah edilərək həbs olunmuş separatçı liderlərin cinayətkar olduğunu qəbul etmək deməkdir. Otuz il ərzində Ermənistanın işalı altında qalmış Qarabağ bölgəsinin Azərbaycanın beynəlxalq hüuq tərəfindən tanınmış ərazisi olduğu isə çoxdan qəbul edilib. Yerdə qalan məsələlər təfərrüatlardır və zaman-zaman həll olunacaq. Həm də Azərbaycanın istədiyi şəkildə!