26.12.2024, 20:55
AZ EN
24.10.2024, 17:25

Qalib ölkənin şairi

Şərif AĞAYAR

Məmməd İsmayılın 85 yaşına

 

  • Füzulinin mövzusundan asılı olmayaraq bütün şeirlərində bir irfan əxlaqı olduğu kimi, Məmməd İsmayıl da yaxından-uzaqdan həmişə vətən adlı ocağın başına dolanmaqdadır. Onun anasına, qızına, boş qalmış həyətlərinin qapısını döyən ağacdələnə yazdığı şeirlər də vətənə aiddir. Ən qəribəsi, vətənin öz içində, öz qoynunda da onun həsrətini çəkir. Bəlkə, ömrünün ahıl çağlarının əlamətdar bir hissəsini qürbətdə yaşaması bu “şair nadincliyi”nin bir “cəzası” idi.

Məmməd İsmayılın “Təzədən mən sənə qayıdacağam” adlı Azərbaycan ədəbiyyatının qızıl fonduna düşmüş gözəl bir sevgi şeiri var. Həmişə vətən axtarışında, bəlkə də layiqli vətən axtarışında olan şair burda üzünü zamana tutur.

Məmməd müəllimin də çox sevdiyi Əli Kərimin məşhur “Qayıt” şeiri belə başlayır:

Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun...

Şair ayrılıq sözünü işlətmədən onu nar kimi paralayıb içinə girir, ayrı-ayrı detallarını ustalıqla dənələyir. Doğrudan nədir axı ayrılıq? Nə olacaq? Araya dağ düşür, dərə düşür, bir-birimiz üçün sönən işığa, batan səsə çevrilirik.

Bu qədər sadə.

Və bu qədər estetik!

Məmməd İsmayıl isə ayrılığı zaman kontekstinə gətirir:
Düşüb aramıza həftələr, aylar,
Qalmısan ömrümün ötən ilində...

Ancaq nə sirdirsə mən bu şeiri oxuyanda həmişə işğal altında qalan kəndimizi xatırlamışam. Bəlkə, şeirin irəliləyən misralarındakı “kənd” sözü ilə assosiativ əlaqədəndir.

Bütün hallarda bir həqiqət danılmazdır: Məmməd İsmayılda zaman da vətəndir!

Qeyd etdiyim kimi, sevgi mövzusunda qələmə alınan şeirdə şair qayıtmaqdan danışır və hər bəndin sonunda qayıdışa bir bənzətmə tapır. İnsan sevdiyinə, doğulduğu kəndə, öz keçmişinə, lap belə rəbbinin yanına necə qayıdır? Bu qayıdışı nəyə bənzətmək olar? Yüz il düşünsən Məmməd İsmayıldan daha gözəlini tapa bilməzsən.

Şeir, ümumən ədəbiyyat belədir.

O, sözlərin ən gözəlini tapıb demək şansıdır.

Adam sevib unuda bilmədiyinə limana qayıdan gəmi kimi qayıdır, aça bilmədiyi qıfılbənd kimi qayıdır, anadan olduğu doğma kənd kimi qayıdır...

Adam sevdiyinə ünvanı səhv düşən məktub kimi qayıdır!

Sevmədiyin yerlər, sevmədiyin məkanlar, sevmədiyin adamlar sənin əsl ünvanın deyil, oralarda qəribsən, çox qala bilməzsən, qalsan da xoşbəxt ola bilməzsən, əvvəl-axır geri qayıtmalısan.

Ola bilər misra internet əsrinin oxucusuna lazımı qədər poetik informasiya verməsin. Məktublar vaxtı ilə kağıza yazıldığı və fiziki mənada daşındığı üçün, getdiyi yer düzgün yazılmayanda və ya ünvanı dəyişəndə hərlənib-fırlanıb öz sahibinin üstünə qayıdırdı.

Yeri gəlmişkən, elektron poçtda da bu qayda var, lakin proses çox sürətlə baş verdiyi üçün əvvəlki poetik məzmuna tam uyğun gəlmir.

Biz Qarabağa, Zəngəzura ünvanı səhv düşən məktub kimi, limana qayıdan gəmi kimi, aça bilmədiyimiz qıfılbənd kimi, anadan olduğumuz doğma kənd kimi qayıtdıq!

Yəqin ağıllı adamlar poetik söz bədii düsturdur deyəndə bunu nəzərdə tuturdular: istənilən zamanda istənilən situasiyaya uyğun gəlir.

Dünən Məmməd İsmayılın Muğam Teatrında keçirilən 85 illik yubileyində bütün bunları, hətta bundan qat-qat artığını dedilər. Mötəbər məclisdə söz demək xoşbəxtliyi bəndənizə də nəsib oldu. Məmməd İsmayılın, eləcə də hamımızın dostu, Xalqa şairi Sabir Rüstəmxanlının idarə etdiyi tədbirdə çıxışçıların çoxluğunu və reqlamenti nəzərə alıb qısa danışdım, lakin məncə fikrimi ifadə edə bildim.

Görəsən Tolstoy kimi yazmaq niyə çətindir? Mən bu sualın cavabını dörd-beş ay axtardım, axırda böyük ədibin gündəliklərində tapdım. Həmin sadə cavabı sizə də təqdim edirəm: Tolstoy kimi yazmaq ona görə çətindir ki, Tolstoy kimi yaşamaq çətindir.

Dünyada böyük şair, böyük yazıçı olmur, dünyada böyük şəxsiyyət olur və həmin böyük şəxsiyyət istəsə belə balaca şey yaza bilməz.

Məmməd İsmayıl kimi yazmaq da ona görə çətindir ki, onun kimi yaşamaq çətindir.

Ədəbiyyatla yaşamaq, sözü hər şeydən uca tutmaq, şeirin məcnununa çevrilmək...

Hər yerdə, hər şeydə vətən görmək, vətən təəssübü çəkmək...     

Ötən əsrin sonlarında xüsusilə Bəxtiyar Vahabzadə və Məmməd Arazla bağlı “vətəndaş şair” ifadəsini işlədirdilər. Düzü, mən belə ifadələri o qədər də sevmirəm. Mənə görə əsl şeirin vətəni yoxdur. Lakin mənim duyduqlarım, bildiklərim, qəbul edib-etmədiklərim gerçəkliyi dəyişmir. Doğrudan da öz şeirində vətəndaş məsuliyyəti hiss edən şairlərimiz var.

Məmməd İsmayıl da bunlardan biridir.

Bu xalqın başına min bəla gəldi,
Bu xalqın danışan dili olmadım...
Bu xalq yeddi yerdən zavala gəldi,
Mən ki dözüb durdum dəli olmadım –
Mən şair deyiləm, atam-qardaşım...

Bəzən deyirlər bizdə şeir çox yazılır, lakin sizi əmin edirəm, son yüz ilin ədəbiyyatında öz vicdanını bu dərəcədə sərt mühakimə edən iki-üç şair tapmaq çətindir.     

Məmməd İsmayıl həm də 44 günlük savaşa ilk şeir yazan şairdir. “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın dediyinə görə, 2020-ci il sentyabrın 28-də, yəni irimiqyaslı hərbi əməliyyatların başladığı günün səhəri Məmməd müəllim şeirini çap üçün onlara göndərib. Yazımı həmin şeirlə bitirərəm. Çünki yenə də sonda ən gözəl sözü “Məğlub ölkənin şairi kimi ölmək istəmirəm” deyən Məmməd İsmayıl özü söyləyəcək.

 

Bu vətənin nəyi var – azı-çoxu döyüşür,
Dağı, daşı, torpağı, varı, yoxu döyüşür.
Neçə şəhid igidin nakam ruhu döyüşür,
Bir əsgərə çevrilir burda hər məzar daşı,
Qürur yerim, nə yaxşı, başlatdın bu savaşı...

Ocağının başına çıxmağa yad gözləmə,
Dur, ayaqdan başa çıx, başqa imdad gözləmə.
Andın vətənin andı qeyri bir and gözləmə, –
Adın vətən adıyla çəkilərsə yanaşı,
Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı.

Bu insan dənizində hər insan bir adacıq,
Doğmaca yurdumuzu viran qoydu yad acıq.
Haqdı səni səsləyən haqq üçün cihada çıx,
Yürü, igid səfinin nə arxası, nə başı,
Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı.

Beşcə kəlmə sözüm var, canım, ey cavan əsgər,
Yoluna uğur deyim, Xan Eyvazım, xan əsgər.
Boyuna göz dikmişəm, boyuna qurban, əsgər,
Bu hücumun sonunda ölüm var uzaqbaşı,
Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı.

Ağzımda haqq deyirəm, bu haqq səsi sənindir,
Hələ haqqın nahaqla bəhsəbəhsi sənindir,
Dünyanın ən mübarək qələbəsi sənindir,
Bu qələbə yolunda nə dayan, nə yavaşı,
Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı.