26.12.2024, 20:13
AZ EN
11.09.2024, 16:30

Aşıq Ələsgərin sirri

Şərif AĞAYAR

“Qırxlar piri” özü verib dərsimi...

Aşıq Ələsgər

  • Dahi amerikalı yazıçı Uilyam Folknerə görə mükəmməl əsərlər 40 yaşdan sonra yaranır. Bu fikir istər-istəməz islam peyğəmbərinə vəhylərin 40 yaşdan gəlməyə başlamasını yada salır. Ələsgər də 40 yaşdan sonra ailə qurmuşdu və şeirlərində dönə-dönə “Qırxlar piri”ndən dərs aldığını söyləyirdi. Əcəba bu rəqəmlərin tarixin müxtəlif dövrlərində belə yan-yana düzülməsi bir təsadüfdürmü?

Dünyadan köçən insanın da, dünyaya gələn insanın da qırxı çıxır; qırxlı çağanın üstünə getmək olmaz – o otaqdan çıxarılmalı, qonaq girəndən sonra körpə onun üstünə gətirilməlidir; nağıllardakı mifik saraylar qırx mərtəbəlidir; şahlar-sultanlar qırx gün-qırx gecə toy çaldırırlar; ən böyük ustadların qırx sirri olur; şərqin ən məşhur quldurlarının da, ən müqəddəs övliyalarının da sayı qırxdır...

Bildiyiniz kimi, tibdə də “40 yaş sindromu” adlı bir termin var. Ölüm döngələrinin ən ciddisi 35-40 arasına düşür, 40-ı fiziki mənada sağlam keçənlərə zaval yoxdur.

Bütün bunlar təsadüf ola bilməz.

Kim bilir, bəlkə, Ələsgərin özünə ustad saydığı “Qırxlar piri” də bu rəqəmi mən saydığım səbəblərə görə seçib.

Ələsgərin qırx yaşında ailə qurmasının sirrini yalnız nakam Səhnəbanı məhəbbəti ilə əlaqələndirmək yanlışdır. Qeyd etdiyim kimi, Səhnəbanı Ələsgərin təkmilləşmə prosesinə daxildir, hətta onu sürətləndirən katalizatordur, lakin bütün sualların cavabı deyil. Səhnəbanı ilə başlayır, onunla davam edir, lakin onunla yekunlaşmır. Eşq sarayına gedən gəmi okeana Səhnəbanı limanından yelkən açır. O limandan bu gəminin içində çox şey var. Bəlkə, bütün materialı o limandandır. Lakin yol aldığı ünvan bütün kainatın, hər iki cahanın can atdığı sirli məqamdır. 

Qarşımızda iki Ələsgər var. Onun biri “Qırxlar piri”ndən dərs alan şair Ələsgərdir, o biri Ağkislə kəndində yaşayıb hamı kimi təsərrüfatla məşğul olan kəndli Ələsgər. Şair Ələsgərin ömrü də iki hissədən ibarətdir: qırx yaşa qədər, qırx yaşdan sonra...

Qırx yaşa qədər kəndli Ələsgər şair Ələsgərin qulluğunda dayanmışdı. Onun üçün çalışırdı. Axı Ələsgər də hamımız kimi adi bir insan idi, mələk-filan deyildi. Onun da cəmi məxluq kimi maddi ehtiyacları vardı. O cümlədən evlənmək, oğul-uşaq sahibi olmaq ehtiyacı...

40-dan sonra şair Ələsgər kəndli Ələsgərə azadlıq verdi, dedi, buyur, bu sən, bu həyat, ailə qur, ev-eşik, oğul-uşaq sahibi ol. Çünki artıq kəndli Ələsgər öz qabarlı əllərinin hesabına, şair Ələsgəri onun istədiyi mərtəbəyə qaldırmışdı. Şair Ələsgər yəqinliyə çatmışdı artıq. Sənətin vəhylərini qəbul etməyə başlamışdı. İndən belə toya-düyünə gedib beşdən-üçdən qazanacaq, kəndli Ələsgərin cibinə qoyacaq, onun dolanışığına – ağır külfətini saxlamağa kömək edəcəkdi.

Yəqinlik bir az da Buddanın nirvanasına bənzəyir. Yadınızdadırsa, dünyanı yoxsulluq, xəstəlik və ölüm kimi ağır zillətdən qurtarmaq sevdasına düşən Budda ilk vaxtlar münzəvilərə qoşulur. Çünki dahi şərq müdriki kainatı çözməyin özünü çözməkdən başladığını yaxşı bilirdi. Ancaq prosesin bir ortasında o tərki-dünyalığın aydınlanmağa aparmadığını anladı və elə münzəvilərin yanındaca orucunu pozub yemək yeməyə başladı. Onu öz yanlarından qovdular. Budda isə oradan məşhur əncir ağacının altına getdi. Əslində, aydınlanma Buddanın çörəyə əl atdığı andan başlamışdı. Əncir ağacının altında isə sadəcə fiziki cəhətdən gerçəkləşdi. Məşhur pritçadakı dialoqa diqqət yetirək.

Nirvanaya yetmiş buddist rahibdən soruşurlar:

– Bunu necə bacardın?         

Cavab ildırım kimi vurur adamı:

– Acanda çörək yedim...

Beləliklə, rahib həm Buddanın məşhur əhvalatına işarə vurur, həm də təbiətin özü kimi yaşamağın vacibliyinə diqqət çəkirdi.

Şair Ələsgər peyğəmbər yaşına çatanda “acanda çörək yemək” gerçəyini anladı.

Bu, Ələsgərin nirvanası idi!

Ona görə rahatca xışını götürüb yer şumlamağa, orağını götürüb taxıl biçməyə, dəryazını götürüb ot çalmağa getdi. Onun öz əlləri ilə tikdiyi evin şəklini görəndə tüklərim biz-biz dayandı. O ev ki, qaçqınlıq düşəndə Ələsgər onun yandırılma xəbərinə inanmamış, əminliyini belə ifadə etmişdi: “Mən o evin ağaclarını yayın günü oruclu ağzımla susuzdan yana-yana gətirmişəm, yanmaz o ev!” Əlbəttə, yanmazdı. Yansaydı daha Tanrı göydə nə işə baxırdı? Ustadın ədlü-ədalət deyib sevdiyi o mübarək zat məzuniyyətlə işləmir axı.

Ələsgərin evinin daşları şeirinin misraları kimi düzülmüşdü. Bu divarlara baxdıqca sahibinin palçıqlı əllərini düşündüm, yadıma böyük Tolstoyun saman-palçıq yoğurması düşdü.

Amerikadan məşhur bir tənqidçi zamanın ən böyük yazıçısının sorağı ilə gəlib Tolstoyun həyətinə çıxır. Qapını ayaqları saman-palçığa batmış saqqallı bir kişi açır.

Amerikalı tənqidçi:

– Mənə Tolstoy lazımdır.

Cavab:

– Hüzurunuzdadır.

Qonaq çaşır. Haqqı da var. Amerikada bu səviyyədə yazıçını adamlar qollarının üstündə gəzdirərdilər. Sualını bir az da dəqiqləşdirir:

– Mənə qraf Tolstoy lazımdır.

Cavab dəyişmir:

– Hüzurunuzdadır.

Tənqidçi həyəcanlanmağa başlayır:

­– Mənə “Hərb və sülh” əsərinin müəllifi Lev Nikoloyeviç Tolstoy lazımdır.

Cavab yenə dəyişmir və kapitalist dünyasından gələn qələm adamı mujik sadəliyini qəfil anlayır, heyrətdən ağzı açıq qalır.

Bizim isə sualımız budur:

– Mənə ağkilsəli Alməmməd kişinin oğlu şair Ələsgər lazımdır.

Min bir misra yerbəyerdən səslənir:

– Hüzurunuzdadır!

Nə yaxşı o ölməz şeirlərin hesabına bu cavab heç vaxt dəyişmir...

Dəyişməyəcək!

Nə qədər Azərbaycan var...

Nə qədər Azərbaycan xalqı var...

Nə qədər Azərbaycan dili var...