26.12.2024, 20:07
AZ EN
01.06.2022, 13:00

Doğma yurda səfərin təəssüratı

Sabit ƏZİMOV

Bir yoxsul qürbətdə şah olsa əgər,

Hər zaman o, “Vətən” deyib, ah çəkər.

Əssar Təbrizi

 

Bəli, hər birimizin heç vaxt ayrılmaq istəmədiyimiz torpaq, ana, vətən, əslində, həyat deməkdir. Elə bir həyat ki, torpaqdan yaranmış insan anadan ayrılmaq istəməz, vətənsiz yaşamaq da çox çətin olar. Həsrətli illəri unutmaq üçün yalnız vətənə, anaya, torpağa yaxın olmaq lazımdır. Təbii ki, vətənsizliyin, anasız dünyanın, torpaqsız vətən övladının vəziyyətini başa düşmək çətin deyil. Vətənə məhəbbət mücərrəd anlayış deyil, o, təşkilatçılıq, inkişaf və mədəniyyət tələb edən real müsbət qüvvədir. Azərbaycan vətənimdir, qürur ünvanımdır, məxsus olduğum xalqın yaratdığı, dünya birliyində qəbul edilən dövlətdir.

Xalqımızın gözəl adət-ənənələri, birgəyaşayış prinsiplərində qonaqpərvərlik, humanizm mövqeyi hamıya yaxşı bəllidir; hətta yaşadığı ocağın ən rahat guşəsini qonağın istifadəsinə verər. Əlbəttə, yaranışdan indiyə kimi əbədi olmayan dünyada yaşadığımızı bilirik, dünyanın fani, ötəri olduğu da minilliklər boyu təsdiq edilmişdir.

Respublikamızda vaxtilə məqsədli məskunlaşmış separatçı erməni qüvvələri tarixin bir çox dövründə xalqımıza qarşı terrorlar, soyqırımlar törətmişlər. Yaxın keçmişimizdə, bu günlərimizdə baş verənlər haqqında məlumatlı olduğumuz üçün 1988-ci ildə keçmiş Sovet İttifaqının rəhbərliyi tərəfindən himayə olunan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını yaxşı bilirik. Həmin ilin fevral ayının əvvəlində keçmiş vilayətin mərkəzində mitinqlər təşkil olunduğunu və qərarlar qəbul edildiyini də unutmamışıq. Azərbaycanın o vaxtki rəhbərliyi sussa da, yaşadığım Ağdam rayonunun bütün insanları erməniləri mənfur siyasətlərindən yayındırmaq üçün səfərbər olundular, etiraz məqsədilə şəhərin mərkəzi meydanına toplaşdılar. 22 fevral 1988-ci ildə silahsız azərbaycanlılar Əsgərana doğru hərəkət etdilər, məqsəd dava salmaq yox, yaranmış anlaşılmazlığa son qoymaq idi. Gəncləri dayandırmaq üçün qarşılarına kəlağayı da atıldı, buna baxmayaraq vətənpərvər ruhda tərbiyə almış gənclərin qoşulduğu bu etiraz aksiyasında Əli və Bəxtiyar düşmən gülləsinə tuş gələrək, ötən əsrin sonunda Qarabağ uğrunda ilk Azərbaycan şəhidləri oldular.

1982-1993-cü illərdə Azərbaycana rəhbərlik etmiş K.Bağırov, Ə.Vəzirov, A.Mütəllibov, Ə.Əliyev, Y.Məmmədov isə nəinki yaranmış vəziyyəti düzgün qiymətləndirə, ümumi birliyi təmin edə bilmədilər, əksinə, siyasi naşılıq, cəsarətsizlik, ali rəhbərə məxsus olmayan qətiyyətsizlik nümayiş etdirdilər, beynəlxalq münasibətlərdə uzaqgörən siyasəti həyata keçirə bilmədilər.

Qarabağımızın xarici havadarlarının bilavasitə dəstəyi ilə ermənilər tərəfindən işğal olunması bu torpaqların əsl sahiblərinin uzun illər ərzində məcburi köçkün vəziyyətinə düşməsinə səbəb oldu, 20 faiz ərazilərimiz işğal olundu. Yurd yerlərimiz, bütünlükdə maddi və mənəvi irsimiz dağıdıldı, vandalizmə məruz qaldı. 366-cı motoatıcı alayın bilavasitə iştirakı ilə Qaradağlı faciəsi, Xocalı soyqırımı baş verdi. Təəssüf ki, mövcud dünyamızın ikili standartlar əsasında yanaşmaları hələ də bu soyqırımlara ədalətli şəkildə qiymət verilməsinə şərait yaratmır. Bu gün yaxın ətrafımızda baş verənlər bir daha onu təsdiq edir ki, beynəlxalq münasibətlər sistemində güc və maraq prinsiplərinə daha çox üstünlük verilir.

30 il işğala məruz qalmış torpaqlarımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində 2020-ci ilin noyabrında Zəfərlə yekunlaşdı, Ermənistan dövləti üçtərəfli sazişə imza atmağa məcbur edildi. Azərbaycan xalqının ümumi vahid birliyi dəmir yumruğun birbaşa hədəfə yönəlməsinə tam şərait yaratdı. Ana torpağımız, vətənimiz işğala məruz qaldığı dövrdə azadlığı müqəddəs mücadilə yolu seçmiş minlərlə vətən övladı haqq mübarizəmizdə şəhid, qazi oldu, qısa ömür yolunda Azərbaycan tarixinə şanlı qəhrəmanlıq, yeni bir qürur səhifəsi yazdı. Bu, Azərbaycan tarixində işğala məruz qalmış torpaqların azad edilməsi baxımından ən şərəfli ilk və strategiya oldu. Bir daha təsdiq edildi ki, öz vətənini, azadlığı və istiqlaliyyətini sevən bir xalqın ruhunu məhv edəcək bir qüvvə yoxdur. İndi Qarabağımız azaddır, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quruculuq, bərpa işləri geniş vüsət almışdır. Eyni zamanda tarixi Azərbaycan torpaqlarından keçən Zəngəzur dəhlizinin yaradılması Şimali Qafqaz bölgəsində Azərbaycanımızın böyük layihələrin həyata keçirilməsində möhkəmlənən güclü nüfuzundan xəbər verir.

Unudulmaz yurd yerimiz, böyük inkişaf yolu keçmiş, şanlı tarixə malik Ağdamın 1993-cü il - işğala məruz qaldığı dövrü xatırlayarkən zəngin potensiala malik olduğunu qeyd etməyi vacibsayıram. İri təsərrüfat birlikləri, sənaye, tikinti, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələrinin inkişafı o səviyyədə idi ki, rayonda dövlət proqramları vaxtından əvvəl yerinə yetirilirdi, əhalinin real gəlirləri sürətlə artırdı. Zəngin bazar, əmanət bankında vətəndaşların vəsaitləri iqtisadi münasibətlərin real göstəriciləri baxımından diqqətəlayiq idi, ümumdaxili istehsalın dəyəri milyonlarla qiymətləndirilirdi.

...Yenidən azadlığına qovuşmuş Ağdamın mərkəzi meydanında dayanaraq Ə.Haqverdiyev adına Dram teatrına tərəf baxıram. Möhtəşəm layihə əsasında tikilmiş, geniş tamaşaçı yeri olan bu tarixi mədəniyyət obyekti vaxtilə ətrafa gözəllik bəxş edərdi. Teatrın uzun müddət direktoru işləmiş, ixtisas təhsili olmasa da, respublikanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüş Məmməd Əmirovun Ağdam teatrının respublika səviyyəsində tanıdılmasında müstəsna rolu olmuşdur, bu ənənə sonralar da layiqincə davam etdirilmişdir. Rayon zəhmətkeşlərinin teatr tamaşalarına kütləvi cəlb edilməsi mədəni inkişafda öz təsirini göstərirdi. Rayon mədəniyyət şöbəsinin apardığı ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində Ağdam respublika səviyyəsində qabaqcıl mövqeyə, nümunəyə malik idi. Dram teatrının qonşuluğunda Əmək Şöhrəti muzeyi var idi, amma indi heç nə yoxdur. Çox cazibədar, yaraşıqlı, əzəmətli, nümunəni təbliğ edən bu muzeydə əmək qəhrəmanları, qabaqcıl peşə adamları haqqında geniş məlumat yer alırdı. Sürəyya Kərimova, Tamaşa Əliyeva, Məruzə Quliyeva, Xuraman Abbasova, Zivər Ağayeva, Turab Məmmədov, Əli Abbasov və digər əmək qəhrəmanlarının haqında bu muzey vasitəsilə hər bir insanın yaxından tanış olmaq imkanı var idi. Bir faktı da qeyd edim ki, 1969-82-ci ildə Azərbaycan KP MK-nın birinci katibi işləmiş ulu öndər  Heydər Əliyev hər zaman Ağdam rayonunun inkişafına xüsusi diqqət və qayğı göstərmiş, Əmək Şöhrəti muzeyinin açılışında bilavasitə iştirak etmiş, rayon zəhmətkeşlərinin fədakarlığını yüksək qiymətləndirmişdir.

Gənc ikən uzun illər çalışdığım Ağdam Rayon Komsomol Komitəsinin, “Lenin yolu” qəzeti redaksiyasının, Xalq Nəzarəti Komitəsinin, “Bilik” cəmiyyəti rayon şöbəsinin yerləşdiyi yaraşıqlı, görünüşü ilə seçilən ikimərtəbəli inzibati binanın yanında dayanıb erməni vəhşiliyinin izlərinə baxıram, elə bil yer-göy titrəyir, gözümün önündə qaranlıqdan başqa heç nə yoxdur. Bu qədər də qəddarlıq olarmı, buna nə ad verəsən? Dəhşət mənzərədir - hər şey dağıdılmış, yerlə-yeksan edilmişdir. Bax burada rayon gənclərinin toplantıları, onların həyata hazırlanması istiqamətində mühüm dövlət proqramları həyata keçirilirdi. Gənclik təravəti, tükənməz enerji ilə çalışan  ağdamlı gənclərin respublikada xüsusi çəkiyə malik olduğunu, Ağdamın mədəni-iqdisadi mərkəzə çevrildiyini xatırlayıram. Müqəddəs hesab etdiyim iş yerimin binasını ermənilər bünövrəsinədək söküb-dağıdıblar. Yüksək ideallar uğrunda kollektiv üzvləri ilə birlikdə yaşadığım illəri bir lent şəklində gözümün önündə canlandırıram. Hər gün dəhlizdə rastlaşdığım Bəbir Hüseynov, Şəmil Əkbərov, Elşən Əliyev, İlyas Allahverdiyev, Vaqif Məmmədov, Həsən Qəhrəmanov, Şamil Ağayev, Möhtərəm Rəcəbova, Nizam Mikayılov, Rəna Kərimova, Şəhla Tağıyeva, Raqub Məmmədov, İradə Fərhadova, Natiq Qasımov, Azər Bəhramov, Zabil Mehtiyev, Rövşən Binnətli, Mükafat, Həqiqət, Rahibə, Nəsibə, Maisə, Nizami, Arif və adlarını qeyd etmədiyim bir çoxlarını xatırlayaraq ağdamlı illərimizdə necə böyük dəyərlərə malik olduğumuzu, nələri itirdiyimizi də qeyd etməliyəm.

1990-93-cü illərdə əmək fəaliyyətimi davam etdirdiyim rayon partiya-icra hakimiyyətinin inzibati binasının tamamilə yox edildiyini gördüm. Milli arxitektura ilə tikilmiş, bir çox dövlət əhəmiyyətli qərarların yerinə yetirilməsində müstəsna rol oynamış qurumun binasına qarşı əsl vandallıq törədilmişdir. Bir sıra məsələlərə münasibət bildirərək rayona rəhbərlik etmiş bəzi səlahiyyət sahiblərinin vaxtında düzgün qərar verə bilmədiyinin də şahidi olmuşam. Dövlət qurumunda çalışdığım illərdə bir daha əmin oldum ki, idarəçilikdə kadr siyasətində yol verilmiş səhv təyinatlar sonradan böyük bəlalara yol açır, baş verən dünyəvi proseslərə baxışda siyasi korluq ağır nəticələr törədir. Elə bir insan yoxdur ki, arzusu olmasın, şəxsi həyatımıza işğal faktoru nə qədər ağır zərbələr vursa da, bu gün Ağdamın azadlığını hər şeydən uca və ən böyük arzumu həyata keçmiş hesab edirəm.

Hər tərəfi yaşıl çəmənliklərlə, gül-çiçəklə bəzənmiş doğma yurduma səfərimi başa vuraraq vaxtilə bizimlə birlikdə burada yaşamış insanların bir çoxunun əbədi olmayan dünyamızdan köç etdiyini hiss edirəm, kövrək hisslərdən rahat ayrıla bilmirəm. Bir vaxtlar Ağdamdan köçkün düşmüş əzizlərimiz dünyamızdan Ağdamsız köçdülər.

Ana torpağımız, vətənimizin müqəddəsliyini heç vaxt unutmayaraq, onu sevərək, yenidən qurub-yaratmaq həvəsiylə azad, firavan, doğma ocaqlarımıza qayıdacağımız gün isə çox uzaqda deyil. Onu bilirəm ki, vətən sevgisi paklıq, vətənpərvərlik isə uca mənəvi rütbədir.

Ağdamda görüşmək arzusuyla!