08.09.2024, 07:05
AZ EN
22.07.2024, 11:00

Zərdabi irsinə sədaqət

Sabit ƏZİMOV

  • 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi” qəzeti xalqımızın milli oyanışında yeni səhifə açdı. Azərbaycan milli mətbuatının zəngin inkişafı üçün XIX əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran bu qəzet sonrakı dövrlərdə də bir mayak oldu, milli mətbuatın təşəkkül tapmasında əvəzsiz rol oynadı.

O dövrdən günümüzə kimi milli mətbuatımız tənəzzül və intibah dövrünü keçsə də, cəmiyyətin ümumi problemlərə baxışını tam əks etdirdi. Tanınmış ədəbi simaların, mütəfəkkirlərin rolu da xüsusi qeyd edilməlidir.

Zamanın, mövcud olmuş quruluşun yaratdığı ziddiyyətlər, müxtəlif ictimai-siyasi proseslər, mətbuatın inkişafı ilə bağlı süni qadağalar da milli mətbuatın yolunu heç zaman dayandıra bilmədi.

Milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. O, xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra yeni bir dövr başladı, 1998-ci ildə mətbuat üzərindən senzura ləğv edilərək azad mətbuata meydan verildi, sərbəst, azad ictimai fikrin formalaşmasında sürətli dəyişikliklər baş verdi.

Respublikamızda yüzlərlə qəzet və jurnallar nəşr olunmağa başlandı, informasiya texnologiyalarının inkişafı ilə əlaqədar yeni yayım formaları nəticəsində Azərbaycan mətbuatının beynəlxalq səviyyədə təmsilçiliyinə, tanınmasına şərait yarandı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mətbuata daim diqqət göstərilməsi milli mətbuatın yeni, tarixi dövrə uyğun formalaşması üçün möhkəm baza yaratdı, KİV-in sosial müdafiəsinin gücləndirilməsi, Mətbuat Şurası, Media Agentliyinin yaradılması, bu sahədə çalışan işçilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması əyani şəkildə öz təsdiqini tapmışdır.

I və II Qarabağ müharibələri zamanı dünya ictimaiyyətinə Qarabağ haqqında əsl həqiqətlərin çatdırılmasında milli mətbuatımızın yekdil fikirdə olması, çətinliklərə baxmayaraq mübarizə yolunda yorulmaz, məqsədli fəaliyyəti nəticəsində xalqımıza qarşı yönəldilmiş informasiya blokadasınının aradan qaldırılmasında əzmkarlığı da öz müsbət nəticələrini vermişdir. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük müharibə dövründə 30-dan çox beynəlxalq media qurumlarının təmsilçilərinə müsahibə verməsi, informasiya cəbhəsində aparılan məqsədli fəaliyyət nəticəsində respublikanın bütün media qruplarının vahid cəbhədən mövqeyi tarixi Zəfərin qazanılmasında müstəsna əhəmiyyətə malik oldu.

Şuşa şəhərində 2-ci Qlobal Media Forumunda Prezident İlham Əliyev öz çıxışında bildirdi ki, dünyanın ən mötəbər qurumlarından, güc dövlətlərindən dəstək alaraq xalqımıza qarşı məqsədli şəkildə həyata keçirilən anti-Azərbaycan təbliğatına qarşı xalqımız, onun milli mətbuatı daimi mübarizə aparır və bu öz səmərəsini verir. Artıq sərhədlərimizdən çox uzaqlarda Azərbaycanın haqq mübarizəsindəki fəaliyyətini dəstəkləyənlərin coğrafiyası genişlənməkdədir.

Qarabağ müharibəsi dövründə qərəzsiz, dolğun və operativ yayım həyata keçirən mətbuat təmsilçilərimizin peşəkarlığı, vətənpərvərliyi örnək oldu, xalqın şərəfinin qorunmasında öz canlarını da qurban etdilər.

Xalqımız tarixin ən çətin sınaqlarından uğurla çıxaraq qürurlu bir dövrünü yaşayır. Azərbaycanımızın ərazi bütövlüyü təmin olunmuş, işğala məruz qalmış ərazilərimizdə bərpa-quruculuq işlərinin gedişi günbəgün artır, yaşayış massivləri, kommunikasiyaların yenidən qurulmasında dövlətimizin mövqeyi, xalqın yekdilliyi açıq müstəvidədir, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına ləyaqətli qayıdışının hər birimiz şahidiyik. Təbii ki, bütün nailiyyətlərin başında Ali Baş Komandan, onun Müzəffər Ordusu dayanır. İnformasiya cəbhəsində təbliğat, təşviqat və təşkilat olaraq ideoloji silah roluna malik milli mətbuatımız qələbələrə aparan yolda müstəsna rol oynayıb və uğurla davam etdirilir.

Qarabağımızın işğaldan azad olunması, onun dilbər guşəsi olan doğma Ağdamın da azadlığına qovuşmaşı xalqımızın qalibiyyət tarixidir, fəxrdir, bu torpağın yetirmələri bütün sahələrdə, o cümlədən torpağa bağlılığı ilə nümunəyə çevrilmişlər.

Həyatımın ən gözəl, qürurverici və məhsuldar dövrü bu torpaqla bağlı olmuş, əmək fəaliyyətimin həyata keçirilməsi zamanı rayonun mətbuat orqanları və bu sahədə çalışan əməkdaşları ilə sıx əlaqəm olmuşdur. Bu gün də Ağdam rayonunda mətbuat sahəsində çalışmış insanların hər biri göz önümdə canlanır.

Bəbir Hüseynov, Şəmil Əkbərov, Şamil Ağayev, Zərifə Ağayeva, İlyas Allahverdiyev, Həsən Qəhrəmanov, Elşən Əliyev, Vaqif Məmmədov, Rövşən Binnətli, Novruz Nurullayev, Möhtərəm Rəcəbova, Firuzə Rəsulova, Baxşeyiş Hətəmli, İsa Məmmədov, Ziyəddin Sultanov, Qanboy Əliyev, Şahnaz Rüstəmova, Amil Novruzov, Sərdar Mehdiyev, İsa Axundov, Əli Məmmədov, Şamil Namaz, Fəxrəddin Sofulu və başqaları rayonun qəzet, mətbəə və yerli radio əməkdaşları olaraq öz üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişlər. Təəssüf ki, bu gün torpaqlarımıza qayıdış ərəfəsində adlarını qeyd etdiyim insanların əksəriyyəti müvəqqəti dünyamızdan köç etmişlər.

Vətən torpağının azadlığı uğrunda şəhid olmuş, həsrətlə əbədi olmayan dünyamızdan köç etmiş insanlarımıza rəhmət diləyir, qazilərimizə, torpaqlarımıza qayıtmağa hazırlaşan insanlarımıza sağlamlıq arzulayıram.

Azərbaycan adlı müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin bizlərə miras olaraq əmanət etdiyi müstəqil Azərbaycanı qorumaq, onun inkişafına yeni impuls vermək, sədaqətlə xidmət etmək hər birimizin qarşısında böyük məsuliyyət qoyur. Bu istiqamətdə milli mətbuatımız, onun qurumlarında peşəkarlıqla çalışanlar Zərdabi irsinə sədaqətli olmalarını təsdiq etmişlər.

Əziz mətbuat işçiləri, bu cəbhədə birləşmiş insanlar, Sizi peşə bayramınız münasibətilə təbrik edirəm, inanıram ki, qələminiz ağlınıza arxalanaraq müstəqilliyini bərpa etmiş Azərbaycanımızın inkişafına yeni-yeni töhfələr verəcəkdir!

Bayramınız mübarək!