Şanlı Vətən Müharibəsi Azərbaycanın Böyük Zəfəri ilə başa çatdı. Torpaqlarımızı canımız, qanımız bahasına geri aldıq. Müzəffər Ali Baş Komandanımızın güclü iradəsi, dəmir yumruğu, yenilməz ordumuzla, Müqəddəs Şəhidlərimiz, qazilərimiz və veteranlarımızla yeni bir tarix yazdıq. Elə bir tarix ki, bütün dünyaya görk oldu. Bu gün də dünya həmin o işğaldan azad edilmiş və düşmənin viran qoyduğu yurd yerlərimizdə qurub-yaratdığımız gülüstana tamaşa etməkdədir. Dünya bir vaxt adı dilimizi, ürəyimizi yandıran, düşmənin cəhənnəmə çevirdiyi Xocalıda cəmi 8 ayın içində yaratdığımız cənnətdən danışır. Elə buna görə də, torpaqlarımızı qanları bahasına özümüzə qaytaran müqəddəs şəhidlərimizi, qazilərimizi, veteranlarımızı öyməyə haqqımız var. Şəhidlərimizin, qazilərimizin doğmaları, ata-anaları, ömür-gün yoldaşları və körpə balaları belə qəhrəmandırlar ki, hamımız bir yumruq kimi birləşib vətənləşə, bütövləşə bildik.
İstedadlı yazıçı, jurnalist Günel Natiqin bu günlərdə işıq üzü görən “Leyli-Məcnundan da böyük” adlı kitabında haqqında bəhs edilən 13 şəhiddən biri Kamran Fərəcov və həyat yoldaşı Nuranə xanımın həyat hekayətlərinə güzgü tutan “Ölümün də gözəlini seçdin” əsərində deyildiyi kimi:
“Sənə getmə demişdim, indi peşimanam. Şəhidlik gözəldi, mən bunu anlayıram, sən gözəl yaşadın, gözəl öldün... Vətən üçün - özün istədiyin kimi. Hər şeyin gözəlini seçərdin, ölümün də gözəlini seçdin”.
Vətən Müharibəsi zamanı yazıçı və şairlərimizin də qələmindən od püskürdü. Onlar əlinə qələmi alarkən özlərini əsgərimizlə bir yerdə, odun-alovun içində hiss edirdilər. Budur Zəfər bizim oldu və şükürlər olsun ki, silahlar susdu, amma qələm – süngümüz susmadı. O Böyük qayıdışı, Şəhidlərimizi, qazilərimizi, igid əsgərlərimizi yenə də tərənnüm elədi, tariximizə dəyərli əsərlər bəxş etdi və bu gün də etməkdədir. Doğrudur, indi şəhidlər haqqında zəif, güclü çox yazılır, kitablar çap edilir. Amma bunların arasında elə əsərlər var ki, dəyəri, mənəvi qiyməti ölçüyə gəlməzdir. Yazıçı Günel Natiqin “Leyli-Məcnundan da böyük” adlı əsəri də belədir. 13 şəhidin həyat hekayəti hər biri bir sevgi dastanıdır.
Hər şəhid və onun həyat yoldaşı haqqında danışarkən müəllif qəhrəmanlarının doğulduğu rayonu, şəhəri, kəndi elə təbii, elə təsirli dillə oxucuya tanıdır ki, dönə-dönə doğma Vətənin hər qarışına heyran olursan. Ümumiyyətlə, Günel Natiqin əsərlərinin dili sadə, aydındır, hadisələr yığcam, lakonik şəkldə təsvir edilir. Şəhid və onların xanımlarının sevgi hekayətlərini özündə əks etdirən bu hekayələr elə buna görə bu qədər oxunaqlı, təsirli və yadda qalandır. Müəllif hər hekayənin ən vacib hissəsi olan girişi uzun-uzadı təsvirlərlə deyil, oxucuya nə demək istədiyini bir neçə cümlə ilə elə ifadə edir ki, oxucu ilk andaca əsərin sehrinə dalır və onu nağıl kimi bir anda oxuyub bitirir. Bu hekayələrin dili nağıl dili kimi yüyrək, oxunaqlı və poetikdir. Poetik deyəndə, təkcə ona görə yox ki, əsərlərdə yeri gəldikcə gözəl şeir nümunələrinə, folklorumuza da rast gəlirik, xeyir. Əsərin özünün daxili bir şeiriyyəti var. Məsələn, “Sən ayağını itirmiş qazini sevə bilərsən?” adlı qazimiz Nurəddin Əzizli və həyat yoldaşı Nuranə xanıma həsr edilmiş yazı belə başlayır:
-Sevgidə ilahi bir güc var və o bütün yaraları sağaldar...
-Mənim yaramı da?
-Bütün yaraları.
-Düzünü de, sən ayağı olmayan bir gənci sevə bilərdin?
- Mən iki ayağı, iki əli, iki gözü olmayan adamı da sevə bilərdim. O adamın ki, əli, ayağı, gözü yoxdur, amma dünya boyda ürəyi var...”
Və yaxud şəhid Tariyel Salmanov və həyat yoldaşı Ayna xanıma həsr edilmiş yazının girişindən nümunəyə baxaq:
“O mənim qəhrəmanım idi, inanın səmimiyyətimə, mən onu anamdan- atamdan, hətta övladımdan da çox sevirdim, çox sevirdim...”
Günel xanımın şəhidlərimizin sevgisini dastana çevirən bu kitabını həyəcansız oxumaq mümkün deyil. Hər yazının ardından insan qürur hissiylə yanaşı həm də kövrəlir, düşünür-daşınır və göz yaşlarıyla “Vətən sağ olsun!”, deyir...
Sonda müəllifin Şəhid Tərlan Amanəliyev və həyat yoldaşı Ülviyyə xanıma həsr etdiyi “Bizim sevgimiz ölümün də öhdəsindən gələr” adlı hekayədən bir parçaya diqqət edək:
-Ülviyyə, mənə söz ver ki, nə olursa-olsun ağlamayacaqsan. Sənin göz yaşlarına mənim tabım yoxdur. Əgər ağlasan, bu yolun həqiqətini dərk edə bilməzsən. Unutma, bizim sevgimiz hər şeyin öhdəsindən gələr, hətta ölümün də...
-Sənə verdiyim sözə əməl edəcəm, nə olursa-olsun, ayaqda duracam, güclü olacam. Həm bizim məhəbbətimiz hər şeyə, hətta ölümə də qalib gələr...”