26.12.2024, 20:38
AZ EN
16.05.2024, 10:43

Şuşaya köç gəlir

Şərif AĞAYAR

Şuşaya köç başladı. Yeni mənzillərin açarları Şuşa sakinlərinə təqdim olundu.

Taleyimizdə belə bir xəbər oxumaq da varmış.

“Şuşa şəhərinə yeni köçürülən ailələrə mənzillərin açarları təqdim edilib.

“Report” xəbər verir ki, təqdimat mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi iştirak edib.

Köçürülən ailələr Şuşada yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Qeyd edək ki, bu mərhələdə Şuşaya 38 ailə – 136 nəfər köçürülüb. Bugünkü köç də nəzərə alınmaqla Şuşa şəhərində cəmi 58 ailənin (224 nəfər) məskunlaşması təmin edilib”.

Tanrının bu gününə şükür!

Şuşaya köçürülən sakinlər arasında qələm dostumuz Kərim Kərimli də var. 

Kərim Kərimli şəxsən mənim üçün Şuşanın simvollarından biridir. O bu otuz ildə nəinki Şuşanı unutmadı, nəinki Şuşanın həsrəti ilə yaşadı, həm də Şuşan öz içində, yazılarında, çıxışlarında yaşatdı... Şuşanı yaşadı...  

Şuşadakı şəklində üzü elə gülür, deyirsən, cənnətdə abi-kövsərin suyundan yenicə içib, ölümsüzlük və əbədi xoşbəxtlik qazanıb. Əminəm, Makedoniyalı İsgəndər dünyanın yarısını tutanda bu qədər sevinməyib. Belə sevinci yalnız yeddi illik (bizimki çox uzun çəkdi!) həsrətə dözməyib ağlamaqdan gözləri tutulan Yaqub öz Yusifinə qovuşanda yaşaya bilər. Çöhrəsində güllər açılıb. Şuşa üçün sevinmək haqqı olan minlərlə, milyonlarla insanın da əvəzinə sevinir. 

Milli Qəhrəman Ramiz Qənbərovun adı yazılmış lövhənin qarşısında da üzü gülür. Haqqı da var. Ramiz və Ramiz kimi yüzlərlə igid Azərbaycan oğlu məhz bu gün üçün canını qurban eləmişdi. Bəli, otuz il əvvəl bu gün üçün... Tarixdə belə hadisələr olur... Gələcək üçün özünü fəda edirsən... Elə böyüklük, dahilik, qəhrəmanlıq da budur.

Bu gün üçün yaşamağa və ya ölməyə nə var?    

Kərim Kərimli gülür, mən isə xəyalların quş qanadında otuz il əvvələ, Ramiz Qəmbərovun şəhadətinin ildönümünə uçuram. Onda Şuşa ilə birlikdə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialı da qaçqın düşmüşdü. Mən də həmin il Azərbaycanda ilk dəfə tətbiq edilən test üsulu ilə Şuşa filialına qəbul olunmuşdum. Təbii, Laçın da işğal olunmuş, sakinləri dərbədər düşmüşdü. Şuşasız Laçın salamat qalardımı? Kürək-kürəyə verib dayanmış iki doğma qardaşın biri vuruldusa, o biri yaşaya bilərdimi? Arası bir həftə çəkdi. Yasları bir-birinə qarışdı.     

Nəsrəddin Tusi adına ADPU-nun Şuşa filialı Qarabağın balaca bir modeli idi. Onun varlığı ilə təskinlik tapırdıq. Müəllimlərin, tələbələrin hamısı Şuşadan gəlmişdi. Biz Şuşasız qəbul olunan ilk tələbələr idik. Özümüzü bir az da günahkar kimi hiss edirdik. Biz ali məktəbə yox Şuşanın dözülməz nisgilinə qəbul olunmuşduq. Amma inamımızı itirmirdik.   

Tələbələr çox aktiv idi. Şuşanın da, Ramiz Qəmbərovun da anım günlərini keçirirdilər. Şəxsən bizim qrup institutun foyesində şəhid tələbələrin fotolarından ibarət xüsusi bir guşə də yaratmışdı. Bəli, Şuşa filialının tələbələrindən də döyüşlərdə şəhid olanlar vardı...  

Günlərin birində Ramiz Qəmbərova aid şeir müsabiqəsi keçirildi. Heç vaxt görmədiyim, yalnız haqqında əfsanəyə bənzər əhvalatlar eşitdiyim qəhrəman haqqında mən də şeir yazmışdım. Yazdıqlarım qalib olmuş, Ağcabədi rayonunun rəsmi orqanı “Aran” qəzetində çap olunmuşdu. Bu mənim ilk mətbu şeirlərindən idi. Ardınca qəzetin baş redaktoru Fazil Sarvan başqa şeirlərimi də istədi. Apardım. Oxuyub bəyəndi və bir silsilə çap elədi. Bu, 17 yaşlı bir tələbə üçün dünya boyda sevinc idi. Yalan olmasın, Kərim Kərimli Şuşa sevinci qədər...

Bütün tədbirlərdə universitetin şuşalı fotoqrafı Yusifin bapbalaca bir oğlu, başında milli papaq, əl-qolunu ölçə-ölçə Şuşa haqqında şeir oxuyurdu:

 

Salam Şuşam, mənim şəhdim, şəkərim,

Salam Şuşam, mənim şəhid şəhərim...

 

Məşhur türk şair Orxan Vəli deyir, kimimiz nitq söylədik bu vətən üçün, kimimiz öldük... Sözündən belə çıxır ki, sözdə vətəni sevmək olmaz. Əlbəttə, vətən üçün ölmək – onun varlığına verilən ən böyük şəhadətdir. Lakin sözdə də vətəni sevmək mümkündür. Sözdə Tanrını da sevmək mümkündür. Bəs dualar nədir?

Sözdə vətəni sevmək vətənin varlığına sözlə şəhadət gətirməkdir. İki müəllifdən misal gətirin, deyim, hansı vətəni həqiqi sevir, hansı söz xatirinə söz deyir. 

Kərim Kərimlinin şeirində – o ikicə misrada Şuşa sevgisi günəş kimi işıq saçırdı. Bəlkə, buna görə adama ağırlıq gətirmirdi. Karnavallarda da, şeir gecələrində də, tələbə məclislərində də hamı Yusifdən xahiş edirdi ki, oğluna o şeiri oxutsun. Yusif fərəhlə gülürdü. Oğlu isə bəzən özünü naza çəkir, kapriz göstərirdi. Sanardın Qədir Rüstəmovdan oxumaq xahişi eləmisən. Bəzənsə ürəkdən çıxış edir, həmişəki kimi əl-qolunu ölçə-ölçə sözləri sinəsindən ah kimi uçururdu:

 

Topa-topa daşlara, lopa-lopa qar yağa,

Xizəkli uşaqların şütüyələr sol-sağa...

 

İlahi, nə idi bu həsrət? Necə sadə bir arzu bizdən nə qədər uzaq idi... Dərdimizin miqyasını, bəlkə miqyassızlığını ölçən də bu idi. Sadə bir gerçəyə belə illərlə həsrət qalmağımız...

Şuşanın – o nazəndə sevgilinin həsrətinə yalnız bu cür misralarla dözmək mümkün idi. 

Saçları qar kimi ağarsa da dözdü Kərim Kərimli. Topa-topa daşlara lopa-lopa qarın yağacağına, xizəkli uşaqların sağa-sola şütüyəcəyinə inandığı üçün dözdü.

Ümid kopəyoğlu şeydir, üzülsə dözməzsən. 

Haqlı imiş inanmaqda...

Haqlı imiş dözməkdə...

Baxın, indi gün o gündür!

Kərim Kərimli Şuşaya köçüb artıq və bununla bağlı elə şeirə bənzər qısa bir status da yazıb:

 

“12 may 2024-cü il

Saat 12.12.

Şuşa şəhəri

Əziz dostlar!

Əziz həmkarlar!

Əziz oxucular!

Bu gündən və bu andan Azərbaycan Respublikasının Azad Şuşa şəhərində yeni həyata və yeni fəaliyyətə başlayıram!

Öz şəhərimdə, öz evimdəyəm və çox xoşbəxtəm!”

 

Vəssalam! Artıq sözə nə hacət? Nə lazımdı deyib. Hər şey – mənim yazdığım bu yazı, hətta özünün yazdığı o şeir bu balaca paylaşımın içindədir. 

Hamı təbrik edir Kərim Kərimlini.

Heç bəlkə qalib general Hikmət Mirzəyevi bu qədər təbrik eləməyiblər...

Şuşaya qayıdış şeiri isə kəlbəcərli şair dostumuz Elşən Əzimdən gəlir. Həzin, mənalı, sevinci, kədəri, intizarı yerində, hamımızın ürəyindən xəbər verən bur şeir. Dərd qədrini dərdli bilər. Kəlbəcərə köç arzusu ilə salamat qalın.

 

Bulud ətir səpir öz yağışıyla,

Şuşaya köç gəlir yaz yağışıyla.

Qaya əllərini gözünün üstə -

Qaldırıb köçünü gözləyir Şuşa.

İçindən qopmuşdu ruhu otuz il

Ruhunu, İçini gözləyir Şuşa.

 

Oğul qarşılayan ana misalı

Bayram libasını geyinir Şuşa.

Gedəndə ardınca su atmamışdı -

Gələn qədəmlərə su səpir indi

Öyünür Şuşa.

Yuxudan ayılır bir qərinəlik

İnfarktdan sağalmış bir ürək kimi

Yenidən, yenidən döyünür Şuşa. 

 

Açılır Şuşanın yolları, tanrım

Açılır qoynunda qalan qolları.

Sərir qollarını, qanadlarını

Gələn balasının qədəmlərinə.

Bu şəhər üz tutur sabahlarına

Bu köç salam verir qədimlərinə.

 

Şuşaya köç gəlir bu bahar çağı

Gəlir qələbənin nübarı kimi,

Düzülür bir durna qatarı kimi.

Bir zaman üzünü göylərə tutub

Durna qatarına söz deyən Vaqif

İndi göy üzündən yerlərə baxır

Bu köçü, növrağı gözləyən Vaqif

Deyir:

"Fərağınızdayam xeyli zamandır

Sözüm vardır mənim sizə, durnalar."

 

Dağlar da düzülür yol qırağına,

Düzülür ağacın, daşın karvanı.

Şuşaya köç gəlir, durna qatarı...

Şuşaya köç gəlir, maşın karvanı...