Qüdrətli şəxsiyyət fenomeni, idarəçilik təcrübəsi, müdrikliyi, qətiyyəti çatmayan rəhbər işçi heç vaxt ona tapşırılmış vəzifəni layiqincə idarə edə bilməz. Fəaliyyətimin bir çox dövründə gözümün önündə olan rəhbərlərin bəziləri zənginlik yaratdıqları kimi, bəzilərinin də cılız insan kimi yaddaşımda qalması reallıqdır.
Qarabağımızın Azərbaycandan qoparılması istiqamətində 1988-ci ildən etibarən xalqımıza qarşı ərazi iddiası ilə çıxış edən ermənilər həmişə Ağdam rayonu ilə münasibətlərin pozulmasından ehtiyat edirdilər, hətta göstərilən tarixin fevral ayının sonlarında ağdamlıların keçmiş vilayət ərazisində olan ekstremist qüvvələrə qarşı etiraz yürüşü də yadımızdadır. Rayon komsomol komitəsinin 1988-ci il aprel ayında plenumunda qarşıdurmaya son qoyulması, gənclərin ekstremizmin qurbanına çevrilməməsi üçün müraciət qəbul edildiyi məlumdur, bu müraciət vilayət gənclərini özündə birləşdirən təşkilata da göndərildi. Mərkəzi hakimiyyət orqanları tərəfindən isə adekvat reaksiya nəinki layiqincə verilmirdi, hətta yaranmış situasiya qiymətləndirilmirdi.
1991-ci ilin sonunda Xocalının müdafiəsini gücləndirmək məqsədilə tədbirlər həyata keçirmək əvəzinə milyonlarla vəsaiti ətrafda yeni inşa edilən toxuculuq fabrikinə yönəltmək, Xocavənd rayonunun Qaradağlı kəndinin üç tərəfdən erməni kəndləri ilə mühasirə şəraitində olduğunu bilərək müdafiəni təşkil etmək əvəzinə kənddə Tut bağı adlanan ərazidə qadınların iş yeri ilə təmin olunması üçün tikiş sexinin yaradılması nə dərəcədə dövrün reallıqlarına cavab verirdi?
Ağdam rayonu üzrə Prezidentin səlahiyyətli nümayəndəsinin 1992-ci ilin aprelində rayon icra hakimiyyətinin iclas zalında yerli idarəetmə strukturlarının, ictimai fəalların iştirakı ilə keçirilən yığıncaqda əsas fikrimizi yönəldəcəyimiz məsələni bir kənara qoyaraq kənd təsərrüfatı ilə bağlı müzakirə aparması və bunun müşavirə iştirakçılarının haqlı etirazı ilə qarşılanması da acı bir tarixə çevrilmişdir.
1990-cı ilin yanvar ayında Azərbaycan KP MK-nın ikinci katibi Viktor Polyoniçkonun bilavasitə iştirakı və razılığı əsasında rayon rəhbərliyinin əvəzedilməsində məkrli oyunu, rayonda boşluğun yaradılması da yaddaşlardan unudulmur və nəyə xidmət etdiyini sonrakı illərdə hiss etdik. 1988-93 illlərdə rayon rəhbərliyinin beş dəfə dəyişdirilməsinin də ürəkaçan olmadığını yaxşı bilirik. Rəhbər işçini səciyyələndirən əsas xüsusiyyəti bilməyən şəxslərin rayon birincisi olması nə deməkdir, bu ötən dövrün xatırlamaq istəmədiyim reallıqlarıdır. Qarabağ ərazisində erməni terror birləşmələrinin törətdikləri vəhşiliklər, ermənilərin bu ərazilərə köçürülməsi, keçmiş muxtar vilayətdə məqsədli olaraq xüsusi idarəetmənin tətbiqinin əsassızlığı ilə bağlı qonşu dövlətlərin özəl TV kanalına Şahbulaq qalasından hazırladığımız müsahibəyə görə iş yoldaşlarımla bərabər hansı təzyiq və ittihamlara məruz qaldığımızı yaxşı xatırlayıram. 1990-cı ildə Bakı şəhərində Şəhriyar adına mədəniyyət sarayında Azərbaycan Gənclər İttifaqının qurultayında tribunaya çıxaraq vətənimizə qarşı təcavüz siyasətini həyata keçirənləri qətiyyətlə pisləyərək xüsusi qətnamənin qəbul edilməsinə nail olduq. Çox təəsüf ki, sonrakı dövrlərdə hakimiyyəti qanunsuzluqla zəbt edənlər idarəetmədə rüsvayçılıq, anarxiya yaratdılar...
Uzaq olmayan yaşadığımız dövrdə Azərbaycanın suveren ərazisinin iyirmi faizə qədərini zəbt edən Ermənistan silahlı qüvvələri, onların Qarabağımızda işğalçılıq siyasətini nəzərdən keçirdikdə bir daha əmin oluruq ki, uzaqgörən siyasəti həyata keçirə bilməklə böyük uğurlara imza atmaq mümkündür, bunun üçün ayıq-sayıq olmağı, müdrik siyasi lider olaraq dünyanın hər yerindən xəbər tutmağı bacarmaq lazımdır. Birmənalı olaraq azadlığına qovuşmuş torpaqlarımızın işğaldan azad edilməsi haqqında fikir bildirərkən Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında rəşadətli Ordumuzun qazandığı möhtəşəm qələbə tariximizin şanlı səhifəsinə qızıl hərflərlə yazılmışdır !
Qarabağımızın hər bir yerində Azərbaycan bayrağı dalğalanır, azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri sürətlə davam etdirilir, ləyaqətli qayıdış proqramına uyğun olaraq azadlığına qovuşmuş yurd yerlərimizdə məskunlaşma məsələləri uğurla həyata keçirilir, həsrətli illərimizə son qoyulmaqdadır.
Məlum həqiqətdir ki, 30 ildən sonra erməni separatizminə son qoyulsa da, işğala məruz qalan rayonlarımızda bütün strukturlar, maddi və mədəniyyət obyektləri tamamilə məhv edilib, tarixi mədəniyyət abidələrinə qarşı vandalizm törədilib. İqtisadiyyatın bütün sahələrində inkişaf dövrünün artımını, indeksləşməsini nəzərə alaraq belə bir qənaətə gəlmişəm ki, Ermənistan silahlı qüvvələrinin işğalı zamanı Qarabağ bölgəsində mövcud olmuş aqrar-sənaye, tikinti-nəqliyyat və digər istiqamətlərdə olan istehsal sahələrinə vurulmuş ziyanın məbləği 100 milyardlarla ABŞ dolları dəyərində qiymətləndirilir. Əlavə olaraq təhsil, səhiyyə, daşınmaz əmlakın da dəyəri qeyd etdiyim məbləğdən az deyildir. Dəymiş ziyanın ödənilməsi məsələsinə də ardıcıllıqla diqqətimizi artırmalıyıq. Beynəlxalq qurumlarda dövlətimizi günahlandırmağa çalışan düşmənlərlə birgə səy göstərən, özlərini demokratiya və insan hüquqları sahəsində müdafiəçi kimi təqdim edənlər nə üçün işğaldan əziyyət çəkən dövlətimizə, insanlarımıza qarşı ədalətsizlik nümayiş etdirirlər? Bunun bircə adı var, o da Azərbaycanın qazandığı şanlı qələbə ilə bağlıdır. Prezident İlham Əliyevin qlobal dünyada baş verən hadisələri qabaqlayan və ardıcıl siyasəti nəticəsində Qarabağımızın azadlığına qovuşması bir sıra dövlətlərin məkrli planları üçün istifadə etməsinə con qoymuşdur. BMT qətnamələrinin kağız üzərində qalması, süni olaraq işğalın uzadılması, icra edilməsi üçün xalq-ordu birliyinin Dəmir yumruq ətrafında birləşməsi elə bir reallıq yaratmışdır ki, bu gün Azərbaycan dünyada qlobal güclərin hesablaşmalı olduğu güc mərkəzinə çevrilmişdir.
Dünyanın müxtəlif ölkələrində yaşanan qarşıdurmalar, müharibə ocaqlarının yaradılması onu təsdiq edir ki, dünyada təhlükəli yeni bir düzən xəritəsi, yeni bir ideologiya cızılmaqdadır. Prezident İlham Əliyevin bu günlərdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü zamanı xüsusi vurğulandı ki, yaxın qonşuluq və strateji maraqların qorunması baxımından iki dövlət arasında əlaqələri daha da gücləndirməliyik.
Prezident İlham Əliyevin ADA universitetində COP 29-la bağlı görüş zamanı qeyd etdiyi bir məsələni unutmamalıyıq ki, Rusiyanın yaxın ətrafı onun hüdudlarını müəyyən edir. Bu baxımdan Zəngəzur dəhlizi məsələsində də bizimlə birlikdə olan dövlətlərin siyasi-iqtisadi, hərbi strukturları ilə əməkdaşlığın yeni bir mərhələyə qədəm qoyduğunu unutmamalıyıq. Qarabağ ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının öz missiyasını başa çatdırması ilə bağlı iki ölkənin ali dövlət rəhbərləri səviyyəsində qəbul edilən razılaşma da ikitərəfli strateji maraqlar baxımından kənar qüvvələrin müdaxiləsinə ehtiyac qalmadığını bütün dünyaya nümayiş etdirir. Ötən əsrin sonlarında Azərbaycanın Qazax rayonunun işğal edilmiş 4 kəndinin Ermənistanın işğalından ikitərəfli danışıqlar nəticəsində azad edilməsi onu təsdiq edir ki, qüdrətli Azərbaycan dövlətinin qonşu dövlətlə sülh müqaviləsinin imzalanması istiqamətində açıq siyasəti səmərə verəcəkdir.
Bu günlərdə doğulduğum, bütün gənclik dövrümü idarəetmə strukturlarında çalışdığım, hələ də tükənməz enerjimi quruculuq və iqtisadi inkişafa sərf etmək arzusunda olduğum Ağdam rayonunda olarkən bir daha əmin oldum ki, işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Ağdam şəhərində, Kəngərli, Xıdırlı, Sarcalı kəndlərində yeni üslubda tikilən yaşayış evləri, bu aspektdə infrastrukturun bərpası, yaradılması xəyalımda olan Ağdamın öz tarixini qoruyaraq daha gözəl bir yaşayış ünvanına çevriləcəyi günü yaxınlaşdırır. Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti Sadır Japarovla birlikdə Xıdırlı kəndində orta məktəbin təməlinin qoyulmasında iştirakı yeni bir tarixi imkanların yarandığını təsdiq edir. Şəhərin mərkəzində Ağdam Cümə məscidi tam bərpa edilib, ətrafındakı abadlığı görəndə sankı mövcud olmuş Ağdamı görürük, 1 nömrəli məktəbin əzəmətli binası, şəhəri müxtəlif istiqamətlərlə bağlayan abad yollar göz oxşayır. Müxtəlif təyinatlı istehsal komplekslərinin, müəssisələrin yaradılması, inşaat-tikinti işlərinin gedişi ilə tanışlıq zamanı əmin oldum ki, Qarabağımıza - doğma Ağdama həyat gəlmişdir.
Paylaşımın əvvəlində olan fikrimi açıqlayaraq bildirmək istəyirəm ki, vaxtilə Ağdam rayonu bütün istiqamətlərdə inkişaf göstəricilərinə görə ən yüksək zirvələrdə idi, işğalın vurduğu ziyanın nəticələrini görərək isə hədsiz kədərlənirəm, lakin "hər şeyi itirəndə ümidimizi itirməyək" fəlsəfəsini unutmamalıyıq.
Ağdam torpağında olmaqdan qürur duydum, bu torpağın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhuna dualar etdim, qazilərimizə sağlamlıq arzulayıraq vaxtilə Ağdam rayonunun inkişafına böyük töhfələr vermiş insanlarımızı xatırladım. Kədər və sevincin tariximizin bir parçası olduğunu, zəhmətkeş, vətənpərvər ağdamlıların yeni üslubda qurulan rayonumuzda xoş-firavan həyat yaşayacaqları günlər göz önümdə canlandı, çöhrələrində xoş təbəssümlü insanlarımızın Ağdama qayıdışının şahidi, iştirakçısı olmağı hər birinizə arzulayaraq müvəqqəti məskunlaşdığım ünvana döndüm.
İlahi bir qüvvənin qüvvət verdiyi bir səs bizi çağırır-keçmişi və bu günü qürurlu, əzəmətli, gözəl Qarabağımızın dilbər guşəsi olan doğma Ağdama!