08.09.2024, 07:54
AZ EN
17.04.2024, 15:20

Nəsibə xanımın Qarabağ arzusu

Şərif AĞAYAR

20 aprel böyük aktrisanın doğum günüdür

  • Azərbaycanda teatrın yaşı o qədər də qədim deyil. Eyni zamanda, peşəkar aktyorluğun formalaşması uzun zamanlara dayanmır. Lakin az zaman ərzində sənətin bu sahəsində kifayət qədər böyük sənətkarlar yetişə bildi. Bunlardan biri də Azərbaycanda kino və teatrın sənətinin formalaşmasında əvəzsiz rol oynayan, böyük aktrisa, Xalq artisti Nəsibə Zeynalovadır. 

Bildiyiniz kimi, Nəsibə xanımın atası Cahangir Zeynalov da teatr adamı idi. O, ölkəmizdə milli realist aktyorluğun banisidir. Cahangir müəllim həm aktyor kimi oynayır, həm də rejissor kimi əsərlərə quruluş verirdi.

O, mədəniyyət tarixində səhnə fəaliyyəti təntənəli şəkildə qeyd olunan ilk sənətkarlardandır. Həmin tədbirin rəsmi hissəsi keçirilən vaxt aradakı fasilələrdə muğam ifaçıların çıxışı nümayiş olunurdu. Bu, Azərbaycanda bir ilk idi və sonralar ənənə halını aldı.

Yəqin çoxu bilmir ki, erməni faşistləri Nəsibə xanımın da ailəsinə sarsılmaz zərbə vurmuş, onun atasının dünyadan vaxtsız köçməsinə səbəb olmuşdur.

Söhbət çox da uzaq tarixdən deyil, 1918-ci ilin 17 martından gedir. Erməni daşnakları Bakıda vəhşiliklər törədəndə təkcə dinc sakinləri deyil, tanınmış şəxsiyyətləri də hədəfə alımışdılar. Məsələn, qarışıqlığa salıb dahi Üzeyir bəy Hacıbəylinin evini gülləboran etmiş, hətta bu böyük şəxsiyyəti qətlə yetirməyə çalışmışdılar. Bu təhdid altına düşənlərdən biri də dövrünün nüfuzlu şəxsi Cahangir Zeynalov idi. O həm özünün, həm həyat yoldaşı Hüsniyyə xanımın, həm də körpə qızı Nəsibənin həyatı üçün təhlükə hiss edərək, onları da götürüb İranda yaşayan qayınatasının yanına gedir. Bir neçə ay sonra ara sakitləşəndə gəmi ilə Bakıya qayıdır. Sən demə, səkkiz gün dənizdə qalan gəmidə natəmizlikdən yatalaq xəstəliyi yayılıbmış. Cahangir müəllim bu xəstəliyə tutulur və Bakıya çatandan sonra yaxın dostlarından, qohumlarından xəbərsiz dünyasını dəyişir.

Cahangir müəllim qızını öz sənətinin davamçısı kimi görmək istəyirdi.

Lakin o, qəfil və amansız xəstəlikdən dünyasını dəyişəndə qızının cəmi iki yaşı vardı.

Nəsibə xanım atasının arzularını reallaşdırır. Lap gənclik yaşlarından Rza Təhmasibin dram dərnəyinə yazılır. Bir müddət sonra isə səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa kimi fəaliyyətə başlayır. Teatr kənd təsərrüfatı işlərinin qızğın vaxtı rayonlara səfər edərək tamaşalar göstərirdi. Nəsibə xanımın hələ gənc ikən tanınıb-sevilməsində bu teatrın əhəmiyyətli rolu vardır.

1938-ci ildə isə 30 yaşlı Nəsibə xanım ad günü (20 aprel) ərəfəsində yenicə yaranmış Musiqili Komediya Teatrının heyətinə əsas aktrisa kimi qəbul olunur və bununla da onun yaradıcılığında yeni və əsaslı dövr başlayır.

Nəsibə xanım həm orta məktəb illərində rəqslə məşğul olmuşdu, həm onun səsi vardı, həm də aktrisa kimi dərin plastika və obraza girmə xüsusiyyətləri ilə seçilirdi. Bütün bunlar sayəsində milli, xəlqi xarakterləri inanılmaz istedadla yaradır, tamaşaçıya sevdirirdi. 

Buna görə həyatını musiqili komediyaya bağlayan aktrisa elə bu istiqamət üzrə də inkişaf edərək mədəniyyət tariximizin ən nəhəng qadın ifaçılarından birinə çevrildi. Dövlət tərəfindən hər cür ad və mükafatlar aldı: əməkdar artist, xalq artisti, dövlət mükafatı, “Şərəf” və “Şöhrət” ordenləri və s. 

Haqqında çoxlu filmlər çəkildi, kitablar yazıldı. 

Onun Azərbaycan kinosunda da əvəzsiz xidmətləri vardı. Xüsusən, “Qaynana” filmindəki Cənnət xala obrazı Nəsibə xanımı bütün Azərbaycan xalqına sevdirdi. Əslində, köhnəfikirli, batil inanclı, yaşlı qadın olaraq mənfi obraz kimi nəzərdə tutulan qayınana Nəsibə xanımın yüksək istedad və milli koloriti ilə elə təqdim olunur ki, müsbət qəhrəmanlardan daha çox sevgi qazanır. Qayınana tipajı filmdəki geyimi və qrimi ilə bu gün təkcə kinomuzun deyil, ümumilikdə mədəniyyətimizin simvoluna çevrilib. Azərbaycan kinosunu əks etdirən istənilən videoçarxda və ya kollajda Cənnət xalasın keçinmək mümkün deyil. Onun məşhurluğu və milli trendə çevrilmə xüsusiyyətlərini yalnız Məşədi İbad obrazı ilə müqayisə etmək olar.

Nəsibə xanımın yaradıcılığında və həyatında Qarabağın və bu əsrarəngiz coğrafiya ilə bağlı baş verənlərin xüsusi rolu vardır. Xatirimdədir, 2000-ci illərin əvvəllərində “Yeni Azərbaycan” qəzetinin əməkdaşları olaraq aktrisanın Neftçilər prospektində yerləşən evinə reportaj hazırlamağa getmişdik. Onda artıq xeyli yaşlanmışdı və səhnədən, demək olar ki, ayrılmışdı. Demək olar ki, niyə deyirəm, əslində, Nəsibə xanımın son çəkildiyi rejissor Fikrət Əliyevin “Yuxu” filmidir (2001). Lakin bundan il yarım sonra “KVN” Parni iz Baku Teatrının yaradıcı heyəti onu “Məhəllə” filmində bir neçə dəqiqəlik çəkdilər. Aktrisa burada ciddi bir oyun nümayiş etdirmir, sadəcə bir neçə kəlmə söz deyir.

Səhhətindəki problemlərə görə o, “Yuxu” filminin səsləndirməsində iştirak edə bilmədi. Nəsibə xanımın səsini isə dəyişmək olmazdı – tamaşaçı bu obrazı heç cür qəbul etməzdi. Ona görə filmin rejissoru unikal bir yol tapdı: “Yuxu”da epizodik rola çəkilən Qorxmaz Əlili Nəsibə xanımı parodiya edərək filmi səsləndirdi. Parodiya o qədər inandırıcı alınıb ki, onu Nəsibə xanımın danışığından ayırmaq olmur.

Bizim reportaj vaxtı Nəsibə xanım əvvəlki kimi danışa bilmirdi, onun nitqində lənglik yaranmışdı. Bununla belə şuxluğundan qalmır, arada həm nəvəsi balaca Nəsibə ilə, həm də bizimlə zarafatlaşırdı. Lakin aktrisanın ən böyük arzusundan söz düşəndə kövrəldi. Qarabağdan danışdı. Bu gözəl torpaqların tezliklə düşmən əsarətindən azad olunmasını arzuladı. O, səyyar teatrda işlədiyi vaxtlardan Azərbaycanın bütün bölgələrini gəzmiş, tamaşalar göstərmiş, bu bölgələrin həm torpağını, həm insanlarını sevmişdi. Yəni Azərbaycanın Nəsibə xanım sevgisi qarşılıqsız deyildi – Nəsibə xanım da Azərbaycanı sevirdi. 

“Yuxu” filmində də Qarabağla bağlı maraqlı bir nüans var. Bakı kəndlərindən birində yaşayan Əlabbas polis rəisinin oğlu ilə məlum qarşıdurmadan sonra könüllü Qarabağa müharibəyə yollanır. Çoxdankı arzusu imiş. İndi fürsət tapır. Nənəsinin yanına hərbi formada, əsgər marşının sədaları ilə qayıdır. Onun bu addımı Məsmə nənəsini (Nəsibə Zeynalova) kövrəldir. Amma həm də qadın nəvəsi ilə qürur duyur. Onun cəbhədən yazdığı ümid dolu məktublar təkcə nənəsinə və sevdiyi qıza deyil, bütün kəndə, eyni zamanda tamaşaçıya ümid verir. 

Bu gün Əlabbasın cəbhədən yazdığı qələbə inamlı məktublar reallaşıb.

Nəsibə xanım bu qələbəni görməsə də, ruhu, yəqin ki, hər şeydən agahdır. 

Nəsibə Zeynalovanın Göygöldə hərbçilərlə bir fotosu da var. Murovda xidmət edən hərbçilər Nəsibə xanımı orada görəndə, onunla şəkil çəkdiriblər. Fotoda “Murov qartalı” ləqəbli şəhid polkovnik Raquf Orucov da var. Bu şəkil çəkiləndə Raquf Orucov anasını yenicə itirmişdi. Kəndləri alınanda ermənilər vurmuşdular onu. Məzarı da işğal altında qalmışdı. Buna görə Raqufun üzündə qəribə bir hüzn var. Nəsibə xanım böyük ehtimalla doğma kəndlərini, orada keçirdiyi qayğısız uşaqlığını və anasını yadına salmışdı. Raquf şəkil çəkdirməyi sevməzdi, amma Nəsibə xanımla çəkdirib. Şəklin qəribə aurası var. Sanki iyirmi-otuz il sonranın qələbəsi hiss olunur. Həm də Nəsibə xanıma nəhayətsiz sevgi hiss olunur. O isə bu cəngavər hərbçilərin arasında öz ailə üzvləri kimi rahatlıqla və əminliklə oturub.

Artıq indi Nəsibə Zeynalova da bir vətəndir.

Vətən həm də bu cür böyük övladları ilə öz böyüklüyünə qovuşur.