27.07.2024, 14:04
AZ EN
19.03.2024, 12:00

Azad torpaqlarda Novruz tonqalı

Şərif AĞAYAR

  • Həyət evindən hündür mərtəbəli yeni binalara köçən bir tanışımla söhbət zamanı məni xeyli təəccübləndirən bir söz söyləmişdi. Demişdi, yağışın səsindən ötrü darıxmışıq. Hündür mərtəbələrdə yaşamayanlar bu real, real olduğu qədər də poetik duyğunu lazımı qədər bölüşə bilməzlər. Lakin ümumi mənzərəni təsəvvür etmək çətin deyil. Hətta bundan təsirlənmək də mümkündür.

Şəhər bizi təbiətdən ayrı salır. İnkişaf etmiş ölkələrdə göydələnlər var ki, sakinləri aylarla, bəzən illərlə aşağı düşmədən yaşaya bilir. Bütün işlərini onlayn görür. Ofisi də, idman zalı da, hovuzu da, konsert salonu da, kinoteatrı da binanın öz içindədir. Yəni bina deməyib də mini bir dövlət desək, yanılmarıq.

Əlbəttə, biz də yavaş-yavaş bu amansız urbanistik reallığa adaptasiya oluruq. Getdikcə Bakıda fəsillərin dəyişməsinin fərqinə daha az varırıq. Əvvəllər meyvələr bazarda göründükcə rəqəmlərdən kənardakı zamanı hiss edirdik, indi ilin bütün mövsümlərində marketlərdə istixanada yetişdirilən meyvələr satılır. Yeni dövrün vətəndaşı poshuman (post-insan) özünü təkcə taleyin deyil, təbiətin də əlindən alır. Qışın ortasında özü üçün yay, yayın ortasında qış düzəldir. Beləliklə, milyardlarla insan eyni cür həyat sürür, eyni qidalardan bəslənir, eyni mənzillərdə, eyni dərəcədə virtual yaşayır. 

Bəs belə bir dünyada sırf təbiətlə bağlı olan Novruz bayramı özünü hansı əlamətlərlə göstərir? Yadımdadır, hələ 21-ci əsrin başlanğıcında, yəni düz 24 il bundan əvvəl mətbuatda Novruz bayramı ilə bağlı geniş bir sorğu oxumuşdum, burada kənddə doğulub-böyüyən sənət adamları təxminən oxşar fikir səsləndirmişdilər: Şəhərdə nə Novruz? Novruz üçün həyət lazımdır, ağac lazımdır, əkin-biçin lazımdır, qulaq falına qapı, yumurta falına çay lazımdır və s. 

Doğrudan da Novruzun həm mahiyyəti, həm də konkret detalları kəndlə, torpaqla bağlıdır. Bayramın ən böyük fəlsəfəsi təsərrüfatla yaşayan kəndlinin yaz sevincidir. Kənddə, xüsusən dağ rayonlarında yaşayanlar çox yaxşı bilir ki, mart ayı ən çətin aylardandır. Qışın axırı yaxınlaşdığından insanların ərzaq ehtiyatı da, mal-heyvanın ot-alafı da tükənir. Yazın gəlişinə lap az qaldığı üçün hamı tələsir. Sayılı gün tez keçməlidir, amma keçmir. Xalq arasında mart çıxdı – dərd çıxdı ifadəsi əbəs yerə yaranmayıb.

Meyvələr də çox vaxt bayrama qədər xarab olur. Dağ rayonlarında bayrama qalanları ayrıca seçib saxlayırlar. Əslində, Novruzda qoz-fındıq, yumurta-qovurğa ona görə bol olurdu ki, bu nemətlər martın sonlarınacan qalırdı. Lakin almanı da, armudu da, hətta bəzən narı, üzümü də saxlayırdılar. Hər meyvəni bayrama çıxarmağın ayrıca təbii üsulları vardı. Bunun üçün ilk növbədə onu əllə dərib ehtiyatla qablaşdırmalı idin. Budaqdan özü düşərsə, zədələnib tez çürüyər. 

Başqa məkanda və başqa zamanda yaşayan şəhərin bir fərqliliyi də var – burada gün bir göz qırpımında keçir. İş sonsuz, adamlar çox, yollar tıxac, bir də gözünü açırsan ki, axşamdır. Həftə dünən başlayıb, bu gün sona yetir. Şəhərdə yaşamağa vaxt qalmır. Kəndin tempi başqadır. Kənddə heç kimin ürəyi tələsik vurmur. Adamlar təbii ahənglə – hər anın fərqinə vara-vara yaşayırlar. Torpaq qoxusu, çəmən qoxusu, tüstü qoxusu insanı ilahi ilkinliyində saxlayır.        

Novruzun atributlarına baxaq: səməni – yaşıllaşan torpaq, kosa-keçəl – yola saldığımız otsuz-yarpaqsız qış, rəngbərəng yumurta – al-əlvan yaz... Bunun üstünə gəl dörd ünsürü təmsil edən hava, od, su, torpaq çərşənbələrini...

Azərbaycanın bəzi bölgələrində, xüsusən Qarabağda və  Zəngəzurda axır çərşənbə az qala Novruzdan da təmtəraqlı keçirilir. Çünki son çərşənbə ilə köhnə ili yola salırıq. Qışla birlikdə dərd-qayğımız da keçib gedir. Yuyunub, təmizlənib yaza çıxırıq. Təbiət bayramla qüsllənir, paklanır sanki. Qapı-bacanı, evi-eşiyi də təmizləyib qışdan qalan zir-zibili uzağa atırıq. Özümüz də təzə paltar geyinirik. Köhnədən qalan umu-küsüləri, dedi-qoduları da unuduruq. Novruza – Yeni günə heç kim küsülü girməməlidir. Hamının içi səməni kimi yenidən cücərməlidir. Bar-bərəkət kimi xoş əhval da həyatımızın ayrılmaz atributuna çevrilməlidir. Tonqaldan atılmaq da elə budur. Ruhumuz təzələnir, təmizlənir. Adətə görə, ya gərək bir tonqaldan yeddi dəfə atılasan, ya da yeddi tonqalın hərəsindən bir dəfə. Həm də dua-zikrlərlə... Ağırlığım-uğurluğum, xəstəliyim, ağrım-acım bu tonqala tökülür və yanıb kül olur.

Coğrafiya demiş, Novruz çox geniş arealda qeyd olunur. Hər coğrafiyanın özünün də bayram ayinlərinə müəyyən əlavələri var. Bir çox yerlərdə bayramı islamla, xüsusən şiəlik və ələviliklə bağlayırlar. Novruzda İmam Əlinin qırmızı geyinib taxta çıxdığına inanırlar. Halbuki Novruzun tarixi islamdan çox-çox qədimdir. Bu bayram daha çox Zərdüştlüklə bağlıdır. Onun isə təxminən 5 min il yaşı var.

Novruzu Xızır Nəbi (bəzi coğrafiyalarda Xıdır Nəbi) ilə bağlayanlar da vardır. Məşhur “Xıdır Nəbi xaşılı” bunun bariz nümunəsidir. Bildiyiniz kimi Xızır İlyas ağ atı ilə məzlumların köməyinə çatan xilaskar peyğəmbərdir. “Aşıq Qərib” dastanında Qəribi üç aylıq yoldan Tiflisə – Şahsənəmin toyuna Xızır İlyas çatdırır. Atının dırnağının altındakı torpaqla onun anasının ağlamaqdan tutulmuş gözlərini açır. Dastanın Güney Azərbaycan versiyasında isə Xızır İlyas Həzrət Əli ilə əvəz olunub. Görünür, Novruz bayramında da oxşar tendensiya baş verib, Xızır İlyas inancı daha çox islamlaşdırılıb.

Beləliklə, biz Novruzu həm də düşüncə hadisəsi kimi görürük. Bu gözəl bayram həm də sənət hadisəsinə çevrilib. Hələ sovet qadağaları illərindən ayrı-ayrı ədəbi əsərlərdə, filmlərdə, rəsm əsərlərində və mahnılarda Novruz ayinlərinə rast gəlirik.

Bu gün isə Novruz azad, suveren vətənimizin ən böyük bayramıdır.

Novruz həm də Qarabağın və Zəngəzurun işğaldan azad olunmuş torpaqlarının zəfər rəmzinə çevrilib. Öz aramızdır, bu gün Ağalıda, Laçında, Zabuxda, Suqovuşanda, Şuşada, Xankəndidə alovlanan bayram tonqallarının bir başqa mənası var. Hələ təmir-bərpa işləri başlamamış kəndlərdə, ayrı-ayrı qapılarda və həyətlərdə də bayram tonqalları çatılır. Öz həyətlərində tonqal qalamaq üçün hava şəraitini nəzərə almadan Laçının, Kəlbəcərin ucqar kəndlərinə yollanan onlarla insan tanıyıram.

Qarabağ və Zəngəzur öz Novruzu ilə bizi həm də yağış səsi eşidilməyən göydələnlərdən təbiətə – ilkinliyə qaytarır. Çevrəmiz təkcə yurd-vətən deyil, insan-təbiət kontekstində də qapanır. Ədalətli müharibə və gözlənilən qələbə həm də insanın təbii haqqıdır.