Xocalının 32-ci ildönümündə izlədiyimiz bəzi videomateriallar buna əyani sübutdur. Baxdıqca düşünürsən: bunun qarşısında nə deyəsən, nə yazasan, nə çəkəsən?
Məncə, son otuz ildə Qarabağ haqqında hamının ürəyindən xəbər verən bir sənət nümunəsinin yaranmamasının əsl səbəbi də budur. Hadisələr təxəyyülümüzü üstələyir.
Xocalının ildönümündə sosial mediada yayılan materiallardan, bəlkə, ən dəhşətlisi, 32 il sonra öz xilaskarı ilə görüşən Kübra xanımla bağlı hazırlanan video-material oldu.
Söhbət keçmiş döyüşçü Əsəd Fərəcovun xilas etdiyi iki-üç yaşlı qızcığazdan gedir.
O öz xilaskarı ilə 34-35 yaşında – video-kameraların gözü qarşısında görüşdü.
Biz Əsəd müəllimi mərhum Çingiz Mustafayevin çəkdiyi kadrlardan və bir fotoşəkildən tanıyırıq. O, ağlaya-ağlaya uşaq meyitlərini göstərərək “Bunu da çək, bunu da çək” deyir.
Əsəd müəllim ora jurnalistlərlə gedib. Media nümayəndələrini helikopterlə aparıblar ki, Xocalı faciəsinə şahidlik etsinlər.
Əlbəttə, heç kim faciənin bu miqyasda törədildiyini gözləmirdi.
Gedib nələr gördülər...
Biz həmin jurnalistlər sayəsində 32 ildir Xocalıda baş verənlərə şahidlik edir. O görüntüləri kadr-kadr əzbərləmişik. Çoxumuz gözünü bu görüntülərlə açıb. Lakin hələ də Xocalı dünya miqyasında öz ədalətli qiymətini almayıb. Hələ də Xocalı qatilləri Ermənistanda sağ-salamatdır. Hətta onlar utanmadan siyasi fəaliyyət göstərir, hakimiyyətə gəlmək istəyirlər.
Lakin Xocalı ilə bağlı ən böyük ədalət öz yerini tapdı – bu doğma torpaq günahsız övladlarının qəddar qatilinə çevrilən qansızlardan azad edildi. Xocalıdan didərgin düşənlər öz evlərinə, öz ocaqlarına qayıtdı. Bir zaman odlara qalanan evlərin həyətində çərşənbə tonqalları alovlandı.
Biz bu il Xocalıya əvvəlki illərdən daha çox ağladıq. Çünki indiyədək Xocalı bizi ürəkdən ağlamağa qoymurdu. Biz dəhşət, heyrət, təəccüb içində qalmışdıq. Necə ola bilərdi, 21-ci əsrin astanasında bütün dünyanın gözü qarşısında belə bir dəhşətli faciə törədilir və beynəlxalq hüquq bu hadisəyə biganə qalır.
Əlbəttə, belə qanlı cinayətlər cəzasız qaldıqca yenidən təkrarlanma ehtimalı çoxalır.
Necə ki, çoxaldı və bu gün də dünyanın müxtəlif tərəflərində günahsız uşaqlar, qocalar və qadınlar həlak olmaqdadır.
Qələbədən sonra içimizdəki dəhşət və qorxu sovuşub getdi. Xocalıya qayıtmaqla öz yaramızı qucaqladıq, əlimizi vətənin ağrıyan yerinə atdıq. Dərdimizə yaxşı-yaxşı, ürəkdən ağlamaq imkanı qazandıq. Bu bizə inanılmaz yüngüllük gətirdi.
Kübra xanım həm öz xilaskarı ilə görüşdü, həm də Xocalıya qovuşdu. Ata-anasının şəhid olduğu yerə getdi. İnsan iki-üç yaşında heç nə xatırlamır. Lakin elə şeylər var ki, onu yaddaşınla deyil, bədəninlə, hüceyrələrinlə xatırlayırsan. O hisslər qanına, iliyinə hopur...
Anasının qucağında imiş. Deyib, yazıqdır, onu da götürək. Anası bərk-bərk sıxıbmış Kübranı. Son anda da onu qışın şaxtasından, düşmənin gülləsindən qorumaq istəyirmiş. Ana yəqin yeganə varlıqdır ki, öləndən sonra da balasını qoruya bilir. Ən azı bir müddət. Allahın bir Əsədi gəlib çıxana qədər. Öz bədəninin sovuşmaqda olan hərarəti ilə qızdırır övladını. Canını doğrudan-doğruya ona tapşırır. Ona əmanət edir.
Ən qəribəsi, Əsəd müəllim Kübranı ölmüş bilib. Onun balaca cəsədini düşmən tapdağında qoymaq istəməyib. Helikopterə götürüb, Ağdama gətirib. Və tanrının möcüzəsi baş verib. Ağdam məscidində meyitlər yuyulan vaxt Kübraya isti su dəyəndə ayılıb...
Əsəd müəllim bu yaşda, Allah bilir milyonuncu dəfə xatırlayır o günləri və dodaqları eyni həyəcanla titrəyir. Deyir, Ağdamın qonaq evində oturmuşdum, gördüklərimdən necə dəhşətə gəlmişdimsə, başımı biləyimin üstünə qoyub ağlayırdım, birdən gördüm kimsə əlimi öpür, başımı qaldırıb baxdım – Ağdam məscidinin axundu...
Axund xoş xəbər verir Əsəd müəllimə. Gətirdiyi uşaq ayılıb. O yaşayır. Əsəd müəllim əvvəl xatırlaya bilmir. Axı bir neçə uşaq cəsədi götürüblər oradan. Axund dəqiqləşmə aparır. Göyümtül kurtka... Hə! Xatırladı. Anasının qucağından almışdı. Həm də çətinliklə. Saçı-başı qan içində qalan qadın körpəsini elə qucaqlamışdı ki, donmuş qollarını açıb uşağı çıxarmaq asan olmamışdı.
Əsəd Fərəcov çox sevinir. O boyda faciənin içində belə bir sevinc. Dünyanın qəribə işləri var. Amma qızın taleyi ilə maraqlana bilmir. Əsas odur sağdır. Əmin əllərdədir.
Sonralar imkan düşdükcə axtarıb qızı, tapa bilməyib. Birdirmi, beşdirmi Xocalı qurbanları. Həm də o yaşda. Yaşayırmı, yaşamırmı, Allah bilir. Bəlkə, o soyuqdan, o şaxtadan, o dəhşətli hadisədən xəstəlik tapıb.
2008-ci ildən Heydər Əliyev Fondunun başladığı “Xocalıya ədalət!” kampaniyası hadisənin özü kimi onun qurbanlarına da münasibəti dəyişdi. Kim haradadır, aqibəti necədir öyrənməyə başladılar. Bu vəsilə ilə Kübra xanımı da tapdılar. Onu Xocalı ilə bağlı tədbirlərə dəvət etməyə başladılar.
Kübra xanım kiminsə onun həyatını xilas etdiyini bilirdi, lakin o adamı tanımırdı.
Bu da həmin adam.
Bu da həmin an.
34 yaşlı xanım 32 il əvvəl onu xilas edən artıq yaşlanmış Əsəd müəllimlə üz-üzədir. Kameralar bu tarixi görüşü anbaan qeydə alır. Dostoyevskinin dediklərinə canlı şahidlik edirik. Həyat son yüz ilin ən möhtəşəm filmini gözümüzün önündəcə çəkməkdədir. Deməyə söz tapmırıq. Belə anlarda yalnız göz yaşı danışır. Hamı ağlayır. Xilas olan da, xilas edən də, çəkən də, baxan da. Amma bu göz yaşlarına bir az da sevinc hopub.
32 il dözüb yaşamağın sevinci...
Ən gözlənilməz anda da nəyincə necəsə qurtula bilməsi sevinci...
Xilaskarın vaxtında yetişməsi sevinci.
Xocalıya qayıtmağın sevinci...
Ona görə bu il bir az çox oldu göz yaşımız. Bu bil Xocalı da bizə qoşuldu. Bir yerdə ağladıq 31 illik faciəmizə. Bir yerdə sevindik qovuşmağımıza.
Bir daha anladıq ki, qələbə bütün yaraların məlhəmidir.