Həqiqət başqadır, gerçəklik başqa. Ola bilər bir gerçəklik həqiqəti düzgün ifadə etməsin və ya əksinə, uydurulmuş əhvalat hədəfi onluqdan vursun.
Bizim nağıllarımız və dastanlarımız bu cür həqiqətlərdəndir.
Bir də var gerçəkdə baş verən, lakin nağıl və əfsanəyə bənzəyən dastanlar.
Aşıq Ələsgərlə Səhnəbanunun dastanı kimi...
Məhəmməd yeganə peyğəmbərdir ki, şəxsiyyəti konkret tarixi faktlarla məlumdur. Muzeydə şəxsi əşyaları, hətta saçının tükü var, məzarı var, özü ilə bir dövrdə yaşayan və onunla ünsiyyətdə olan real insanlar var. Obrazlı desək, Məhəmməd maddiləşən, materiyalaşan, magiya və sehrdən uzaq hamımız kimi bir insandır.
Aşıq Ələsgər də daha çox əfsanəvi obrazlar kimi mövcud olan başqa sənətkarlardan fərqli olaraq daha realdır. Göylərdən yerə enib, yaşadığı ev var, məzarı var, nəvə-nəticəsi var. Hətta məncə onun fotoşəklini və səs yazısını da tapmaq mümkündür. Çünki şəklini çəkiblər. Həm də iki dəfə. Səs yazısının isə Qafqaz folkloru nümunəsi kimi ruslar tərəfindən lentə alındığını və Sankt-Peterburq muzeylərindən birində saxlandığını iddia edənlər var və bu ağlabatandır. Çünki ustad 1926-cı ilə qədər yaşamışdı.
Doğrudur, o, ölümünə on il qalmış sazı əlinə almayıb. Əlbəttə, həyatında baş verən məlum faciəvi hadisələr sənətkarı həvəsdən salmışdı. Dərsliklər də belə yazır. Lakin biz tanıdığımız Ələsgər başına gələnlərdən sonra, digər böyük şairlər kimi öz sənətinə daha çox sarılmalı, təskinliyi orda tapmalı idi. Axı onun yaradıcılığı əvvəldən şadlıq-sevinc yaradıcılığı deyildi. Ümumiyyətlə, dünyada şadlıq-sevinc yaradıcılığı yoxdur. Axırıncı dəfə ələmdən-nəşəyə keçən belə nümunələri sovet mədhiyyəçiliyində gördük və yadımızda çox da saxlamadıq.
Aşıq Ələsgər yaşlandığı və əvvəlki kimi saz çalıb-oxuya bilmədiyi üçün sənətdən aralanmışdı. Biz bu faktı ustaddan əlli-altmış il sonra Xan Şuşinskidə, öz zamanımızda Habil Əliyevdə gördük.
Vaxtı gələndə susmaq – məqamında danışmaqdan daha çətindir. İllah da bizim kimi cəmiyyətlərdə ki, sənət adamlarının bir çoxu yaxşı qocalmağı bacarmırlar.
Aşıq Ələsgərlə Səhnəbanunun dastanı da o biri dastanlardan fərqli olaraq gerçək hadisədir. Onu Abbasla Gülgəzdən, Qəriblə Şahsənəmdən, Valehlə Zərnigardan fərqləndirən də budur. Lakin hadisə real olsa da, onun məğzi nağılvaridir. Sanki Tanrı Aşıq Ələsgərin şəxsində bədii obraz yaradır, süjet xəttini isə canlı həyat hadisələri ilə inkişaf etdirirdi.
Aşıq Ələsgər rəbbin bir layihəsi idi və onun Səhnəbanu ilə yaşadıqları, əslində yaşaya bilmədikləri də bu mənada istisna deyildi.
Əlbəttə, aşiq məşuqa qovuşa bilməməlidir ki, konflikt başlasın və ziddiyyət kulminasiyaya doğru irəliləsin. Aşıq Ələsgərdə də belə olur. Nökərçilik etdiyi evin qızına vurulur. Bütün valideynlər razıdır. Hətta qızın atası da bu izdivaca sevinir. Çünki onun oğlu yoxdur, qızını Ələsgər kimi (kasıb olsa da - !) ağıllı-kamallı, qanacaqlı-mərifətli bir cavana verib özünə oğul qazanmaq istəyir.
Ancaq belə dastan olmaz ki!
İşi pozan biri mütləq lazımdır.
Çünki bu Məcnun bu Leyliyə qovuşsa, dastan iki-üç səhifədən o yana keçməz.
Belə də olur. Qızın əmisi Pullu Məhərrəm qardaşının ailəsinə müdaxilə edib aşiq-məşuqu ayırır. Və o biri dastanlardan fərqli olaraq bu ayrılıq əbədi olur. Ələsgərlə Səhnəbanu ömürlərinin sonuna qədər biri-birinə həsrət qalırlar.
Ən dəhşətlisi isə Səhnəbanunun öz aqibətidir: 1918-ci ildə ermənilərin Göyçəni işğal etdiyi vaxt artıq yaşlanmış qadın piyada Kəlbəcərə qaçanda dağlarda donub həlak olur.
Şəxsən mən bu faktı ilk eşidəndə çox sarsıldım. Sanki hadisə el indicə yanımda baş vermişdi. Bundan sonra Aşıq Ələsgərin dağlara aid yüksək sənətkarlıqla yazdığı bütün şeirləri bir başqa cür göründü gözümə. Sizə desəm, ustad özünəməxsus övliya duyumu ilə bu faciələri sanki hiss edib, sözümü qəribçiliyə salmayın.
Beləliklə, Səhnəbanunun taleyi bir dastanda, bir aşiq-məşuq hekayəsində qapanıb qalmayaraq bütün Göyçənin, bütün Zəngəzurun, bütün Qarabağın və demək bütün Azərbaycanın taleyi ilə birləşir, ən doğma ağrımızın özünə çevrilir.
Aşıq Ələsgərlə Səhnəbanu dastanının sənətkarlıq tərəfinə gəlincə... Bunu sözlə ifadə etmək çətindir. Dastanın üç bənddən ibarət bircə qoşmasını gözdən keçirmək kifayət edir.
Bəzənib, qurşanıb sеyrə çıxan yar,
Ala gözlü Səhnəbanım, yavaş gеt!
Hər qıya baxanda, еvlər yıxan yar,
Cəllad olub tökmə qanım, yavaş gеt!
Mən sana aşiqəm, sən mana buta,
Dəhanın bənzəyir qəndə, nabata.
Ləbin tənə vurur abi-həyata,
Qoynu cənnət rizvanım, yavaş gеt!
Ələsgərəm, oldum dəli, divana,
At müjganın, sinəm durub nişana.
Sallanışın bənzər huri-qılmana,
Kəbəm, qibləm, din-imanım, yavaş gеt!
Təsvirlər o qədər dəqiq, duyum o qədər güclü, deyim o qədər sərrastdır ki, bədii-estetik zövqün ən alisini yaşayırsan.
İntellektual mətn deyə bir anlayış var. Daha çox romanlar haqqında deyilsə də, şübhəsiz, bütün ədəbi janrlara şamil olunur. Ən vacib göstəricisi birqatlı olmamaq, deyilənin altında deyilməyən mətləblər də barındırmaqdır. Eynən bu qoşmanın ikinci bəndinin son iki misrasında olduğu kimi.
Bildiyiniz kimi, abi-həyat dirilik suyudur. Klassik ədəbiyyatda abi-kövsər kimi də zikr olunan bu su cənnətdə bir bulaqdır və içənlərə ölümsüzlük bəxş edir. Nizami Gəncəvinin “İsgəndərnamə” poemasında İsgəndər dünyanı tutandan sonra cənnətə, məhz bu bulaqdan içib əbədi həyat qazanmağa gedir.
Bəs Aşıq Ələsgər nə deyir? Bu klassik mətləbə işarə vuraraq – göndərmə edərək, Səhnəbanıya deyir ki, sənin ləblərin o qədər gözəldir, o qədər həyat doludur, cənnətin ölümsüzlük suyuna istehza edir. Lakin məsələ bununla bitmir. Şeirin növbəti misrası mətləbi eyni dərinlikdə tamamlayaraq gerçək bir şedevrə çevrilir. Rizvan cənnət qapılarında keşik çəkən mələyin adıdır. O, təbii, hər gələni cənnət qapılarından içəri buraxmır. Səhnəbanı da öz cənnət qoynunun keşikçisidir, nə qədər sevsə də Ələsgəri bu sərhəddən keçməyə qoymaz. Və onun min illik xalq dəyərlərinə söykənən bu əxlaqi davranışı sənətkarı ayrıca təsirləndirir.
Şeirin ümumi məğzi isə bu dünyada cənnətə qovuşmağın ümumən mümkünsüzlüyünə eyham vuraraq sufist-panteist dünyagörüşünün dərinliklərinə baş vurur.
Hətta bir anlıq adama elə gəlir ki, hər şey, Səhnəbanının özü belə ucundan-qulağından azca söz açdığım mətləblər üçün bəhanədir. Lakin eşq heç vaxt bəhanə ola bilməz. Çünki vətənə, anaya, övlada, sevgiliyə bəslənsə belə ilahi məzmunludur. Aşıq Ələsgərdə isə haradan başlayır-başlasın öz ilkin məzmununa can atmaqla sanballı klassik məzmun qazanır.
Ələsgərlə Səhnəbanının əhvalatı həm də bir Göyçə dastanıdır. Göyçənin gerçək, təsirli və yüksək sənətkarlıqla yaradılmış həsrət dastanı...
Bütün sevgilər Tanrıya gedir, bütün yollar Vətənə.
Gec tez hər kəs başlanğıc nöqtəyə dönür və çevrə qapanır.