26.12.2024, 20:56
AZ EN
01.01.1970, 04:00

Laçının Yeni il qoxusu

Şərif AĞAYAR

  • Böyük amerikalı yazıçı Sorem Selincer deyirdi ki, uşaqlıq yazıçının vətənidir. Əslində isə uşaqlıq təkcə yazıçının yox, hər kəsin vətənidir. Biz bütün varlığımızla uşaqlığa məxsusuq: sevinclərimizlə, kədərlərimizlə, travmalarımızla...

Uşaqlıq xatirələri yaddaşda daha dərin iz buraxır, mixi yazılar kimi beynimizə qazılır.

Yeni illə bağlı ən çılğın xatirələrimiz də uşaqlıqla bağlıdır. İllah da mənim kimi sovet dövründə böyüyüb oxuyan uşaqların... Üstəlik ucqar bir dağ kəndində...

İndi uşaqlar çoxbilmişdir. Biz az qala məktəbə gedənəcən Şaxta Babanın gerçək olub-olmadığını dəqiq bilmirdik. Yadımdadır, kəndimizdə Yeni il şənliyi keçirilirdi. Mən də getmişdim. Birdən Şaxta Babanı bayıra çıxıb saqqalının-bığının rezinini çənəsinin altına keçirib siqaret çəkən gördüm. Necə sarsıldımsa! Hələ aktyorun, səhnənin, maskanın, qrimin nə olduğunu bilməyən bir azyaşlı üçün bunun nə demək olduğunu anlamaq elə də çətin olmamalı...

İndi düşünürəm: məhkəməlik işmiş! Mən, daha doğrusu valideynlərim, uşaqların hüquqlarını müdafiə edən təşkilatlar Şaxta Baba libasında siqaret çəkən o adamı məhkəməyə verməli idilər. İdealımı vaxtından əvvəl öldürdüyü, mənə ağır stress yaşatdığı üçün. Lakin bəzən düşünürəm ki, bəlkə də o adam özü də fərqinə varmadan mənə yaxşılıq edib. Həyatın həm də bir oyun, bir tamaşa, bir yalan olduğunu diqqətimə çatdıraraq məni gələcək və təbii, daha böyük travmalara hazırlayıb.

Laçın ardıclar diyarıdır. Şəhərin özü, demək olar ki, ardıc meşəliyində yerləşir. Yəni canlı yolkaların içində. Orada Hacıbala Abutalıbov kimi bir rəhbər olsa, yeni ildə o canlı ağacları bəzəyər, əlavə yolka qurmağa ehtiyac duyulmaz.

Bizim kənddə də ardıc vardı, lakin şəhərdəki ardıclardan xeyli balaca, kol şəklində idi. Bəlkə də nadir hallarda boyu bir metrə çatan bu bitkilərin elmi adı ardıc deyil, amma biz belə deyirdik. Gödək, yağlı və sərt tikanları vardı. Od verəndə yaşı da çartaçart yanırdı. Yeni il vaxtı adamlar əlində balaca balta evimizin qarşısındakı təpənin yaxasına – ardıclığa səpələnib yolka axtarırdılar. Uyğun ardıc tapmaq elə də asan deyildi. Çox vaxt yalnız yarım metrlik nəsə tapılardı.

O ardıcların dəhşət qoxusu vardı. Tikanları kimi sərt bir qoxu... İllah da yağış yağanda bütün kəndə, daha çox da dağın dibindəki çayın kənarında yerləşən bizim məhəlləmizə yayılırdı. Mən həm də o ardıcın qoxusundan yaranmışam. Buna əminəm. Çünki anam məcburi köçkünlük başlayanacan bütün ailə həyatını o evdə yaşayıb. O qoxuda nəfəs alıb. Mən də 15 yaşacan ardıc qoxusundan bir addım uzaq düşməmişəm. Hətta əslində mən bu məhəllədə doğulduğum üçün ardıcın tünd qoxusunun fərqinə varmamışam. Adi qəbul etmişəm. Həyətimizdən axan çayın şırıltısını da biz “eşitmirdik”. Çünki özümüz də bu səsin içində idik. Özümüz də bu səs idik. Yalnız kənardan qonaq gələndə çayın şırıltısından və tünd ardıc qoxusundan danışırdı.

Məcburi köçkünlükdən sonra ardıc qoxusu mənim ən böyük nisgillərimdən birinə çevrildi.

Bu barədə çoxlu xatirələrim var. 

Bir dəfə kompüterdə nəsə redaktə edirdim, fikrimi tamamilə yazıya vermişdim. Qəfil burnuma ardıc qoxusu gəldi və bu qoxunu o qədər gerçək hiss elədim ki, özümdən asılı olmadan sağa-sola boylandım. Elə bildim kimsə əlində iri bir ardıc otağa girib. Kompüterin yan-yörəsini yoxladım. Bəlkə, monitorun şüasından qorunmaq üçün k0aktus-filan qoymuşdular?

Heç kim və heç nə yox idi!

Koridora çıxdım, pəncərələrin qarşısında ardıc qoxusu verə biləcək bitki, gül, dibçək axtardım.

Bu bir yanılma deyildi. Hallüsinasiya deyildi. Mən o qoxunu fiziki hiss elədim. Hətta sonra belə bir ətir olub-olmadığını soruşdum.

Əminəm, o qoxu mənim öz vücudumdan gəlmişdi və tutiya kimi burnumun ucundan keçəndə fərqinə varmışdım.

Axı, dediyim kimi, mən həm də ardıc qoxusundan yaranmışam!

Laçın işğaldan azad edilməmiş hansısa jurnalistin “Öz yeriniz haqda düşünəndə ən çox nədən ötrü darıxırsan” sualına “Ardıc qoxusundan ötrü” deyə cavab vermişdim.

Vətən müharibəsindən dörd ay öncə, mayın 17-də, yəni Laçının işğal günü isə feysbukda belə bir status paylaşmışam:

“Laçında evimizlə ardıclı bir dağın arasından, söyüdərimizin dibindən çay axırdı. Mən orda doğuldum, orda böyüdüm. Çayın səsiylə, ardıcın qoxusuyla. İndi, 28 il sonra anlayıram ki, bütün o əlçatmaz dünyam bircə cümlə imiş: içindən çay səsi keçən ardıc qoxusu!”

Bu status yazılandan doqquz ay sonra kəndimizə getmək mənə qismət oldu. Çayın səsi xeyli dəyişsə də yerində idi, ardıclar isə ümumiyyətlə yoxa çıxmışdı və bu yoxluq mənə bir çaya iki dəfə düşmək olmaz deyimini xatırlatdı. Zaman o zaman deyildi və dağılmış evlər, şax-şəvəl basmış həyətlərlə bir yerdə ardıcların yoxluğu da bu həqiqəti mənə ahəstə pıçıldayırdı. Həyətimizdə ardıcların özünün də, qoxusunun da boşluğunu hiss etdim. Hətta ürəyim sıxıldı. İlk gedişimdə çox qala bilmədim həyətimizdə. Amansız duyğu idi.

Ancaq başqa dağlar, başqa yamaclar öz vəfalı bitkilərinə sadiq qalmışdı – ardıclar oralarda yoxa çıxmamışdı.

Yeni il həm də Laçındakı ardıcların qoxusu ilə həkk olunub yaddaşıma. İndi sosial şəbəkələrdə və saytlarda Laçında keçirilən Yeni il şənliklərini, yolkaları görəndə bu qoxu yenə burnumun ucunda tütüyür, ardıc qoxusunun həsrəti burnumun ucunu göynədir.

Qoxu yaddaşı çox güclüdür, biləsiniz...

Biz vətəni həm də qoxusu ilə doğma bilirik.

İnsan on minlərlə rəng çaları görür.  Eyni zamanda bu qədər qoxu hiss edir. Misal üçün Bakı ilk dəfə xlor qoxusu ilə qalıb yadımda. Və içimdə xlor qoxusu ilə ardıc qoxusunun amansız mübarizəsi gedib. Aranda – Ağcabədidə isə məcburi köçkün kimi gəldiyimiz əraziləri daha çox toz və bataqlıq qoxusu ilə xatırlayıram.

Biz fərqinə vardıq-varmadıq, doğma qoxuları itirib yad qoxulara alışmağın da əzabını yaşamışıq.

Bu gün Laçınla birlikdə ardıc qoxusuna da qovuşmuşuq. Artıq onun həsrətini əvvəlki kimi çəkmirik. İndi yanımda deyilsə də, o ardıcların öz qoxusu ilə birlikdə Laçında olduğunu bilirəm və istədiyim vaxt gedib qoxulaya bilərəm.

Əsas sevdiyin bir şeyin yanında olmağı deyil, onun əlçatanlığına əmin olmağındır.

Zaman o zaman deyil, düzdür, ancaq Laçın həmin Yeni ilini həmin ardıclarla bir yerdə yenə keçirir, mən isə bu sirli qoxuya əbədi həsrət qalmadığın üçün Tanrıya şükürlər edirəm.