26.12.2024, 19:58
AZ EN
13.12.2023, 15:00

Dəlisinə yiyə duran kəndlər

Şərif AĞAYAR

  • Onu hələ neçə il əvvəl iki misrası ilə tanımışdım. Ədəbiyyat belədir. Bir bənd, bir beyt, bir misra, bəzən bir ifadə səni əbədi yaşada bilir. Məsələn, indi şəxsən dostluq elədiyim şair Əlisəmid Kürü ilk dəfə “Zahı buludlar” ifadəsindən tanımışam. Bəli, bu birinci növ təyini söz birləşməsi onu şair kimi qəbul eləməyimə yetib. Sonra arxası gəlib, yəni Əlisəmidi oxumağa başlamışam, görmüşəm yanılmamışam.

Şair Salam Sarvanı isə “Torpaq yeyir bizi bişdik, bişmədik/Gedirik bir taxta qaşıq içində” misraları ilə nəinki tanımış, hətta sevmişəm. Ədəbiyyata yeni bir nəfəs gəldiyini duymağım da öz yerində. Klassikadan da çoxlu belə nümunələr çəkə bilərəm. Hətta “La ədri” deyilən nümunələrin müəllifinin kimliyi məlum deyil, ancaq misralar yaddaşlarda yaşayır.

Zahid Muxtarı isə bir çox oxucular kimi mənim də könlümə aşağıdakı bəndi ilə yol tapıb:

Kəpəzin başına dolanım, ellər,

Kəpəzdən Kəlbəcər qoxusu gəlir.

Bir çadır dəyədə, bir gur yağışda,

Adamın nə qəşəng yuxusu gəlib.

Türklər belə yerdə çox qəşəng bir söz işlədirlər: tam isabət! Nöqtə atışı da deyirlər eyni kontekstdə. Söz bazası o qədər də geniş olmayan aşıq şeirində gündəlik işlətdiyimiz sözlər daha bir tanış versiyada bizi heyrətləndirə bilir. Cızılan peyzaj isə çox doğru, çox dəqiq və çox təsirlidir. Bunu çadır dəyədə yağış görənlər yaxşı bilər.

El şairlərinin orta çağdan üzübəri bir xoşbəxtliyi var, yaxşı şeir yazdılarmı üzünü çıxardıb və ya çap edib yaymağa ehtiyac qalmır, aşıqlar onu dərhal görür, uyğun havacatda oxuyub aləmə car çəkirlər. Saz havacatlarında mahnılardan fərqli olaraq hecası və bölgüsü uyğun gələn müxtəlif şeirlər oxumaq mümkündür. Çünki burada sözün sənətkarlıq məziyyəti musiqidən geri qalmır, hətta bəlkə ondan daha irəlidir. Saz çalmaqdan əvvəl müşayiət edir. Nəyi? Əlbəttə, sözü. Təzə sözü. Daha doğrusu, köhnə sözün yeni versiyasını.

Bu o vədələr idi ki, Bəhmən Vətənoğlu, Sücaət yurddan cüda düşməyin ürək parçalayan kədərini misralara tökürdülər. Öz ürəkləri də boşalırdı, oxucuların da səbbini alırdılar. Və dildə-ağızda dolaşan ən məşhur, ən gözəl şeirlərin durna qatarına Zahid Muxtarın haqqında bəhs etdiyim qoşması da qoşula bildi. Bu heç də asan deyildi! Söhbət minlərlə el şairinin can atdığı, onlardan yalnız birinin, ikisinin qovuşa bildiyi əbədiyyət cənnətindən gedir. Burada ədalətsizlik ola bilməz. Çünki seçən də xalqdır, sevib yaşadan da. Onun möhür qoyduğu sənəd hər bir zaman üçün keçərlidir. Xalqın verdiyi pasport bütün zamanların şengen vizasıdır. 

Zahid Muxtarın mərhum xalq şairi, yaddaşı ilə hamımızı heyrətləndirən Zəlimxan Yaqubun da tez-tez əzbər söylədiyi bir şeiri də var. Sonuncu bəndi belədir:

Tamam havalanıb dərddən, qəhərdən,
Daha Zahid Muxtar çıxıb təhərdən.
Başını götürüb qaçır şəhərdən,
Di çağır yiyə dur dəlinə, kəndim.

Gözəlliyi və səmimiyyəti gördünüz? Üstəlik, bu gözəllik və səmimiyyətin nəticəsi kimi əldə olunan poetik ecazı... Dəli ifadəsi nə qədər yerinə düşür. Əlbəttə, biz dəli olmamışdıq, lakin yaşadığımız həyat insanı havalanmaq dərəcəsinə çatdırırdı. Yəqin eşitmisiniz, dilimizdə “dəlinə yiyə dur” ifadəsi var. Bizim kənddə bir dəli vardı, qaçaqaçda gəlmədi, qaçıb kəndin meşələrində gizləndi. Dəlinin kəndindən didərgin düşməsi tamam ayrı mövzudur. Çünki kənd dəlisini ovcunun içi kimi tanıyır, xasiyyətini bilir, onu bütün hallarda yola verir. Dəlinin başqa bir kəndə adaptasiyası, haradasa mümkünsüzdür. Şeir də ona işarə vurub, sağlam insanların da yurd-yuvasız yaşaya bilmədiyini diqqətə çatdırır. Mən sənin öz dəlinəm, çağır yiyə dur mənə, məni tanımadığım insanların, bələd olmadığım yerlərin ümidinə qoyma, burda yaşaya bilmirəm, buralar mənlik deyil... Çağır məni. Çağır yiyə dur mənə. Adam dəlisini atmaz. Bəli, məhz adam. Çünki şeirdə kənd tamam insanlaşıb. Axı kənd təkcə evlər, yollar, küçələr, həyətlər, bağlar, biçənəklər deyil, həm də insanlardır. Zahid Muxtar kəndim deyəndə bunların hamısını və daha çox insanları nəzərdə tutur.

Kənd onu çağırdı. Yiyə durdu. Sosial şəbəkələrdə əli ilə adını çəkdiyi dağı, dərəni, bulağı, çayı, qayanı, meşəni göstərə-göstərə həmd-səna qıldı. Əlbəttə, şeirlə. Şairin zikri şeirlədir. Amma Zahid Muxtarın şeirlərindəki sevinc pafosa bürünmüş ritorik sevinc deyil. Nə isə qazanmaqdan çox, ağrıdan, əzabdan, işgəncədən can qurtarmağın sevincidir. İçində həm də doğma bir kədəri daşıyan, közərdən, qəmin istiliyindən tamam üzülməyən sevincdir.
 

Nə yaxşı görüşdük, a doğma kəndim,
Bu xoş güzarların qurbanı canım.
Sənin həsrətinlə bir el itirdim,
Qərib məzarların qurbanı canım,

 

Əl-əl gəzdi oldu dillər əzbəri,
Od nəfəsli şeirləri, sözləri,
Bir qərinə qan ağladı gözləri,
Dərdli yazarların qurbanı canım.

 

Zahidəm qoynunda boya çatmışam,
Dağında, düzündə at oynatmışam.
Səndə könül alıb, könül satmışam,
Gözəl bazarların qurbanı canım.

Sadə, kəndçi görünüşünə aldanmadan şeirlərindəki savadlı nizamdan şübhələnmişdim, ali təhsili varmış. Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini bitiribmiş. Uzun müddət Gəncədə işıq üzü görən “Kəlbəcər harayı” qəzetində işləyib. İndi də həmin qəzetin baş redaktorudur.

Tanrı peyğəmbər yaşında ona Kəlbəcəri görməyi, şeirlərində həsrətlə yad etdiyi axar-baxarlı dağları gəzməyi nəsib edib. Bu, əlbəttə, böyük xoşbəxtlikdir. İnterner platformalarında bir videomaterialı da yayılıb, qaçqınlıq vaxtı yaşı az olduğu üçün kəndi yaxşı xatırlamayan oğluna öz evini göstərir. Min bir əziyyətlə başa gətirdiyi evin dağılmasına üzülmür, həyətdə bitən ağaclara sevinir.

Şair dərdi də, sevinci də yerli-yataqlı yaşayandır.

Eyni zamanda, sonuncu nümunədə göründüyü kimi, Kəlbəcər həsrəti ilə yazıb-yaradan və dünyadan Kəlbəcərsiz köçüb-gedən şairləri də yada salır. Onların bu gözəl günləri görmədiyinə təəssüflənir.

Zahid Muxtar hər gün azı on dəfə işlətdiyimiz söz və ifadələrlə bizi heyrətləndirmək iqtidarındadır. Sizə deyim, orijinal şeirlə müqyisədə bunun da öz çətinliyi var. Nəhənglərin getdiyi bir yolda iz qoymaq hər oğulun işi deyil. İllah da Kəlbəcər kimi şeirə, sözə görə məəttəl olmayan bir məmləkətdə...

Həmişə deyirəm, Qarabağı da, Şərqi Zəngəzuru da musiqi və şeiriyyat geri qaytardı. Çünki unudulmağa qoymadı. Bu həsrəti otuz il boyu gözümüzdə-könlümüzdə diri saxladı. Zahid Muxtar da illərini qızırqalanmadan Kəlbəcər həsrəti ilə yandı-tutuşdu və bizi də yandırıb-tutuşdurdu. Onun vətən üçün nəğmə kimi qoşduğu təbii və gözəl şeirlər o orpqalar azad olunandan sonra da aktuallığını itirmir. Əksinə, qayıdışla, qələbə ilə səsləşir, buna nə qədər ehtiyac duyduğumuzu açıq şəkildə göstərir.