26.12.2024, 20:54
AZ EN
30.11.2023, 12:30

Dekabrın ilk günü düşündüklərim

Şərif AĞAYAR

  • Dünya şöhrətli yazıçı Stiven Kinqin “Yazı sənəti” adlı məşhur bir əsəri var. Ədəbiyyatla, yaradıcılıqla məşğul olanların bir çoxu oxuyub bu əsəri. Hətta “Yazı sənəti” bəzilərinin stolüstü kitabıdır. Mən də bir gün Stiven Kinqin yazıçılara verdiyi tövsiyələri oxumaq istədim, lakin ilk cümlədəcə kitabı qatlayıb bir kənara qoydum. Qəti şəkildə əmin oldum ki, bu kitab dünyanın bütün yeni yazarlarına nə isə öyrətsə belə, mənə heç nə öyrədə bilməyəcək.

Onun ilk cümlə belə idi: “1992-ci ildə həyatımda çox fərəhləndirici bir hadisə baş verdi...” Mən heç bu “fərəhləndirici hadisənin” nə olduğunu da oxumadım. Çünki həmin il mənim, ailəmin, qohum-əqrəbamın həyatı alt-üst olmuşdu: doğulub böyüdüyüm Laçın rayonu erməni silahlıları tərəfindən işğal edilmişdi. Həmin il həyatında fərəhləndirici bir hadisə baş verən yazıçı lap dahi də olsa mənə heç nə öyrədə bilməzdi. Bizi taleyin amansızlığı ayırırdı.

O, dəmdən-dəmə deyirdi, mən qəmdən-qəmə.

O, yazı texnikası öyrədirdi, mən yazmağa yeganə çıxış yolu kimi baxırdım.

İnsan geni ilə valideynin, qanı ilə millətinin, ruhu ilə tanrının övladıdır. Məcburi köçkünlük bizə elə bir rəzalət yaşatdı ki, oğul ananı yolun içində qoyub qaçdı, qardaş-qardaşa yiyə durmadı, vətən-millət talana verildi... Ədəbiyyat mənim üçün Tanrıya bağlanmışdı sonuncu bağ idi və məni məhv olmağa qoymurdu. Mən ona sənət kimi yox, ibadət kimi, dua kimi baxırdım. Bu sözlər ilk baxışdan təntənəli səslənə bilər, lakin bu ömrü düşmənimə də arzu etmirəm.          

Və bu rəzaləti bizə Laçınsızlıq – yurdsuzluq, yuvasızlıq, köçkünlük yaşatmışdı.

Laçınsızlıq elə bir dərd idi ki, onun mötəbər dərmanı yalnız özü ola bilərdi.

1992-ci illə bağlı daha bir qəribə xatirəm var. Təzə qaçqın düşüb Ağcabədi rayonunda məskunlaşmışdıq. Mən “Laçın” rədifli bir qoşma yazdım və o vaxtlar İsmayıllı rayonunda nəşrini davam etdirən “Laçın” qəzetinə göndərdim. Şeir çap olundu və biz tərəfin aşıqları onu saz üstündə oxumağa başladı. Sonralar qoşma ilə, ümumən şeirlə yollarım ayrıldı. Yazdıqlarımı söz-söz, misra-misra deyil, bənd-bənd, şeir-şeir, silsilə-silsilə unutdum.

Lakin aradan haradasa 25 il keçəndən sonra unutduğum şeirlər yaddaşımın mamır basmış dərinliyində qımıldamağa başladı. “Laçın” rədifli şeir də yadıma düşdü. Bütün bəndləri xatırladım, yalnız sonuncu bənd yadıma düşmədi. Evsizlik üzündən o qədər də səliqəli olmayan arxivimi töküşdürdüm, şeir dəftərimi güc-bəla tapdım. Unutduğum bəndi bu idi:

Söz qoşam qoynunda hər daşa, dağa,

Saralan çiçəyə, solan yarpağa,

Yatam qucağında, dönəm torpağa,

İtməyə qəlbimdə inam, ay Laçın

Məskənim, beşiyim, anam, ay Laçın!

Niyə bütün bəndlər yadımda qalmışdı, bu bənd yox? Çünki mən Laçına qayıtmaq ümidini tamam itirmişdim. Nə gizlədim, belə idi. Gəncliyimdə xüsusilə bu mövzuda inamsız idim. Ancaq indi içimdə nə isə közərirdi və bu bəndi unutmağımla günah etdiyimi düşünməyə başlamışdım. Sanki Laçının əbədi işğalda qalmasına özümdən xəbərsiz razılaşmışdım. Satqınlıq eləmişdim. Ən azı bizə qayğısız bir ömür borclu qalan səadət mələklərini məsuliyyətdən azad etmişdim.

Səhvimi anladım və yaşadıqlarımı “Laçın haqda dörd misra” adlı bir yazıya köçürüb 2019-cu ilin 17 mayında – Laçının işğal günü kulis.az saytında yayımladım. Yazının son cümlələri belə idi:

“Laçının işğalının 27-ci ildönümündə Tanrının və siz oxucuların qarşısında söz verirəm – bu bəndi bir daha unutmayacam!”

Yazının yayımlanmasından bir il sonra 44 günlük vətən müharibəsi başladı, müharibənin 36-cı günündə – 2020-ci il dekabrın 1-də Laçın düşmən işğalından azad olundu və mübarək azadlığın 4-cü ayında – Novruz bayramı günlərində mənə həm Laçını, həm doğma kəndimizi ziyarət etmək xoşbəxtliyi qismət oldu.

Çapından düz 30 il sonra “Laçın” şeiri işğaldan azad olunub abadlaşmış Laçın şəhərində şəhər günü ilə bağlı keçirilən təntənəli tədbirdə Aşıq Samirənin rəhbərlik etdiyi aşıqlar qrupu tərəfindən mötəbər qonaqların, o cümlədən Ali baş komandan İlham Əliyevin hüzurunda oxundu.

Mən səbəb-nəticə əlaqələrinə inanan adamam. Bütün varlığımla əminəm ki, bu şeir üçün o peşmanlığı yaşamasam, o yazını yazmasam, belə bir mötəbər tədbirdə oxunmayacaqdı.

O inamsızlıqdan hamılıqla qurtulmasaq, torpaqlarımız işğaldan azad olunmayacaqdı.

Səbəb-nəticə əlaqələrinə inanan biri üçün heç nə təsadüfi deyil. Eləcə də hansı hadisənin hansı ildə və hansı gündə baş verməsi...

Baxıram təqvimə, 1 dekabrda çox şeylər olub. Fələstinin bayrağı ucaldılıb, Vudi Allen doğulub, Məmməd Araz dünyasını dəyişib... Daha nələr, nələr... Həm də Laçın azad edilib. Mənim üçün hadisələrin ən böyüyü... Ən dəyərlisi...

Artıq Stiven Kinqin “Yazı sənəti” kitabını rahatlıqla oxuya bilərəm.    

Atalar necə deyirdi? Əvvəlin gəlincə axırın gəlsin. Ən kədərli nağıllar yalnız o vaxt adamın könlünü açır ki, axırı nikbin bitsin. Buna görə bütün nağılların sonu gözəldir. Nağılları yaşadan bu pozitiv ruhudur. Həyatımızda da nağılvari hadisələr baş verəndə xoşbəxt oluruq. Laçın dəhşətli Qarabağ vaqeəsinin nikbin finalıdır. O, coğrafi baxımdan da vətənimizin ən ucqarındadır.

Yolun uzaqlığına və narahatlığına baxmayaraq, hər gün Laçına müxtəlif sahələrdə çalışan ictimai aktiv insanlar gedir, şəkillər, videolar və yazılar paylaşırlar.

Bu adamların bir çoxu isə burada məskunlaşıb yaşayır.

Azad, abad Laçında...